İnsanlara hürriyət, millətlərə istiqlal!

İçki məclisindən sonra zorlandığını düşündü - sevgilisini bıçaqladı

Sevgilisi Fərid Hüseynzadənin həyatına qəsd etməkdə ittiham olunan Səbinə Vəliyevanın cinayət işi üzrə məhkəmə araşdırmaları sona çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Səbinə Vəliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə irəli sürülmüş ittihamları nəzərə alaraq onun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini təklif edib.

Müdafiə tərəfi isə çıxışında təqsirləndirilən şəxsin yaşının gənc olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq onun barəsində daha yüngül cəza tədbirinin seçilməsini xahiş edib.

Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu bildirib.

Məhkəmə müşavirədən sonra hökm elan edib. Hökmə əsasən, Səbinə Vəliyeva 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

İttiham görə, Səbinə Vəliyeva ailəsinin xəbəri olmadan Bakı şəhərinə gələrək Fərid Hüseynzadə adlı şəxslə tanış olub, daha sonra Suraxanı rayonu ərazisində kirayə mənzil tutaraq onunla qeyri-rəsmi münasibətdə birlikdə yaşamağa başlayıb.

İstintaq materiallarında qeyd olunur ki, Səbinə Vəliyeva ifadəsində hadisənin motivi kimi təhqir olunduğunu göstərib. Hadisənin baş verməsinə səbəb olan şərait araşdırmalar nəticəsində sərxoşluq vəziyyətində baş vermiş məişət münaqişəsi kimi qiymətləndirilib.

Belə ki, 2024-cü il yanvarın 23-də onlar birgə yaşadıqları mənzildə şam yeməyi zamanı spirtli içki qəbul ediblər. İçki məclisinin səhəri Səbinə Vəliyeva çarpayıda çılpaq vəziyyətdə ayılıb. Bu səbəbdən Fərid Hüseynzadə tərəfindən ona qarşı seksual xarakterli zor tətbiq edildiyini ehtimal edərək yatan Fərid Hüseynzadəyə qisas niyyəti ilə bıçaqla bir neçə zərbə endirib. Nəticədə sonuncu ağır bədən xəsarətləri alıb.

Faktla bağlı Səbinə Vəliyevaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 120.2.9-cu (zorlama və ya seksual xarakterli zorakılıq hərəkəti ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

İnarə Hünbət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR