Onlayn ictimai-siyasi qəzet
Gəncədə məktəbli Elgün İbrahimovun müəmmalı ölümü ölkədə geniş rezonans doğurub.
Mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və intensiv ibtidai istintaq tədbirləri aparılır.
Musavat.com xəbər verir ki, bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Qeyd edilib ki, hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir, habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib: “Bununla belə, təəssüf hissi ilə qeyd olunur ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırkı mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır.
Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajiotaja səbəb olur.
Bildiririk ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilmiş ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha xatırladır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.
Odur ki, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur.
İbtidai istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Bilinən budur ki, Elgün İbrahimovu mayın 12-də huşsuz vəziyyətdə Gəncədəki peşə məktəbinin həyətində mühafizəçi aşkarlayıb. Ərazini gəzən mühafizəçi inilti səsini eşidib və yerdə uzanılı vəziyyətdə, başında, bədənində xəsarət izləri olan şəxsi görüb. Dərhal polisə və təcili yardıma xəbər verilib. Elgün İbrahimov xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq məktəbli aldığı çoxsaylı xəsarətlərin təsirindən xəstəxanada dünyasını dəyişib.
Mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgün İbrahimovun döyülərək tanınmaz hala salındığını deyib:
“Başı yox idi uşağın. Tikə-tikə idi, tanınmaz halda... Gözü yerdə imiş. Ciyəri partlayıb, ağciyəri, qaraciyəri... Qabırğaları qırıq-qırıq idi. Bu, insan işi deyil. Döyülübsə də, dəmirlə döyüblər. Amansızcasına, vəhşicəsinə... Uşaq universitetə hazırlaşırdı, bizim ümidimiz idi. İmtahanının birini vermişdi. Davakar deyildi, bir az zəif uşaq idi. Oxumağa meyilli, çox savadlı idi”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 13-də, gecəyarısında 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub:
“Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10-da pasiyentin ölüm faktı qeydə alınıb.”
2007-ci il təvəllüdlü Elgün İbrahimov Gəncə şəhər 34 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alıb.
Rus sektoru üzrə təhsil alan Elgün İbrahimov 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanında yüksək bal toplayıb. Elgün İbrahimov təhsil almaqla yanaşı, həm də işləyib.
O, Gəncədə Şah İsmayıl Xətai prospektində ailəsi ilə kirayə mənzildə yaşayıb. Ölkəni silkələyən müəmmalı ölümdən sonra sosial şəbəkələrdə “Elgün üçün ədalət” şüarı ilə kampaniyalar başladılıb və ictimaiyyət hadisənin ədalətli araşdırılmasını tələb edir. Ailə və yaxınları günahkarların layiqli şəkildə cəzalandırılmasını istəyir.
Musavat.com xəbər verir ki, Elgün İbrahimovun bədənində üzərindəki xəsarət izlərinin daha çox hansı cinayətə xarakterik olmasını məhkəmə tibb ekspertizasının verdiyi rəylə müəyyən etmək mümkündür.
Azərbaycanda daha əvvəl məktəblinin bu cür zorakılıqla öldürülməsi halları olubmu?
Azərbaycanda zaman-zaman məktəblilərə qarşı zorakılıq hadisələri baş verib, lakin Elgün İbrahimovun ölümü istisna dərəcədə amansız və qəddar xarakter daşıyır.
Əvvəllər məktəblilər arasında dava nəticəsində ölüm hadisələri, təsadüfi zorakılıq, özünəqəsd hallarına rast gəlinib. Amma bir məktəblinin ağır şəkildə döyülməsi, tanınmaz hala salınması baş verməyib.
Bu baxımdan, Elgün İbrahimovun ölümü Azərbaycan cəmiyyətində geniş rezonans doğurub.
Bu cür xəsarətlər avtoqəza nəticəsində meydana gələ bilərmi?
Musavat.com əməkdaşı bu sualla bir neçə keçmiş istintaqçıya müraciət edib.
İstintaqçıların qənaətinə görə, avtomobil qəzası zamanı zərərçəkənin bədəni üzərində çoxsaylı xəsarətlər ola bilər.
Məsələn, qapalı kəllə-beyin travması, qabırğa sınıqları, daxili orqanların zədələnməsi, çoxsaylı bədən əzilmələri və s.
Bu, xəsarətlər avtomobil qəzasında xəsarət alan şəxslərdə rast gəlinən çox ağır travmalardır. Belə bir travmalar yüksək sürətlə avtomobillər vurulma zamanı baş verə bilər. Avtomobilin insanın üstündən keçməsi, sürüməsi, ciddi mexaniki parçalanma ilə müşayiət oluna bilər.
Avtomobil piyadanı vurduqdan sonra sürümüş olduqda, bədəni üzərində dəri sıyrıqları və sürtünmə izləri, sümük sınıqları, daxili qanamalar və zədələnmələr, meydana gəlir.
Mümkündür ki, Elgün İbrahimov avtoqəza qurbanı olub. Sürücü onu xəstəxanaya çatdırmaq üçün hadisə yerindən götürüb. Lakin xəstəxanaya apararkən onun durumunun ağır olmasını nəzərə alıb və ya cəzadan qorxduğu üçün peşə məktəbinin həyətində köməksiz vəziyyətdə qoymaqla qaçıb. Hər halda hüquq-mühafizə orqanları bütün mümkün versiyaları araşdırır. İstintaqın tez bir zamanda ictimai rezonans doğuran cinayətin üstünü açacağı da şübhəsizdir.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ