Onlayn ictimai-siyasi qəzet
İmtahanlarda fırıldaqçılıq fərdi təşəbbüsdən çıxaraq təşkilatlanmış “xidmət paketi” formasını alıb.
Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz ictimaiyyətə açıqlama verib.
O bildirib ki, əvvəllər hansısa texniki vasitədən istifadə edən abituriyentlər barmaqla sayılacaq qədər az idi və Dövlət İmtahan Mərkəzinin detektorları onları asanlıqla aşkarlaya bilirdi:
“Lakin indi vəziyyət dəyişib. Görünür ki, bəzi texnoloji işbazlar bu sahədə “yeni biznes modeli” qurublar. Onlar “imtahanda uğur qazanmaq” istəyənlərə “gizli texnologiya paketi” adı altında mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və digər vasitələri təklif edirlər”.
Osman Gündüz qeyd edib ki, əldə olunan məlumata görə, bu cür xidmət göstərən şəbəkənin üzvləri artıq saxlanılıb:
“Onlara qarşı cinayət işi açılıb və istintaq aparılır. Bəzi abituriyentlərin imtahan nəticələri ləğv olunub. Əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət İmtahan Mərkəzinin müşahidə və müraciətləri əsasında həyata keçirilib”.
Texnologiya üzrə ekspert bildirib ki, görünür, aidiyyəti orqanlar bu tip halların artmasını və mərkəzləşmiş şəkildə həyata keçirilməsini müşahidə ediblər:
“Yəni texniki avadanlıqla imtahana gələnlərin müəyyən region və ya qrupla əlaqəli olması şübhə doğurub. Eləcə də imtahan zamanı müşahidə kameraları və süni intellekt sistemləri vasitəsilə qeyri-adi davranışların – qulağa tez-tez toxunma, paltarda nə isə axtarma, mikroqulaqlıqdan gələn səslərə reaksiyalar – izlənilməsi bu əməliyyatlara zəmin yaradıb”.
Osman Gündüz hesab edir ki, burada ən təhlükəli məqam fərdi fırıldağın deyil, təşkilatlanmış, pullu, texnoloji və cinayət xarakterli sistemin yaranmasıdır:
“Artıq bu, imtahan verənin öz təşəbbüsü ilə yox, “xidmət” olaraq təklif olunan texnoloji dəstək paketidir. Bu bir fərdi fırıldaq yox, kütləvi, təşkilatlanmış texnoloji cinayət modelidir”.
Ekspert hesab edir ki, DTX-nin bu şəbəkəni ifşa etməsi və məsuliyyətə cəlb etməsi təqdirəlayiq addımdır. Amma əsas məsələ bununla bitmir:
“Burada problem təkcə bir neçə abituriyentin fırıldağa əl atması deyil. Əsas məsələ texniki və texnoloji biliklərə malik şəxslərin bu bilikləri cinayətə yönəltməsidir”.
Osman Gündüz vurğulayıb ki, bir neçə gün öncə də kiber sahədə cinayət törətmiş istedadlı bir gəncin məhkəməsi ictimaiyyətin diqqətində idi:
“Bu cür hallar göstərir ki, dövlət, cəmiyyət və xüsusilə təhsil və innovasiya qurumları səfərbər olmalıdır. Texnoloji potensiallı insanlar fırıldağa və cinayətə yox, ölkənin inkişafına yönəlmiş layihələrə cəlb olunmalıdır”.
Afaq,
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ