Onlayn ictimai-siyasi qəzet
Hindistan ötən gecə bir daha Pakistan ərazisinə müdaxilə etməyə cəhd edib. Bu zaman bir neçə bölgə hədəf alınsa da, Pakistan Silahlı Qüvvələri tam hazırlıqlı olub və 12 dronu zərərsizləşdirib. Lahorda hərbi hədəfə edilən hücum zamanı dörd hərbçi yaralanıb, Sindin Mianu bölgəsində baş verən hücumda isə bir mülki şəxs həlak olub.
Musavat.com "Daily Pakistan"a istinadən xəbər verir ki, bunu mətbuat konfransında çıxış edən Pakistan Ordusunun mətbuat katibi, general-mayor Əhməd Şərif Çaudhri bildirib.
Onun sözlərinə görə, 7 və 8 may gecəsi Hindistan yenidən Pakistanın suverenliyini pozub. Lahor, Gucəranvala, Çakval, Ravalpindi, Attok, Bahavalpur, Çhor, Mianu və Kəraçi yaxınlığında dronlar vasitəsilə hücum cəhdi olub. Hindistan tərəfindən göndərilən 12 dron vurularaq yerə salınıb.
General-mayor əlavə edib ki, Lahorda dörd hərbçi yaralanıb, bəzi avadanlıqlara isə qismən ziyan dəyib. Mianuda bir mülki şəxs şəhid olub, biri isə yaralanıb.
Pakistan Ordusunun mətbuat katibi bildirib ki, bu, son dərəcə ciddi məsələdir. Pakistan Silahlı Qüvvələri tam döyüş hazırlığındadır. Hindistan həm məscidlərə, həm də mülki əhaliyə hücumlar həyata keçirib.
Əhməd Şərif Çaudhri əlavə edib ki, Hindistan bir daha Pakistanın hava məkanını pozub. Ötən gecə də Pakistan Ordusu Hindistana sərt cavab verib. Keçmişdə də Hindistan məğlubiyyətlə üzləşib, 5 təyyarəsi vurulub. Hindistan müxtəlif bölgələrə "Hebron" tipli dronlar göndərib. Vurulmuş dronların qalıqları müxtəlif yerlərdə tapılıb.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ