Onlayn ictimai-siyasi qəzet
Hər dəfə nəsə bir siyasi sammit, idman, musiqi yarışması olur və ortaya çıxır ki, Avropa qədim oğuzlarda olduğu kimi, İş Avropa və Dış Avropaya bölünüb.
Artıq Avropanın özək dövlətləri - Almaniya, Fransa, İngiltərə, İsveç, Norveç, Avstriya, Hollandiya, Danimarka və digərləri bir sıra başqa dövlətləri (Rusiya, Türkiyə, Macarıstan, Azərbaycan, Belarus, Serbiya, Slovakiya, Gürcüstan və b.) Dış Avropa sayırlar.
Bu, ayrı-seçkiliyin səbəbləri çoxdur və heç də sırf İç Avropanın kaprizlərindən, tərcihlərindən qaynaqlanmır.
Rusiya ilə bağlı məsələ çılpaqlığı ilə aydındır. Böyük hissəsi Asiyada yerləşən bu dövlət 300 ildir Avropa ailəsinin bərabərhüquqlu üzvü ola bilmir – ölkədə mütləqiyyətlər, avtoritar rejimlər bir-birini əvəz edir, dürüst və qanuni seçkilər keçirilmir, imperiya ambisiyası daşıyan mürtəce siyasətdən əl çəkilmir, demokratiya və insan haqlarına dair prinsiplər müntəzəm tapdalanır və sair və ilaxır.
Üstəlik, son 10 ildə Rusiyanın Ukraynaya, eləcə də onu dəstəkləyən Avropa dövlətlərinə qarşı düşmənçilik mövqeyində olması bu dövləti “qoca qitə”nin dışında saxlayıb. Ona görə də illərdir ki, Rusiyanı Avropanın “xeyir-şər məclisləri”nə buraxmırlar – idmançıları, musiqiçiləri, digər sənətçiləri beynəlxalq yarışmalara dəvət edilmir, diplomatları vaxtaşırı “persona non-qrata” elan edilir.
Belarus Rusiyanın güdazına gedir. Çünki rəsmi Minsk özünü həmişə Moskvanın peyki kimi aparır, Kremldə Avropaya qarşı hansı mövqedə olur, hansı ritorikadan istifadə edirlərsə, Lukaşenkonun sarayında da eyni cür mövqe sərgiləyir, eyni sözlərlə danışırlar.
Ayrıca, Avropanın 6 dəfə ard-arda prezident seçilmiş Lukaşenkoya həm seçkilərin legitimliyi, həm də ölkəsində itkin düşən və heç cür tapılmayan siyasətçilərlə bağlı ciddi sual və iradları var.
Kollektiv Avropanın Türkiyəyə iradları bir az başqa səpkidədir. Türkiyədə seçki problemi yoxdur. Siyasi partiyalar açıq və azad şəkildə fəaliyyət göstərir, dalaşa-dalaşa, kəskin ifadələrdən istifadə edə-edə seçkilərə qatılır, udur, uduzurlar. Vaxtilə Almaniyada Helmut Kolun partiyası 16 il ard-arda seçkilərdə qalib gəldiyi kimi, Türkiyədə də bu rekord Rəcəb Tayyib Ərdoğanın partiyasına məxsusdur. Ancaq qardaş ölkənin paytaxtı Ankarada, baş meqapolisi İstanbulda, üçüncü böyük şəhəri İzmirdə, kurort paytaxtı Antalyada seçkiləri müxalif partiyanın üzvlərinin udması göstərir ki, Türkiyədə seçkilər qanuni və dürüst keçirilir (kiçik neqativ hallar, pozuntular, əbəttə, olur).
Fəqət Avropa lap çoxdan bu fikirdədir ki, Türkiyəni Rəcəb Tayyib Ərdoğan yox, başqa birisi idarə etməlidir. Onlar Ərdoğanı həzm edə bilmir, özlərinə yaxın saymırlar. Gerçəklik isə budur ki, Ərdoğan hakimiyyətə yeni gəldiyi vaxtlarda ölkəsini Avropa İttifaqının üzvü etmək üçün çox şeyə hazır idi. Müsəlman ölkəsi hətta Avropanın cinsi azlıqlara dair tələblərini (cəmiyyətdə xor görülməmələri, bircinsli nikahlara icazə və s.) yerinə yetirməyə hazır idi. Ölkənin aparıcı media qurumlarından biri olan “Hirriyet” qəzeti cinsi azlıq nümayəndələrinin evlənməsi barədə xəbəri manşetdən verərək əhalini müjdələmiş, bunun Avropa yolunda yandırılan yaşıl işıq saydığını gizlətməmişdi.
Ancaq Avropanın böyük dövlətlərinin - Fransa və Almaniyanın siyasi xadimləri açıq mətnlə bəyanat verdilər ki, Türkiyə nə etsə də, Aİ ailəsinə buraxılmayacaq. Elə də oldu. 50 il boyunca qapı kandarında gözləyən Türkiyə, nəhayət, Avropadan üz döndərdi, öz müstəqil regional siyasətini yeritməyə, Yaxın Şərqdə, Qafqazda, Asiyada tərəfdaşlar toplamağa başladı. Şimali Kipr məsələsinin Türkiyəyə Avropa yolundakı maneələrdən biri olduğunu da qeyd edək.
Hazırda Avropanın Azərbaycana yönəlik iradları əsasən Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlıdır. Nə qədər ki, Qarabağ ermənilərin əlində idi, Avropa dövlətləri bölgəni necəsə Bakının yurisdiksiyasından çıxara biləcəklərinə ümid edirdilər və ölkəmizdəki demokratiya və insan haqları ilə bağlı problemlərə göz yumurdular, keçirilən seçkiləri “irəliyə doğru addım” kimi qiymətləndirirdilər. Ancaq 2020-ci ildə Azərbaycan öz qanuni ərazisi üzərində nəzarətini bərpa etdikdən sonra Avropanın ölkəmizə münasibəti xeyli dəyişdi, daha “irəliyə doğru addım”larımızı görmürlər.
Heç gözlənilmədən Gürcüstan da “qoca qitə” tərəfindən bizim cərgəmizə itələnib. Buna səbəb “Gürcü arzusu”nun yeritdiyi siyasətdir. Gürcüstanın hakim partiyası bir sıra Avropa dəyərlərinə qarşıdır, Aİ-nin cinsi azlıqlarla və xarici qrantlarla bağlı tələblərini qəbul etmir. Ona görə də rəsmi Tiflis ABŞ-nin və Avropanın gözündən düşüb. ABŞ və Avropa ilə işləyən qeyri-hökumət təşkilatlarının qrant almasının yasaqlanmasını, cinsi azlıqların qanundankənar elan edilməsini İvanişvili rejiminə bağışlamaq istəmirlər.
Avropanın göbəyində yerləşən Macarıstanın Dış Avropaya aid edilməsi Viktor Orbanın avtoritar idarəçiliyindən qaynaqlanır. Onun cinsi azlıqlar məsələsində tutduğu mövqe Avropada bəyənilmir, üstəlik, Rusiyaya qahmar çıxması, Ukrayna vilayətlərinin işğalından yana olması kəskin tənqid olunur. Hətta bəzən Macarıstanın Aİ üzvlüyünün dondurulması və ya səs hüququndan məhrum edilməsi kimi təkliflər də səslənir.
Serbiya və Slovakiya da Moskvaya reveransları üzündən Avropanın etinasızlıq gördüyü ölkələrə çevriliblər.
Belə anlaşılır ki, siyasi və coğrafi baxımdan Avropaya aid olmaq hələ əsl avropalı olmaq deyil.
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ