Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Slovakiya mediasına verdiyi müsahibədə Rusiya ilə münasibətlər barədə mühüm açıqlamalar səsləndirib.
Musavat.com bildirir ki, bu bəyanat 2025-ci il iyunun 13-də Rusiyanın Yekaterinburq şəhərində baş vermiş və azərbaycanlı Səfərov qardaşlarının qətlə yetirilməsi ilə nəticələnmiş faciəvi hadisələrdən sonra iki ölkə arasında yaranmış gərgin fon üzərində səslənməsi ilə xüsusi əhəmiyyət kəsb edir.
Həmin olaydan sonra iki ölkə arasındakı münasibətlərdə hiss olunan soyuqluq şəraitində bu, Azərbaycan rəsmisinin Rusiya ilə bağlı ilk yüksək səviyyəli mövqe açıqlaması sayılır.
Hikmət Hacıyev açıqlamasında Rusiya ilə mehriban qonşuluğun Azərbaycan üçün bir nömrəli prioritet olduğunu vurğulayıb:
“Rusiya bizim qonşumuzdur. Onunla mehriban qonşuluq münasibətlərimiz var. Bütün qonşularımızla yaxşı münasibət qurmaq təkcə Azərbaycan üçün deyil, dünyanın hər bir ölkəsi üçün bir nömrəli prioritetdir. Eyni şey Ukraynaya da aiddir.
Özünüz çox yaxşı bilirsiniz ki, Sovet İttifaqı dövründə ruslarla və ukraynalılarla eyni dam altında yaşayırdıq. Bizi hər iki ölkə ilə uzunmüddətli münasibətlər bağlayır. Biz münasibətləri Sovet İttifaqının dağılmasından sonra da davam etdiririk. Bir çox azərbaycanlı həm Rusiyada, həm də Ukraynada yaşayır. Çoxlu qarışıq evliliklərimiz var. Beləliklə, bu gün orada baş verənlər həqiqətən böyük faciədir. Televiziyada və ya internetdə orada davam edən münaqişədən faciəli mənzərələrr görəndə sözün əsl mənasında azərbaycanlıların ürəkləri parçalanır.
Eyni zamanda, mən daha bir şeyi vurğulamalıyam – siyasətimizin əsas təməl daşı ərazi bütövlüyünün tamamilə toxunulmaz prinsipidir. Ölkəmiz keçmişdə bu prinsipin pozulmasından çox əziyyət çəkib. Ona görə də biz başqa ölkələrin ərazi bütövlüyünün qorunmasını birmənalı dəstəkləyirik. Ancaq eyni zamanda, rusiyalılarla ukraynalılar arasında hərbi qarşıdurmaya hər hansı şəkildə müdaxilə etməkdən uzağıq".
Prezidentin köməkçisi həmçinin Azərbaycanın keçmişdə ərazi bütövlüyü prinsipinin pozulmasından çox əziyyət çəkdiyini xatırladaraq, Azərbaycanın başqa ölkələrin ərazi bütövlüyünü birmənalı dəstəklədiyini bildirib. O, eyni zamanda Azərbaycanın Rusiya-Ukrayna münaqişəsinə hərbi baxımdan müdaxilə etmədiyini, yalnız humanitar yardım göstərdiyini xüsusi vurğulayıb:
“Biz bu münaqişədə hər hansı hərbi komponentin tədarükündən təhlükəsiz məsafə saxlayırıq. Ancaq Ukraynada ən çox əziyyət çəkən uşaqlara humanitar yardım göstəririk. Biz bloklara qoşulmayan ölkəyik və heç bir hərbi fəaliyyətin iştirakçısı deyilik.”
Qeyd edək ki, bundan öncə Rusiya tərəfindən müxtəlif səviyyəli rəsmilər – o cümlədən prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov – Azərbaycanla dostluq və strateji tərəfdaşlıq xəttini vurğulayan açıqlamalar versələr də, Yekaterinburq böhranından sonra Azərbaycan tərəfdən ilk dəfədir ki, Rusiya ilə münasibətlər bu səviyyədə rəsmən şərh olunur. Bu isə Azərbaycanın mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipinə sadiqliyinin bariz nümunəsi hesab olunur.
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ