İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan azərbaycanlılara qarşı nə üçün ayrı-seçkilik etdi?

“Azərbaycan heç bir ölkənin, o cümlədən Gürcüstanın daxili işlərinə qarışmadığı üçün...”

Xəbər verildiyi kimi, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilər Azərbaycan tərəfindən də yaxından izlənilir. Buna ən çox səbəb də yerli idarə orqanlarına soydaşlarımız sırasından namizədlərin olmasıdır.

Amma qonşu ölkədəki seçki ətrafında Azərbaycan tərəfin həm etirazına, həm də təəssüfünə səbəb olan bəzi məqamlar da yaranıb. Belə ki, ən çox da hakim “Gürcü Arzusu”nun namizədlər siyahısında soydaşlarımıza qarşı açıq aşkar ayrı-seçkilik edilib. Bunu yayılan siyahılarda açıq görmək mümkündür. Halbuki Gürcüstanda saylarına görə gürcülərdən sonra azərbaycanlılardır. Əvəzində gürcü iqtidarı ermənilər qarşısında “yaşıl işıq” yandırıb. Məsələn, 10 nəfərlik siyahı varsa, azı 7-8 nəfəri ermənidir. Halbuki Azərbaycan tərəfi daim Gürcüstana ən müxtəlif sahələr üzrə dəstək verib. Görünən odur ki, “sağ ol” demə üsulları belədir...

İsrail hələ də Suriyada irəliləməkdə maraqlıdır"

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a açıqlamasında bu cür neqativ hallar olsa, qonşu ölkədə ən müxtəlif postlarda soydaşlarımızın təmsil olunduğunu önə çəkdi: “Azərbaycanlılar Gürcüstanda gürcülərdən sonra əsas etnik qrupdur. Onlar əsasən Kvemo-Kartli regionunda yaşayaraq, buradakı əhalinin təqribən 42%-ni təşkil edirlər. Burada azərbaycanlıların yaşadığı və etnik azlıq adlandırılmayacaq dərəcədə çox olduğu əsas rayonlar Marneuli (əhalinin 84%-i), Bolnisi (63%), Dmanisi (65%), Qardabanidir (43%). Bu rayonlar coğrafi olaraq Azərbaycanın tarixi Borçalı mahalının ərazisi ilə üst-üstə düşür. Həmçinin Azərbaycandakı etnik azlıqlar arasında gürcülər də var. Azərbaycan və Gürcüstan 1991-ci ilədək eyni tarixi-siyasi proseslərin içindən keçdikləri üçün müstəqilliklərini qazandıqdan sonra yeni beynəlxalq münasibətlər arenasında bir-birinin daxili işlərinə qarışmamağı mehriban qonşuluq münasibətlərini qorumaq və inkişaf etdirmək üçün əsas siyasət formulu olaraq müəyyən ediblər. Azərbaycan heç bir ölkənin, o cümlədən Gürcüstanın daxili işlərinə qarışmadığı üçün Gürcüstan azərbaycanlıları ilə bağlı yaşanan hadisələrə heç zaman birbaşa müdaxilə etməyib. Nə 1990-cı illərin əvvəlində Qamsaxurdiyanın hakimiyyəti dövründə Gürcüstanda vətəndaş müharibəsi zamanı azərbaycanlılara qarşı etnik diskriminativ hərəkətlər olanda, nə də sonrakı dövrdə belə bir hal yaşanmayıb. Bununla yanaşı, sonrakı dövrlərdə Gürcüstanda etnik müxtəlifliyin qorunması və siyasi təmsilinə daha geniş imkan yaradılıb. Hazırda Savalan Mirzoev, Zaur Darğalı, Abdulla İsmailov kimi deputatların, Azərbaycan əsilli bələdiyyə sədrlərinin adını çəkmək olar. Marneuli meri indiyədək etnik azərbaycanlı olub. Hakim partiyadan Marneuli merliyinə hazırkı namizəd də azərbaycanlı Daur İsmayılovdur. Düzdür ki, daha kiçik administrativ ərazi vahidləri olaraq bələdiyyələrə 4 oktyabr ümumi seçkiləri üçün hakim partiyanın namizədləri arasında erməni və gürcülər çoxluq təşkil edir, lakin namizədlər arasında azərbaycanlılar da var. Marneulidə "Azərbaycan Evi" fəaliyyət göstərir. Savalan Mirzəyev Gürcüstan baş nazirinin müşaviridir. Gürcüstanın baş naziri və prezidenti ilk rəsmi səfərlərini Azərbaycana ediblər. İki ölkə arasında nəqliyyat-tranzit, enerji və s. sahələrdə çox şaxəli əlaqələr inkişaf etdirilərək strateji səviyyəyə çatdırılıb. Gürcüstanda azərbaycanlılara qarşı diskriminasiya deyil də, etnik azlıqların resurs çatışmazlıqları ola bilər. Həmçinin onlar aktiv siyasətə daha çox qatılaraq fəaliyyətlərini qarşılıqlı münasibətlərin inkişafına həsr edə bilərlər. Bunun üçün Azərbaycandan etnik azərbaycanlılara daha çox dəstək göstərilə bilər. Bu dəstək hazırda Qərbin dəstəklədiyi “Salam” platforması çərçivəsində həyata keçirilir və etnik azlıqlarla dövlət arasında siyasi boşluğu kritik həddə çatdırmağa yönəlib. Lakin Azərbaycanın dövlət xətti ilə dəstək olarsa, bu, ikitərəfli münasibətlərə daha faydalı olar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR