Onlayn ictimai-siyasi qəzet
Fransada İslam dünyasını hiddətləndirən daha bir təxribat hadisəsi baş verib. İyunun 2-nə keçən gecə Lion şəhəri yaxınlığındakı Viyerban bölgəsində yerləşən “Ərrəma” məscidində naməlum şəxs Qurani-Kərimi oğurlayıb və onu məscidin qarşısında yandıraraq hadisə yerindən qaçıb. Hadisənin sübh azanından təxminən 20 dəqiqə əvvəl baş verdiyi bildirilir. Ron Departamenti Məscidlər Şurası bu hərəkəti “nifrət zəminində törədilən hücumlar zəncirinin bir halqası” adlandırıb. Şuranın yaydığı açıqlamada qeyd olunub ki, Fransada müsəlmanlara qarşı artan nifrət və düşmənçilik artıq təhlükəli həddə çatıb. Bu hadisənin sadəcə bir fərdi təxribat deyil, sistemli islamofob nifrətin təzahürü olduğu vurğulanıb.
Təəssüf doğuran məqam isə budur ki, bu cür hadisələr ilk dəfə baş vermir. Fransada Quranın yandırılması və müsəlmanlara qarşı zorakı münasibət artıq uzun illərdir ki, davam edən bir tendensiyaya çevrilib.
Fransada Quranın yandırılması ilə bağlı oxşar hadisələr daha əvvəl də qeydə alınıb. 2010-cu ildə Strasburq yaxınlığında yaşayan bir blogger Qurani-Kərimi yandırıb, üzərinə sidik ifraz edərək bu iyrənc əməlini videoya çəkib və sosial şəbəkələrdə yayımlayıb. Bu addım Fransada və İslam aləmində böyük hiddət doğurmuşdu. Bloger məhkəməyə verilsə də, hadisənin ardınca heç bir əhəmiyyətli cəza tədbiri görülməmişdi.
2015-ci ildə isə ölkənin cənub-şərqində yerləşən Var bölgəsində bir qrup radikal sağçı şəxslər “Ərəblər, rədd olun!” və “Bu bizim evimizdir!” kimi irqçi və nifrət dolu şüarlarla müsəlmanlara məxsus ibadət otağını dağıtmış, orada saxlanılan Qurani-Kərimi təhqir etmişdilər. Bu hadisə Fransada dini tolerantlığın zəifliyinin və islamofobiyaya qarşı ciddi tədbirlərin olmamasının simvolu kimi qiymətləndirilmişdi.
Fransada müsəlman icması təxminən 6 milyona yaxındır. Onlar uzun illərdir ki, həm sosial diskriminasiya, həm də dini nifrətlə qarşı-qarşıyadırlar. Məscidlərə edilən hücumlar, hicab və digər dini atributlara qarşı tətbiq edilən qadağalar, eləcə də dövlət səviyyəsində sərgilənən laqeydlik İslam dünyasında Fransaya qarşı güclü etimadsızlıq yaradıb.
Son təxribat hadisəsi fonunda Fransa Müsəlmanları Şurası, hüquq müdafiəçiləri və ictimai xadimlər ölkə hakimiyyətini sərt tədbirlər görməyə çağırıb. Onların sözlərinə görə, artıq bu cür vandalizm aktları tək-tək fərdlərin işi deyil, sistemli şəkildə həyata keçirilən ideoloji nifrətin nəticəsidir.
Ölkədə Qurani-Kərimin yandırılması ilə bağlı baş verən hadisələr bir daha göstərir ki, islamofobiya təkcə söz və təbliğat səviyyəsində deyil, artıq fiziki təxribat və zorakılıq mərhələsinə keçib. Bu isə təkcə Fransada yox, bütün Avropada müsəlmanlarla qeyri-müsəlmanlar arasında dərin uçurumların yaranmasına səbəb olur.
Bu kontekstdə Fransa hakimiyyətinin məsuliyyəti daha da artır. Hüquq-mühafizə orqanları təxribatçıların dərhal aşkar olunması və cəzalandırılması istiqamətində ciddi işlər görməli, dövlət isə cəmiyyət daxilində dini dözümlülük və birgəyaşayış prinsiplərini təşviq etməlidir. Əks halda, Avropa İttifaqının mərkəzində yerləşən və özünü insan haqlarının qarantı kimi təqdim edən bir ölkədə belə hadisələrin adi hala çevrilməsi, yalnız Fransanın daxili sabitliyi deyil, beynəlxalq imici üçün də ciddi təhdidə çevriləcək.
Millət vəkili Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Quranı yandırmaq cahillikdir: “Quranı yandırmaqla onun hikmət və məzmununu kiçiltmirlər. Lakin mənəvi kontekstə bu, terrordur. Nəticə etibarı ilə islama, sülhə nifrətdir. İnsanın içində nə qədər böyük nifrət olmalıdır ki, sülhü təbliğ edən bir kitabı yandırsın. Bu da Fransadakı ümumi mənəvi -ictimai ab-hava ilə bağlıdır. Həmçinin Avropada hüququn və multikultural dəyərlərin olmadığını göstərir. Belə hadisələrdən sonra Fransanın demokratiya ilə öyünməyə haqqı yoxdur. Bütün bunlar özlüyündə cinayət tərkibi daşıyır.
Bu cür hadisələrin geniş vüsət almasının səbəblərindən biri də Fransanın müvafiq qurumlarının belə hərəkətləri edənləri hüquqi kontekstə lazımı qədər cəzalandırmaması ilə bağlıdır. Fransadakı ictimai mühit bu cür şəxsləri motivasiya edir və qəhrəmanlaşdırır. Fransa polisi isə heç bir tədbir görmür. Belə addımlar islamın mahiyyətini kiçiltmir, əksinə, islamı təbliğ edir. Ümumilikdə isə Quranı yandırmaq mənəvi terrordur, bunun başqa adı yoxdur”.
Deputat deyir ki, belə hərəkətlər təxribat xarakterlidir: “Bir hərəkət əks hərəkəti doğurur. Çalışırlar ki, bir müsəlman da xristian inancına qarşı hərəkət etsin və nəticədə cəmiyyətdə qarşıdurma yaradılsın, nəticədə müsəlmanların Fransada hüquqları məhdudlaşdırılsın. Məsələ bundadır ki, islamda xristian dini təkzib olunmur. Əsla heç bir müsəlman İsa məsihin yazdığı kitabı təhqir etməyəcək. Ona görə də Avropa belə təxribatlara son verməlidir. Mənəvi dəyər və insan hüquqlarına tamamı ilə ziddir”.
Qeyd edək ki, son illər Avropanın ayrı-ayrı ölkələrində İslam dininə və müqəddəs kitabımız olan "Qurani-Kərim"ə qarşı açıq düşmənçilik nümayiş etdirilməkdədir. İsveçdə, Danimarkada və Norveçdə müqəddəs kitabın yandırılması hallarına tez-tez rast gəlinir.
Azərbaycan belə ölkələrdən fərqli olaraq, bütün dəyərlərə, o cümlədən dinlərə, dini adət-ənənələrə, səmavi kitablara dərin hörmətlə yanaşır. Hətta torpaqlarımızı 30 ildən çox işğal altında saxlayan və minlərlə azərbaycanlının ölümünə səbəb olan ermənilərin kilsələri, qəbirləri də saxlanılır. Təkcə Bakı şəhərində xeyli sayda kilsə və sinaqoq açıq şəkildə fəaliyyət göstərir, həmin dinlərin nümayəndələri sərbəst şəkildə öz ibadətlərini yerinə yetirirlər.
Şahanə Rəhimli
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ