Onlayn ictimai-siyasi qəzet
Nigar Məmmədova: “Bu hiss Vətənin ehtiyaclarının şəxsi ehtiyaclara çevrilməsini şərtləndirir”
“Vətənpərvərlik hissi milli kimliyin əsas komponentlərindən biri kimi milli ruhun özəyi, xalqı birləşdirən və təkmilləşdirən mənəvi bağdır. Bu, öz vətəninə, onun tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və həyat tərzinə sevginin, onu qorumağın mənəvi borc hissi ilə ifadə olunmasıdır”.
Bu fikirləri “Yeni Müsavat”a Milli Məclisin üzvü Nigar Məmmədova bildirib.
Deputatın sözlərinə görə, əslində milli dəyərlərə hörmət zaman-zaman formalaşır: “Burada genetik kod öz sözünü desə də, ətraf mühitin təsiri də qaçılmazdır. Buna görə də vətənpərvərlik hissinin inkişaf etdirilməsi kiçik yaşlardan aşılanmalı və cəmiyyətin bütün təbəqələri vətənpərvərlik tərbiyəsinə dəstək verməlidir. İlk növbədə uşaqların diqqətini kiçik yaşlardan milli kimliyə yönəltmək vacibdir. Bu xüsusda milli kimlik hissinin formalaşmasında ailə mühüm faktordur. Çünki güclü ailə dəyərləri gənclərin öz milli kimliyini daha asan dərk etməsini şərtləndirir.
Eyni zamanda gənclərin milli kimliyini dərk etməsində təhsil sisteminin də rolu əvəzedilməzdir. Belə ki, orta və ali təhsil ocaqlarında xalqın tarixinin, mədəniyyətinin, dilinin öyrənilməsi prioritet olmalı, vətənpərvərlik mövzusunda tədbirlər, layihələr mütəmadi xarakter daşımalıdır. Bu, sabit vətənpərvər şəxsiyyətin formalaşmasına birbaşa təsir vasitəsidir".
Deputatın fikrincə, vətənpərvərlik bilikləri əsasında həm də milli kimlik xarakterli baxış və inanclar formalaşır: “Nəticə etibarilə vətənpərvərlik bir dəyər kimi ictimai şüurda və mədəniyyətdə təsbit olunmuş normativ ideyaları ifadə edir. Gənclərin millətə mənsubluğunu dərindən qavramaları, öz kökləri ilə fəxr etmələri vacibdir. Şəxsi və ictimai maraqları birləşdirməklə Vətənin mənafeyinə xidmət etməyə hazır olmaq əsas şərtdir. Məhz gəncləri milli ruhda tərbiyə etməklə biz Vətənə sevgi və ehtiram əsasında ölkəmizin daha etibarlı gələcəyini yaratmış oluruq”.
N.Məmmədova qeyd etdi ki, gənclərdə vətənpərvərlik və milli kimlik hisslərinin inkişaf etdirilməsi həm də məsuliyyətli və qayğıkeş vətəndaşların formalaşmasına xidmət edir: “Biz bunun real nəticələrini 44 günlük Vətən müharibəsində şahidi olduq. Bu böyük qələbədə son illər ərzində ölkəmizdə yetişən vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin xüsusi payı var. 44 günlük Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik hissi kifayət qədər yüksəkdir. Ümumiyyətlə, Azərbaycan gəncləri yüksək intellektə, müasir dövrün texnoloji imkanlarından düzgün və çevik istifadə etmək bacarığına malikdir. Gənclərimiz həm də dünyada öz cəsarəti, vətənpərvərliyi ilə seçilir.
Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra qalib ölkənin vətəndaşı kimi gənclərimizin qarşısında yeni vəzifə və hədəflər müəyyənləşib. Prezident İlham Əliyevin də söylədiyi kimi, “gənclər milli ruhda tərbiyə almalı, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdır. Heç kimin təsiri altına düşməməli, müxtəlif vədlərə aldanmamalıdırlar”. Bir sözlə, vətənpərvərlik ən yüksək mənəvi hiss kimi cəmiyyətin, Vətənin ehtiyaclarının fərdin şəxsi ehtiyaclarına çevrilməsini şərtləndirir".
Yazını hazırladı: Nigar HƏSƏNLİ
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ