İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər hansı kitabları, hansı müəllifləri və necə oxuyurlar? - sorğu

Bir neçə gün öncə şair-naşir Şəhriyar del Gerani sosial şəbəkədə status yazaraq, “Park” nəşriyyatının nəşr etdiyi kitablara oxucu etinasızlığından giley etmişdi. Bu, artıq bəlli bir gerçəkdir ki, kitab oxuyanların sayı xeyli azalıb. Xüsusilə də müasir gənclərin çox az mütaliə etdikləri barədə geniş yayılmış qənaət var.

Ancaq tələbə gənclər arasında apardığımız sorğunun nəticələri göstərir ki, mütaliə onların həyatlarının əsas parçasıdır. Sorğuda iştirak edən gənclərin bir hissəsi həftənin çox hissəsini mütaliəyə həsr etsələr də, bir qismi yalnız həftə sonları kitab oxuduğunu bildirir. Onların çoxu kitabları mağazalardan əldə etdiklərini, digərləri isə kitabxanalarda oxuduqlarını qeyd edirlər. Elektron kitabları onlayn şəkildə oxuyanlar da var.

Gənclər əsərlərini oxuduqları yerli yazarların adlarını çəkərkən aşağıdakı müəllifləri qeyd etdilər: Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, İlyas Əfəndiyev,  İsmayıl Şıxlı, İsi Məlikzadə, Anar, Elçin, Çingiz Abdullayev, İlqar Fəhmi, Cavid Zeynallı, Rövşən Abdullaoğlu, Elxan Elatlı...

Xarici yazıçılara gəldikdə isə, tələbə gənclər daha çox Lev Tolstoyun, Fyodr Dostoyevskinin, Aleksandr Puşkinin, Stefan Sveyqin, Cek Londonun, Masaşoi Kişimotonun, Anton Çexov, Şekspir, Den Braunun, Franz Kafkanın, Corc Oruellin, Osamu Dadzay, Ernest Hemingueyin, Mark Tvenin, Aqata Kristinin, Helbert Uellsin yaradıcılığına müraciət edirlər.

Orası da var ki, dərs proqramlarının ağırlığı tələbə gənclərin bədii, publisistik və memuar ədəbiyyatın mütaliəsinə ayırdıqları vaxtı məhdudlaşdırır. Bu səbəbdən bəzi gənclər alternativ olaraq səsli kitablardan istifadə etdiklərini, ictimai nəqliyyatda  və ya hər hansı bir işlə məşğul olduqları zaman kitab dinlədiklərini bildirirlər.

Bəs kitab nəşri ilə məşğul olan naşirlər oxucu fəallığını, daha dəqiqi, alıcı olan oxucuların aktivliyini necə qiymətləndirirlər?

“Mimta” yayım evinin satış meneceri Mehman Abıyevin sözlərinə görə, son illər bir neçə janr xüsusilə populyarlaşıb: “Əsasən gənclər fərdi inkişafa dair fəlsəfi-psixoloji əsərlərə meyllidirlər, bədii ədəbiyyatdan isə daha çox elmi-fantastika janrı ön plana çıxır. 15-18 yaş arası oxucular daha çox xarici müəlliflərə maraq göstərsə də, qeyd olunan yuxarı yaş qruplarında həm yerli, həm də xarici yazarların əsərləri seçilir. Ənənəvi kitab çapı hələ də aktualdır və belə görünür, uzun illər belə qalacaq. Təcrübə göstərir ki, e-kitab uzunmüddətli mütaliədə əlverişli deyil. Təbii ki, istisnalar var. Kimin üçünsə e-kitab variantı uzunmüddətli oxu üçün maneə deyil, amma ümumi mənzərədə ənənəvi çap daha geniş auditoriyanın seçimidir".

M.Abıyevin sözlərinə görə, kitabın dizaynı və qiyməti seçim zamanı rol oynasa da, əsas meyar onun məzmunudur: “Trend olan əsərlər daha çox diqqət çəksə də, araşdırma ilə seçim edənlər də çoxluq təşkil edir.

Araşdırmalar göstərir ki, sosial medianın təqdim etdiyi qısa informasiyanın qalıcılığı ilə sistemli mütaliədən alınan informasiyanın qalıcılığı arasında ciddi fərq var. O baxımdan deyə bilərik ki, sosial medianın mütaliəyə təsiri əsasən neqativdir. Sosial media mənfi təsir göstərsə də, gənclər sosial platformalarda oxuduqları kitabları paylaşaraq oxu mədəniyyətini formalaşdırırlar. Bu prosesdə nəşriyyat evləri yazıçı və oxucu arasında körpü rolunu oynayır".

Menecerin sözlərinə görə, son zamanlarda kitab sərgiləri, prezentasiyalar oxucu sayında müəyyən artım olduğunu göstərir: “İctimai nəqliyyatda mütaliə edənlərin sayı artsa da, ümumi mənzərə hələ ürəkaçan deyil. Kitabın təbliğinə və nəşriyyatlara dövlət dəstəyi bu sahədə mühüm rol oynaya bilər. Kitab nə qədər tanıdılırsa, bir o qədər rəğbət qazanar”.

Apardığımız sorğunun nəticələri göstərir ki, gənclər mütaliə etməyə maraqlıdır və bu sahədə müəyyən inkişaf var. Həm yerli, həm də xarici müəlliflərin oxunması, müxtəlif janrlara olan maraq və alternativ oxu formatları (səsli və e-kitablar) göstərir ki, mütaliə mədəniyyəti dəyişsə də aktuallığını qoruyur.

İnarə HÜNBƏTOVA,
Mənzər NOVRUZLU,
“Yeni Müsavat”

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR