İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə SSRİ bayrağı qaldıran Səmədovdan XƏBƏR VAR

Bu ilin mayında İmişlidə faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov peyda olub.

Cəmiyyətdə geniş rezonans doğuran bu hadisədən sonra Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçdi. Saleh Səmədov vergidən yayınmada ittiham edilirdi.

Mayın 13-də Saleh Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Həmin günlərdə İmişlidə SSR bayrağı qaldırılmasını adi bir hal kimi qəbul edənlər də vardı.

Ötən günlərdə Rusiyada həmyerlilərimizə qarşı törədilən vəhşiliklərlə İmişlidə 1 ay öncə baş verənlərin bağlılığı ola bilərmi?

kamran2022.jpg (23 KB)

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, İmişlidə SSRİ bayrağının qaldırılması və Saleh Səmədovun bu rəmzlər altında xüsusən də sinəsində “Georgi lenti” ilə çıxış etməsi təkcə daxili məsələ deyildi:

“Bu hadisə həm də geosiyasi kontekstdə qiymətləndirilməlidir. Bu cür rəmzi addımlar Azərbaycanda hansı mesajları verir və bu, Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlərlə əlaqələndirilə bilər. Çünki Saleh Səmədovun birdən-birə 30 il öncə dağılmış bir ittifaqın - SSRİ bayrağı altında və “Georgi lenti” ilə çıxışı, yəni müstəqil Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edən bu simvolların ictimai tədbirdə nümayişi Rusiya imperializminin ideoloji xəttinə uyğun gəlir. Xüsusilə də “Georgi lenti” hazırda Rusiyada Ukraynaya qarşı müharibənin əsas təbliğat rəmzlərindən biridir. Bu, həm də Kremlə bağlı şəxslərin Azərbaycanda müəyyən “təsir dairəsini” qoruyub saxladığını göstərən bir siqnal ola bilər”.

Siyasi şərhçi bildirib ki, son aylarda Rusiyada azərbaycanlılara qarşı baş verən zorakılıqlar, kütləvi döyülmələr, saxlanmalar, təhqirlər təsadüf deyil:

“Bu, Kremlin diasporaya qarşı təzyiq alətidir və Azərbaycan hakimiyyətinə bir mesaj kimi də dəyərləndirilə bilər. Bu baxımdan Saleh Səmədovun timsalında SSRİ və Rusiya rəmzlərinin Azərbaycanda təbliği iki istiqamətdə mesaj daşıyırdı. Bu, Kremlin loyal tərəfdarları üçün bir ümid idi, “biz hələ burdayıq” siqnalı idi. Azərbaycan ictimaiyyəti üçün isə “keçmişinizi unutmayın” şəklində qorxutma və təxribat cəhdi idi”.

Kamran Məmmədlinin sözlərinə görə, Saleh Səmədov vergidən yayınmaya görə həbs edilsə də, belə rəmzi fiqurların həbsi təkcə maliyyə pozuntuları ilə izah oluna bilməz:

"Bu həm də “Kremlin təbliğatçılığına Azərbaycanda yer yoxdur” mesajı idi. İmişlidə SSRİ bayrağının qaldırılması və hazırda Rusiyada azərbaycanlılara qarşı törədilən vəhşiliklər bir-birindən ayrı hadisələr kimi görünsə də, ideoloji və siyasi kontekstdə bir-birinə bağlıdır. Bu, həm daxili suverenlik məsələsidir, həm də xarici təhdidlərə qarşı reaksiyadır. Məhz bu cür rəmzlərlə çıxış edən şəxslər cəmiyyətimizə təkcə keçmişi yox, həm də təhlükəli bir gələcəyi xatırladır”.

Siyasi şərhçi deyib ki, Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlər və zorakılıqlar da təsadüf deyil:

“Moskva zaman-zaman etnik azlıqlara qarşı təzyiqi siyasi alətə çevirib. Son aylarda isə bu təzyiqin hədəfi konkret olaraq azərbaycanlılar olub. Bu cəbhədə baş verənlər Moskvanın Bakı ilə münasibətlərində balansı pozan, daha çox siyasi mesajlar daşıyan addımlardır. Bu gün Azərbaycan postsovet travmalarını hələ də daşıyır. Bizim üçün SSRİ rəmzləri təkcə bir imperiyanın yox, həm də milli kimliyimizin sıxışdırılmasının, dilimizin təzyiq altında qalmasının, torpaq itkilərinin simvoludur.

Hazırkı geosiyasi vəziyyətdə bu cür rəmzi təxribatlara qarşı dövlətin reaksiyası qəti olmalıdır. Bu, həm ölkədaxili ideoloji təhlükəsizlik, həm də beynəlxalq mövqelərimizin müdafiəsi baxımından vacibdir”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR