Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə SOCAR-ın keçmiş yüksəkçinli rəhbərlərindən biri olan Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ona qarşı iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə ittihamları irəli sürülüb.
Məhkəmədə elan olunan ittihamlara görə, Əhmədzadənin fəaliyyəti Azərbaycanın maliyyə maraqlarına ciddi zərbə vurmaqla yanaşı, ölkənin iqtisadi sabitliyini də hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişini təmin etmək üçün atılmış zəruri addım kimi qiymətləndirilir.
Neft qalmaqalı və beynəlxalq rezonans
Mətbuatda yayılan məlumata görə, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
"Daha da sensasion iddiaya görə, Əhmədzadənin bu hərəkəti Rusiya kəşfiyyatı ilə birgə törətməsinə dair şübhələr mövcuddur. Mənbələr bildirir ki, bu hadisə ilə Azərbaycan dövlətinə həm maliyyə, həm də siyasi ziyan vurulması hədəflənib. Hökumət dairələrindən verilən informasiyaya görə, bu həbslə yanaşı, Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və sui-istifadə hallarına qarşı mübarizə gücləndirilir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur", - deyə musavat. com bildirilib.
Qeyd edək ki, İstintaq materiallarına dair yayılan iddialarda ən sensasion məqam təbii ki, Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması ehtimalıdır. Hətta onun Azərbaycanın bəzi vəzifəli məmurları ilə Rusiya xüsusi xidmət orqanları arasında vasitəçi rolunu oynadığı, gizli məlumatların ötürülməsində iştirak etdiyinə dair də iddialar yayılıb.
Bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Ancaq iddialara əsasən, məhz bu fəaliyyət ifşa olunduqdan sonra təkcə Əhmədzadə deyil, onunla əlaqəli bəzi digər məmurlar da saxlanılıb. Onların adlarının da yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.
Əgər bu faktlar rəsmi təsdiqini tapsa, Əhmədzadəyə qarşı təkcə iqtisadi cinayətkar kimi deyil, həm də vətənə xəyanət ittihamı ilə hökm çıxarılması gündəmə gələ bilər.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində YAP-çı deputat Elman Nəsirovla Real sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ