Onlayn ictimai-siyasi qəzet
Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” panel müzakirəsində çıxışı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycan regionda təhlükəsizlik və sabitliyi təmin edib: “Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan da regional əməkdaşlıq və nəqliyyat bağlantılarının bir hissəsinə çevrilə bilər”.
Hikmət Hacıyev qeyd edib ki, hazırda Ermənistanla da danışıqlar aparılır və Azərbaycanın məqsədi regionda heç kimi təcrid etmək və ya kənarda saxlamaq deyil. “Lakin bu prosesdə Ermənistan tərəfindən də konkret addımlar atılmalıdır. Ermənistan Naxçıvanı 30 il müddətində blokadada saxlayıb. Biz gözləyirik ki, Ermənistan ilk növbədə Zəngəzur dəhlizi istiqamətində mühüm bir addım atsın. Bilirəm ki, erməni tərəfi dəhliz sözündən narahat olur. Həmişə zarafatla deyirəm ki, mən Azərbaycanın bütün ərazisinin dəhlizə çevrilməsini istərdim. İstəyirlər yol desinlər, keçid desinlər, fərq etməz, amma əsas məsələ Naxçıvanla birbaşa bağlantının qurulmasıdır”,- deyə o vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, Naxçıvana nəqliyyat bağlantısı yaradıldıqdan sonra bu, Ermənistan üçün də yeni imkanların açılmasına səbəb ola bilər: “Biz istəyirik ki, Ermənistan da regional nəqliyyat şəbəkəsinin əsas axınının bir hissəsinə çevrilsin”, - deyə Hacıyev bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ