Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Cənubi Asiyada Hindistan-Pakistan gərginliyi yenidən zirvəyə çatıb. Hindistan Müdafiə Nazirliyi 8-9 may tarixlərində Pakistan ordusunun Türkiyə istehsalı olan 300-400 ədəd insansız hava vasitəsi (İHA) ilə Hindistanın sərhəd birləşmələrinə zərbə endirdiyini açıqlayıb.
Bu iddia Hindistan ordusunun rəsmi (qadın) nümayəndəsinin keçirdiyi mətbuat konfransında səsləndirilib və sosial şəbəkələrdə geniş rezonans doğurub.
Hindistan tərəfi bildirir ki, Pakistan ilk dəfə bu qədər kütləvi şəkildə İHA sürüsündən istifadə edib və bu İHA-ların Türkiyədən alındığı və ya Türkiyə texnologiyası əsasında istehsal olunduğu ehtimal edilir. Hadisə Hindistanın Cammu və Kəşmir bölgəsinə yaxın sərhəd ərazisində baş verib.
Pakistan Müdafiə Nazirliyindən yayılan açıqlamada isə bu insidentə “Hindistanın sərhəddə təxribatlarına cavab olaraq həyata keçirilmiş müdafiə tədbiri” deyə münasibət bildirilib. Rəsmilər Hindistan ərazisinə hücum deyil, təhlükəni zərərsizləşdirmək məqsədi güddüklərini qeyd ediblər. Pakistan hökuməti Türkiyə ilə hərbi-texniki əməkdaşlığın açıq olduğunu və bu cür texnologiyalardan müdafiə məqsədilə istifadə olunduğunu bəyan edib.
Hazırda Türkiyə tərəfindən rəsmi reaksiya verilməyib. Ancaq ekspertlər bildirir ki, əgər bu iddialar təsdiqlənərsə, Türkiyə silah sənayesinin İHA texnologiyalarının Cənubi Asiya geosiyasətinə real təsiri ortaya çıxmış olacaq. “Bayraktar TB2”, “Anka” və yeni nəsil mini-İHA-ların Pakistan tərəfindən sifariş edildiyi daha əvvəl də məlum idi.
Azərbaycan müşahidə edir – səssiz diplomatiya
Azərbaycan tərəfi hadisələrə hələlik rəsmi mövqe bildirməyib. Lakin ekspertlər Azərbaycanın həm Pakistan, həm də Türkiyə ilə strateji müttəfiqliyini nəzərə alaraq bu hadisələri diqqətlə izlədiyini bildirirlər. Azərbaycanın hərbi-siyasi müşahidəçiləri isə Türk müdafiə sənayesinin qlobal miqyasda daha həlledici rol oynamağa başladığını qeyd edir.
Musavat.com -un qeydi: təqdim etdiyimiz videoda Hindistan ordusunun sözçüsü hadisə ilə bağlı emosional çıxış edir, bu da məsələnin Hindistan ictimaiyyətində yaratdığı narahatlığı nümayiş etdirir.
Bu hələ başlanğıcdır.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ