İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həm qadınlarda, həm də kişilərdə xərçəng yaradır"

Dünyada geniş yayılmış, insan papilloma virusu (HPV) Azərbaycanda da müşahidə edilir. HPV virusunun qadın və kişilərdə müxtəlif onkoloji xəstəliklərin əsas səbəblərindən biri hesab olunur. 


Qərb ölkələrində bu virusa qarşı peyvənd vurulur. Erkən yaşlardan tətbiq olunan HPV peyvəndi sayəsində bu risk minimuma endirilir. 

Azərbaycanda bu vacib profilaktik tədbir hələ reallaşdırılmayıb. Amma tibb mütəxəsisləri iddia edirlər ki, HPV ölkəmizdə də  geniş yayılıb və ona qarşı ciddi tədbirlər görülməlidir.  

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən ginekoloq Şəfəq Kamilovanın sözlərinə görə, bu virus həm qadınlarda, həm də kişilərdə müxtəlif xərçəng növlərinə yol aça bilər.

“HPV-100-dən çox tipə malikdir. Bunlardan ən azı 11 növü onkoloji risk daşıyır. Ginekologiyada xüsusilə 16 və 18-ci tiplər uşaqlıq boynu xərçəngi riskini artırır”, – deyə həkim bildirib. Onun sözlərinə görə, Azərbaycanda demək olar ki, hər 4 nəfərdən birində bu virusun müəyyən tipi aşkarlanır, amma ölkədə hələ də HPV-yə qarşı peyvənd tətbiq edilmir:

“Dünyanın inkişaf etmiş ölkələrində uşaqlara HPV-yə qarşı peyvəndlər vurulur və bu, xərçəngin qarşısını almaqda mühüm rol oynayır. Lakin Azərbaycanda bu sahədə gecikmələr müşahidə olunur”.

Həkim bildirib ki, HPV yoluxmaları əsasən cinsi yolla keçir və bir neçə partnyorla əlaqədə olan şəxslərdə, həmçinin immun sistemi zəif olan insanlarda daha tez-tez rast gəlinir:

“Virus özünü adətən genital nahiyədə yaranan kondilomalar və ya papilomalar şəklində göstərir. Onların bir qismi xərçəng riski daşımasa da, virusun bəzi tipləri uzunmüddətli infeksiya nəticəsində təhlükəli nəticələrə səbəb ola bilər”.

Mütəxəssisin sözlərinə görə, hazırda HPV-yə qarşı tam müalicə üsulu mövcud deyil. Mövcud yanaşmalar virusun yaratdığı törəmələrin yandırılması, dondurulması və immun sisteminin gücləndirilməsi üzərində qurulub. “Ən vacib məsələ mütəmadi tibbi nəzarət, PAP-testlərin keçirilməsi və risk qrupuna daxil olan şəxslərin dispanser qeydiyyatına alınmasıdır”, – deyə həkim əlavə edib.

Ş.Kamilova onu da vurğulayıb ki, HPV-yə yoluxan hər bir qadında xərçəngin inkişaf edəcəyinə dair qəti əminlik də yoxdur. "Lakin bu şəxslər ciddi nəzarətdə saxlanmalıdır", - deyən həkim Azərbaycanda HPV-yə qarşı peyvəndin tətbiqinin vacibliyini qeyd edib və bu məsələdə səhiyyə sisteminin daha fəal mövqe tutmasının zəruriliyini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR