Onlayn ictimai-siyasi qəzet
Məşhur iş adamı və “SpaceX”, “Tesla” kimi texnologiya nəhənglərinin rəhbəri İlon Maskın narkotik maddələrə meyli son aylarda ciddi şəkildə artıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu nəşrlərindən biri olan “The New York Times” adını açıqlamayan mənbələrə istinadla məlumat yayıb.
“The New York Times” yazır ki, Trampın komandasına qoşulduqdan sonra Mask ketamin, ekstazi, psixodelik göbələklər və “Adderall” adlı stimulyator qəbulunu əhəmiyyətli dərəcədə artırıb. Mənbələrin bildirdiyinə görə, milyarder bu maddələri təkcə ictimai yerlərdə deyil, şəxsi görüşlərdə də istifadə edib. Bəzi hallarda bu istifadənin gündəlik xarakter daşıdığı qeyd olunur.
Nəşr qeyd edir ki, Maskın sahibi olduğu “SpaceX” şirkətində vaxtaşırı narkotik testləri keçirilir və o, bu yoxlamalar barədə əvvəlcədən xəbərdar edilirmiş ki, testlərdən yan keçə bilsin.
Xatırladaq ki, 2023-cü ildə The Wall Street Journal da Maskın narkotik istifadəsi ilə bağlı yazı dərc etmişdi. 2024-cü ilin martında isə İlon Mask özü mətbuata açıqlamasında həkim tövsiyəsi ilə hər iki həftədə bir dəfə az miqdarda ketamin qəbul etdiyini demişdi. Lakin “The New York Times” bu açıqlamanı təkzib edərək Maskın narkotiklərə daha ciddi şəkildə aludə olduğunu iddia edir.
Qeyd edək ki, ABŞ-da ketaminin istifadəsi yalnız həkim nəzarəti altında və əsasən psixi pozuntuların, o cümlədən depressiyanın müalicəsində tətbiq olunur. Lakin bu maddənin psixodelik təsiri, reallıq hissinin itməsinə səbəb olması və uzunmüddətli istifadəsinin asılılıq yaratması kimi təhlükəli yan təsirləri var. Nəşr xəbərdarlıq edir ki, ketaminin sui-istifadəsi sidik kisəsində problemlər də daxil olmaqla, ciddi fəsadlara yol aça bilər.
Bu mövzu İlon Maskın şəxsi həyatı ilə yanaşı, onun rəhbərlik etdiyi texnologiya şirkətlərində etik və təhlükəsizlik məsələlərini də gündəmə gətirir.
Musavat.com
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ