Onlayn ictimai-siyasi qəzet
Bir müddət əvvəl bəzi icra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı aşkarlanan və cəmiyyətə təqdim olunan neqativ hallar bu sahədə köklü islahatların aparılmasının vacibliyi ilə bağlı müzakirələrin açılmasına səbəb olmuşdu. İcra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təkliflər sırasında idi.
Bununla bağlı uzun zamandır müzakirələr gedir, amma icra hakimiyyətlərinin ləğv olunması üçün konstitusiyada dəyişiklik lazımdır. Ölkədə referendum keçirilməlidir.
Gözlənilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq, Azərbaycan idarəetmə modelində əhəmiyyətli dəyişikliklər olacaq. Bunlardan biri də icra hakimiyyətlərinin ləğvi və yeni iqtisadi rayonların yaradılması ilə Azərbaycanın daha müasir və çevik bir idarəetmə modelinə keçididir.
Qarabağda və Naxçıvanda təyin olunan prezidentin xüsusi nümayəndəlikləri özünü yaxşı mənada doğruldub. Belə görünür ki, bütün Azərbaycan ərazilərində bu modeli tətbiq etmək olar. Qeyd edək ki, hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. Qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən bu institutun özünü doğrultduğunu söyləmək mümkündür. Xüsusi nümayəndəliklərin fəaliyyəti Qarabağda geniş vüsət almış quruculuq-abadlıq işlərinin fonunda qiymətləndiriləndə, bu modelin daha geniş coğrafiyada tətbiqinə ehtiyac yaranır.
Bildirək ki, xüsusi nümayəndəlik institutunun fəaliyyətə başlaması icra hakimiyyətlərinin “kölgədə” qalmasına səbəb olub. Hazırda icra hakimiyyətləri “JEK” funksiyasını yerinə yetirməkdən o yana keçə bilmirlər. Bu isə həmin strukturun tezliklə ləğv olunacağı ilə bağlı ehtimalı bir qədər də qüvvətləndirib.
Modern.az-ın əldə etdiyi məlumata görə, islahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacaq.
Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək.
İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir.
Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.
Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ