Onlayn ictimai-siyasi qəzet
Bir müddət əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya səfər edəcəyi və 5 gün ölkəmizdə qalacağı bildirilirdi. Bəzi iddialara görə, hətta Azərbaycanla İsrail arasında İbrahim sazişi bağlanacaqdı. Amma nədənsə bu səfər baş tutmadı və sanki İbrahim sazişi də gündəmdən çıxdı. Bəs, İbrahim sazişi nədir? Sazişə qoşulan dövlətlər hansılardır? Bu saziş üzv dövlətlərə nə verir? Böyük güclərin sazişlə bağlı mövqeyi necədir? Ən əsası, həqiqətən də Azərbaycan da bu sazişi imzalaya bilərmi?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz Netanyahunun planlaşdırılan və sonra təxirə salınan Bakı səfərinin İbrahim sazişi ilə əlaqələndirilməsini qəsdən ortaya atılmış spekulyativ iddia olduğuna inanır. Onun fikrincə, bu iddianı ortaya atanların məqsədi Azərbaycanı qəsdən Türkiyə və İranla münasibətələrini korlamağa çalışırdılar: “Amma Netanyahunun Bakıya səfərinin əngəllənməsi İbrahim sazişi iddialarının da keçici olaraq səngiməsi ilə nəticələndi”.
Siyasi şərhçinin fikrincə, əslində “İbrahim sazişi” projesi Trampın ilk hakimiyyəti dövründə onun yəhudi əsilli kürəkəni Jared Kişner tərəfindən ortaya atılmış və ABŞ prezidenti tərəfindən dəstəklənmişdi: “Projenin məqsədi 1947-ci ildən indiyədək Yaxın Şərqi qan çanağına döndərmiş yəhudi-ərəb düşmənliyinə son vermək və bu iki millət arasında sülhü, əmin-amanlığı bərqərar etmək, müharibəni iqtisadi əməkdaşlıqla əvəzləmək idi. Kişner 2019-cu ildə öz planını həyata keçirmək üçün Yaxın Şərq ölkələrinə, o cümlədən Türkiyəyə səfər etmiş, səfər çərçivəsində Sky News-a verdiyi açıqlamasında “İbrahim sazişi” barədə bunları demişdi: “Biz başa düşürük ki, bütün bu münaqişələr insanların bizneslə məşğul olmaq və həyatlarını yaxşılaşdırmaq imkanlarını əlindən alıb. Ümidvaram ki, bu problemi həll edəndən sonra Fələstin xalqı, İsrail xalqı və region xalqları üçün daha çox imkanların yaradıldığını görəcəyik”.
Projenin prinsipləri tam açıqlanmasa da, ortalıqda gəzən bəzi iddialara görə, sülh planında danışıqların gedişindən asılı olaraq İordan çayının qərb sahili və Qəzzaya 10 il ərzində 25 milyard dollar, Misir, İordaniya və Livana isə 40 milyard dollarlıq sərmayə qoyulmasını nəzərdə tutur. Kuşnerlə yaxın analitiklər bu məbləğləri təsdiqləməsələr də, bölgəyə qoyula biləcək sərmayənin on milyardlarla dollar ola biləcəyini istisna etməmişdilər. “New York Times” qəzetinin o vaxt yazdığına görə, pullar regionun zəngin ölkələrindən gələcək və ABŞ da projeyə öz töhfəsini verəcək. Lakin məbləğin nə qədər olacağı hələlik bəlli deyil. Bununla belə, Trampın yaxın günlərdə Səudiyyə Ərəbistanından başladacağı Yaxın Şərq turu çərçivəsində Əl-Riyadın ABŞ-a 1 trilyon dollarlıq investisiya qoymaq barədə sənəd imzalayacağı bildirilir. Qətər, BƏƏ, Kuveyt və s. kimi neft zəngini dövlətlərin də Trampı səxavətlər qarşılayacağı gözlənilir. Trilyonlarla dollarlıq vəsaitin nə qədərinin bu plana sərf olunacağı isə bilinmir.
Amma ABŞ-da yəhudi sərmayəsinə bağlı çevrələrin bu plana o qədər də isti yanaşmadığı bəllidir. ABŞ-ın sabiq prezidenti Barak Obamanın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Martin S. İndik hələ 2019-cu ildə “İbrahim sazişi” barədə bu cür pessimist proqnoz vermişdi:
"Bu, siyasi və iqtisadi cəhətdən satış üçün çox çətin bir plan olacaq. Əgər bazarlıq çağırışı "Fələstinlilər, ərəblər, mən sizə 65 milyard dollar verəcəyəm və siz 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil bir dövlət üçün siyasi tələblərinizdən əl çəkin" olacaqsa, məncə, onların bütün təklifə əsaslanaraq maliyyə vəsaitləri təmin edəcəklərini sanmıram. Hər şey yalnış hesablar üzərində qurulub”.
Göründüyü kimi, “İbrahim sazişi”nə münasibətlər birmənalı deyil. Xüsusilə də yəhudi lobbisində bir çox çevrələr bu layihənin baş tutmasını istəmirlər. Bunun da bir səbəbi ABŞ-da son zamanlar getdikcə yüksələn siyasi və iqtisadi rəqabət, digəri isə sionizm ideologiyasının hədəfləridir. Bəlli olduğu kimi, İsrailin yaradılması və bir müddətdən sonra Davud peyğəmbərin hökm etdiyi ərazilərin də bu dövlətə daxil edilməsi dünyanın ən varlı sərmayədarı Roltşildlərin planıdır. ABŞ-ın digər böyük milyarderi Rokfeller ailəsi isə ərəb-yəhudi savaşını özlərinin Yaxın Şərqə açılması qarşısında tormozlayıcı amil kimi görür və onu ABŞ-ın ayaqlarına bağlanmış əlavə yük hesab edir. Trampın liderlik etdiyi Respublikaçılar partiyasının da Rokfellerə daha yaxın olduğu sirr deyil. Bu mənada Trampın yenidən “İbrahim sazişi”nə qayıtması təəccüblü görünmür. Hətta İsrail mediasının yazdığına görə, son zamanlar Trampla Netanyahu arasında münasibətlər tamamən pozulub və ABŞ prezidenti İsrail liderinə zəng etmir, onun zənglərinə də cavab vermir. İsrail mediasının bu iddiaları rəsmən təsdiqlənməsə belə, ortada olan bəzi dəlillər bu ehtimalın təsadüfən çıxmadığını göstərir. Belə ki, Tramp administrasiyasının son zamanlar İsraillə məsləhətləşmədən Yəmən husiləri ilə danışıqlar apardığı bildirilir. İsrailin buna sərt təpkisinə Ağ evin cavabı da Tel-əviv üçün ürəkaçan olmadı: “Biz ABŞ-ın dövlət maraqlarına uyğun siyasət yürütməklə mükəlləfik. Tel-əvivi nəzərə almaq bizim müqəddəs borcumuz deyil”. Üstəlik, ABŞ-ın İsrail yanlısı Təhlükəsizlik yetkilisi Mayk Valtsın məhz İrana qarşı müharibəni qızışdırdığına görə Tramp tərəfindən istefaya göndərildiyi iddia edilir. Müdafiə naziri Pete Heqsetin də eyni səbəbdən komandadan uzaqlaşdırılacağı güman olunur. Bütün bunlar Trampın xarici siyasətdə İsraillə hesablaşmaq istəmədiyinin ən bariz dəlilləridir. Onu da unutmayaq ki, Netanyahunun son ABŞ səfərində Tramp ona xalqa açıq platformada belə rasional təkliflə onun yanına gəlmək barədə xəbərdarlıq etmiş, Suriya və regional məsələlərdə Türkiyə ilə hesablaşmağı məsləhət görmüşdü. Məhz bu xəbərdarlıq və məsləhətlərdən sonra Netanyahu Azərbaycana gəlməyi, yəqin ki, burada Türkiyə lideri ilə görüşməyi planlaşdırmışdı. Amma Türkiyənin bu görüşə müsbət yanaşmaması və Netanyahunun təyyarəsinə hava yolunu açmaması üzündən həmin plan baş tutmamışdı”.
Heydər Oğuzun fikrincə, Türkiyə prezidentinin İsrail Baş naziri ilə görüşməyə həvəs göstərməməsi Netanyahunun sionizm ideologiyasına ifrat dərəcədə bağlı olmasından qaynaqlanır: “Netanyahunun əlində rəhbər tutduğu sionizm düşüncəsi Yaxın Şərqdə bir çox ərəb dövlətlərini parçalamağı və onları özündən asılı vəziyyətə salmağı nəzərdə tutur. Daha sonra onları özünə birləşdirib “Davud xənadanı” xəyalını reallaşdırmağı planlaşdırır. “Davud xənadanı”nın ərazilərinə isə Dəclə və Fərat çayları da daxildir ki, bu çaylar Türkiyədən axmağa başlayır. Dolayısıyla, sionizm ideologiyası Türkiyə ərazilərinə də iddia edir. Təbii ki, qardaş ölkənin heç bir siyasi xadimi bu planla razılaşmaz, ona ən kəskin qarşı çıxan tərəfdə yer alar və buna məcburdur da. Bu mənada Donald Trampın Netanyahunu rasionallığa dəvət etməkdə nə qədər haqlı olduğu ortadadır”.
O ki qaldı Azərbaycanın “İbrahim sazişi” projesində yer alıb-almaması ehtimalına, Heydər Oğuzun fikrincə, bu ehtimal iki hala görə qeyri-mümkündür: “Əvvəla, “İbrahim sazişi” iki sami xalqın nümayəndələri olan yəhudilərlə ərəbləri bir ittifaqda birləşdirməyi nəzərdə tutur və bu ideologiya yəhudi və ərəb dini düşüncələrinə söykənir. Yeri gəlmişkən, planın adının İbrahim peyğəmbərlə əlaqəli olması da dini mətnlərdən referans alınıb. Belə ki, dini mətnlərə görə, İbrahim peyğəmbərin iki həyat yoldaşının hər birindən bir oğlu olub. Saradan olan oğlu İsa peyğəmbər yəhudilərin, Həcərdən olan İsmayıl isə ərəblərin ilk atasıdır. “İbrahim sazişi” də məhz bu oğulların övladlarını birləşdirməyi, aralarındakı düşmənçiliyi dayandırmağı hədəfləyir. Sözsüz ki, Azərbaycan bu xalqlardan heç birinə aid deyil və deməli, bizim həmin sazişdə yer almağımız da qeyri-mümkündür. Biz sadəcə ərəblərlə yəhudilərin himayədarı ola bilərik və yəhudi dini mətnlərində bu xüsus da var. Yəhudi inancına görə, Nuh peyğəmbərin altı oğlundan biri Yafəs, digər ikisi isə Sam və Ham olub. Hamla Sam bir-biri ilə savaşanda Yafəs onları ayırıb və Sama qahmar çıxaraq Hamı cəzalandırıb. Bundan xəbər tutan Nuh haqsız olan Hama qarğış edib və ondan indiki zəngilər meydana gəlib. Samdan isə ərəblər və yəhudilər yaranıb. Nuh peyğəmbər Sama dünya ağalığını vəd edib, ona və oğullarına Yafəsdən doğulanlara qarşı çıxmamağı məsləhət görüb. Yafəsin övladları isə biz Türklərik və həqiqətən də tarix boyu yəhudiləri qorumağa çalışmışıq. Başqa sözlə desək, yəhudi inancına görə, dünyanı onlar idarə edəcəklər, onları isə bizlər qoruyacağıq. Təbii ki, hədlərini aşmadıqları, Trampın deyimi ilə desək, özlərini rasional və ağıllı apardıqları təqdirdə. Bu mənada Azərbaycan və Türkiyə, həmçinin Türk dünyası yəhudi inancına görə, dünyada ədalətin qoruyucuları və ordularıdır. Bu orduya qarşı gələnlər mütləq Allahın qəzəbi ilə qarşılaşırlar”.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ