İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakerlərə milyardlar xərcləyən ölkələr – Belarus “kiberpartizanlar”ı isə könüllü işləyirlər

Bu günlərdə 12 ölkənin kəşfiyyat xidmətləri Avropanın mühüm obyektlərinə hücum edən NoName057(16) haker qrupunun işini dayandırıb. Qrupun Rusiyaya işlədiyi məlum olub.

Həmin ölkələrin 10-u Avropa İttifaqının üzvü, biri ABŞ-dir, digəri isə İsveçrədir. Əməliyyat barədə məlumatı Europol və Eurojust-un kəşfiyyat xidmətləri yayıb. Bu əməliyyat nəticəsində Avropanın elektrik şəbəkələrindən tutmuş ictimai nəqliyyata qədər əksər kritik infrastrukturuna hücum edənlər ifşa olunub.
Bildirilir ki, təhlükəsizlik qüvvələri bütün dünyada yüzlərlə kompüterdən istifadə edən qrupun botnetini sıradan çıxarıb. Axtarışlar yeddi ölkədə - Almaniya, Latviya, İspaniya, İtaliya, Çexiya, Polşa və Fransada aparılıb. 100-dən çox server ələ keçirilib.

Almaniya Rusiyada yaşayan əsas şübhəlilər də daxil olmaqla altı həbs orderi verib. Ümumilikdə yeddi order verilib.

Rus hakerlər təkcə Almaniyada 14 hücum həyata keçirib. Hücumların bəziləri bir neçə gün davam edib və silah zavodlarından tutmuş enerji şirkətlərinə və dövlət qurumlarına qədər 230 təşkilata təsir göstərib.
NoName057(16) tərəfindən edilən son hücumlardan biri NATO-nun iyun ayında Haaqada keçirilən sammiti zamanı Hollandiyanın infrastrukturuna olub. Kiberhücumlarda qrupun messencerlər vasitəsilə cəlb etdiyi 4000-ə yaxın insan iştirak edib.

Beləliklə, aydın olur ki, Rusiya ilə Qərb dövlətlərinin arasında Ukrayna ərazisində gedən savaş gerçəkdən hibrid müharibədir və mübarizə bütün sahələrdə, səngərlərdə, poliqonlarda, o cümlədən virtual aləmdə də gedir.

Hələ 2012-ci ildə Kanada mediasında LinkedIn sosial şəbəkəsində 6,5 milyondan çox istifadəçinin parolunun oğurlanması ilə bağlı xəbərlər yayılanda əsas şübhə obtekti “rus hakerlər” olmuşdu. Kanada mətbuatının yazdığına görə, “parollar kodların sındırılmasına kömək etmək xahişi ilə rus haker saytına göndərilib”.

rushak.jpg (66 KB)

Rus hakerlərin Donald Trampın ABŞ prezidenti seçilməsinə kömək etməsi iddiasını isə 2016-cı prezidentliyə digər namizəd Hillari Klinton səsləndirib. O, açıq şəkildə Rusiya kəşfiyyat xidmətlərini Donald Trampa kömək etmək üçün haker hücumlarında ittiham edib.

Görünür ki, bu ittihamların ciddi əsasları vardı. Çünki ondan sonra beynəlxalq strukturlar Rusiyanı kiberhücumlarda ittiham etdilər. Əksər Qərb ölkələri rus hakerlərinin bununla dayanmayacaqlarına əmin olduqlarını bildirdilər.

Ondan sonra "rus hakerlər" bütün dünyada məşhurlaşdı. Hazırda bu ifadə frazeoloji sabitlik əldə edərək, “matryoshka”, “samovar”, “rus ayısı”, “vodka” və sair kəlmələr kimi Rusiyanı assosiasiya edən söz birləşmələrindəndir.

Ancaq “rus hakerlər”in daha bacarıqlı həmkarları da var. Bunlar Belarus hakerləridir. Beynəlxalq aləmdə onları “kiberpartizanlar” (belorusların II dünya müharibəsində partizan hərəkatında fərqlənmələri səbəbi ilə) da adlandırırlar.

Белорусские_Киберпартизаны.jpg (93 KB)

“Kiberpartizanlar” 2020-ci ildə Belarusda təhlükəsizlik orqanlarının resurslarına, ictimaiyyətə məlumat göndərərək, peyda olublar. Qrup öz fəaliyyətinə Aleksandr Lukaşenkonun etirazçılara qarşı repressiyasına cavab olaraq başlayıb.

Onlar kiçik bir komandadır və on beşə yaxın könüllüdən ibarətdir. Belarus hökumətinin kompüterlərinin sındırılmasında birbaşa olaraq 3-4 nəfər iştirak edir. Qalan iştirakçılar məlumatların təhlili və digər tapşırıqlarla məşğul olurlar. Qrupun iştirakçılarının əksəriyyəti Belarus vətəndaşlarıdır. Komandanın əksəriyyəti informasiya texnologiyaları sahəsində çalışıb və ya işləyir.

2020-ci ildə onlar prezident Aleksandr Lukaşenkonun və daxili işlər naziri Yuri Karayevin adlarını “polis tərəfindən ən çox axtarılanlar” siyahısına əlavə ediblər və Belarusun ağ-yaşıl dövlət bayrağını ağ bayraqla əvəzləyiblər. Hakerlər həmçinin xüsusi təyinatlıların, DTK və DİN əməkdaşlarının məlumat bazalarını əldə ediblər və nümayişçilərin döyülməsində iştirak edən poqonluların ev ünvanlarının onlayn xəritəsini paylaşıblar.

Bundan başqa, “kiberpartizanlar” digər nazirlik və komitələrin çoxsaylı məlumat bazalarını sındırıblar. DİN onları “ekstremist qrup” elan edib, məhkəmə o cür də tanıyıb. Amma bu, bəs etməyib. 2021-ci ilin noyabr ayında Belarus Ali Məhkəməsi “kiberpartizanlar”ı terrorçu kimi tanıyıb. Buna cavab olaraq haker qrupu “Cəhənnəm” əməliyyatına başlayıb və bir sıra dövlət strukturlarının şəbəkələrini sındırıblar.

2024-cü ilin fevral ayında “kiberpartizanlar” Rusiyanın pilotsuz təyyarələr istehsal edən “Orlan” şirkətinin məxfi məlumatlarına giriş əldə edib və məlumatları ukraynalılara ötürüb, apreldə Belarus DTK-sının agentlərinə dair məlumat bazasını ictimaiyyətə açıqlayıb. Şəbəkədə məlumat verənlərin sorğuları, əməkdaşlıq təklifləri və siyasi fəalların danışıqları yer alırdı.

Bir sözlə, bu qrup Belarus hakimiyyətinin başının bəlasıdır. Onun fəaliyyəti Rusiya ilə müttəfiq olan Belarusun daxili sirlərini faş etməkdir. Rus hakerlər Avropa və ABŞ-yə qarşı hansı qara işi görürlərsə, “kiberpartizanlar” da Rusiya və Belarusa qarşı həmin işi görür. Bu, virtual aləmdəki ən şiddətli müharibədir.

kibqosh.jpg (77 KB)

Ümumiyyətlə götürsək, casusluq, kiberhücumlar və informasiya müharibələri ilə məşğul olan kiberqoşunların sayına və maliyyələşməsinə görə ilk yerlərdə ABŞ, Çin, Böyük Britaniya və Cənubi Koreyadır. Rusiya öz “bacarıqlı hakerlər”i ilə onlardan sonra gəlir və 5-ci yerdədıir.

Belə bir informasiya var ki, Rusiyanın kiberqoşunlara xərcləri ildə 300 milyon dollara çatır və hakerlərin sayı təxminən 1000 nəfərdir.

ABŞ isə kiberməkanda ən güclü orduya sahibdir. Zecurion Analytics-in məlumatına görə, Vaşinqton onun maliyyələşdirilməsi üçün ildə təxminən 7 milyard dollar ayırır və ABŞ üçün işləyən hakerlərin sayı 9 min nəfərə çatır. Çin kiberqoşunlarının ən çox inkişaf etdiyi ikinci ölkədir. Pekin onların inkişafına hər il təxminən 1,5 milyard dollar xərcləyir. Ümumilikdə Çin kiberqoşunlarına 20 000-ə qədər hakerin cəlb olunduğu bildirilir.

Kibertəhlükəsizlik sahəsində “xüsusi təyinatlı qüvvələr”in ən çox inkişaf etdiyi üçüncü ölkə 2000 hakerə “çörək verən”, ildə onlara təxminən 450 milyon dollar xərcləyən Böyük Britaniyadır. Siyahıda dördüncü yeri ildə 400 milyon dollar büdcə və 700 nəfərlik heyətlə Cənubi Koreyanın kiber ordusu tutur.

Dövlətlər hakerlərin əməyindən casusluq, kiberdiversiyalar və informasiya müharibələri üçün istifadə edirlər. Bir ölkə nə qədər inkişaf edirsə, kiberhücumlara bir o qədər həssasdır.

Görünür, bu ayın əvvəlində Bakıda saxlanılan rusiyalı İT mütəxəssislərinin (onlara “aytişnik” deyirlər və bu, haker deməkdir) ölkəmizdəki fəaliyyətini bu müstəvidə də araşdırmaq lazımdır.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR