Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət naziri Stiven Dotin Bakıya səfəri Rusiya mediasında “bomba partlayışı effekti” verib. Azərbaycan- Böyük Britaniya münasibətlərinin ən yüksək səviyyədə olması yeni fakt deyil. Amma AZAL-ın təyyarəsinin vurulması ilə Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginlikdən sonra Bakıya hər belə səfərə media xüsusi qıcıqla yanaşır. Stiven Dotin Bakı səfərinə Rusiya mediasında xüsusi diqqətin əsas səbəbi bəllidir. Rusiya ilə Britaniya Krallığı dünya siyasətində ənənəvi rəqibdir. İndi də bu cür səfərləri qısqanclıq və şübhə altına alırlar.
Məsələn, Rusiya nəşrləri Stiven Dotin Bakı səfərində Prezident İlham Əliyevə İngiltərə futbol yığmasının formasını hədiyyə etməsindən “uzaqgedən nəticələr” çıxarıb. “Svobodnaya pressa” nəşri yazır ki, Rusiyaya qarşı keçirilən “böyük oyun”da britaniyalılar “Qafqaz komandası”na stavka edirlər. O da bildirilir ki, britaniyalı nazir Bakıdan sonra getdiyi İrəvanda Paşinyana heç bir köynək hədiyyə etməyib. “Azərbaycan Prezidentinə üzərində "1" rəqəmi olan köynək verərkən çəkilmiş foto, sadəcə, dostluq jestidir, yoxsa gizli simvolik məna var? London çox məmnundur, çünki köynəyi təhvil verməklə britaniyalı nazir Vaşinqtona, Brüsselə və Moskvaya “İlham Əliyev bizim komandadadır” mesajı ünvanlayır".
Azərbaycana qarşı həmişə qərəzli mövqeyi ilə seçilən politoloq Oleq Belikov açıqlamasında daha da irəli gedərək deyib ki, “Azərbaycan Rusiyaya hücum etməli olan dövlətlər klubuna” qəbul edilir". O da xüsusi vurğulanır ki, Britaniyanın əsas məqsədi Rusiyanın enerji resurslarına zərbə vurmaqdır. “Mahiyyət etibarı ilə ingilis nazir Bakıya Rusiyaya zərbə endirmək planını gətirmişdi. Rusiya neftinə yeni sanksiyalar tətbiq edən Böyük Britaniya özü də üçüncü ölkələr vasitəsilə əsas alıcı olaraq qalır. Böyük Britaniyada "Lindsey" neft emalı zavodunun bağlanmasını nəzərə alsaq, Bakı London tərəfindən ideal mənbə kimi qəbul edilir. Əgər Azərbaycan enerji axınını Londonun iştahını ödəməyə yönəltsə, bu, birbaşa Rusiya büdcəsinə maliyyə zərbəsi vurmuş olacaq”.
84 milyard funt sterlinqdən artıq sərmayə ilə Böyük Britaniya Azərbaycanın ən böyük xarici investoru olaraq qalır. Azərbaycanın Böyük Britaniyaya yatırımları artıq 2 milyard dolları ötüb. Hazırda 500-dən çox Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onların fəaliyyəti infrastrukturdan tutmuş səhiyyə və kənd təsərrüfatına qədər müxtəlif sahələri əhatə edir. Böyük Britaniya mürəkkəb və təlatümlü bir regionda Azərbaycanı mühüm təhlükəsizlik tərəfdaşı kimi dəyərləndirir. Mart ayında otuz ildən sonra Böyük Britaniyanın Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin etməsi Rusiyanın ciddi narahatlığına səbəb olub.
Oqtay Qasımov
Politoloq Oqtay Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın təbliğat maşını növbəti dəfə boş iddialar ortaya atıb: “Azərbaycan Britaniya ilə yaxşı əlaqələrə malikdir. Krallıq ölkəmizə ən çox investisiya yatıran dövlətdir. Tərəflər arasında siyasi-iqtisadi əlaqələr genişdir, həmişə inkişafdadır. Həmçinin Britaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Ən əsası 2020-ci ildə Fransanın təşəbbüsü ilə ölkəmiz əleyhinə BMT Təhlükəsizlik Şurasında qətnamələrin qəbuluna hazırlıq gedəndə Britaniya buna əngəl oldu. Yəni dost və tərəfdaş ölkələrik. Sadəcə, Rusiya hibrid bir savaş açıb və iftira xarakterli məlumatlar yaymaqdadır”.
Onun fikrincə, doğrudur, Britaniya ilə Rusiya Ukrayna münaqişəsi səbəbindən münasibətlərin ən gərgin dövrünü yaşamaqdadır, ancaq o demək deyil ki, Bakı Moskva əleyhinə bloklarda yer alır: “Hətta İranın vurulması prosesinə hazırlıq gedəndə də biz qonşumuza qarşı hansısa ssenarilərdə yer almamışıq. Odur ki, Rusiya informasiya məkanı növbəti yalan xəbərlər yayır. Azərbaycanın addımları Rusiya əleyhinə yönəlməyib və bunu birdəfəlik dərk etməlidirlər. Əgər bu gün Moskva ilə əlaqələrimiz pisləşibsə, bunun günahkarı da qarşı tərəfdir. İndi də özlərinin şovinist düşüncələrini yeritməyə çalışırlar, amma heç bir halda keçərli deyil. Azərbaycan Prezidenti ərəb televiziyasına müsahibəsində də bəyan etdi ki, bizə qarşı hörmətsizliyə dözməyəcəyik. Sadəcə, Rusiya elitası və təbliğat komandası dəyişən, müasirləşən dünyadakı yeni reallığı qəbul etməkdə çətinlik çəkir və o səbəbdən belə isterikaya qapılır”.
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayeva ingilislərin həmişə Qafqazda maraqlarının olduğunu düşünür: “Bu tarixən belə olub. Təbii ki, siyasi-iqtisadi maraqlar səbəbindən region cəlbedicidir. Sadəcə, Rusiyanın reaksiyaları anlaşılmazdır. Azərbaycan bütün tərəflərlə əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Əgər ruslar bundan narahatdırsa, deməli, Azərbaycanla dürüst dialoq və tərəfdaşlıq qurmadıqlarını qəbul edirlər. Sözsüz ki, Azərbaycanın hansısa siyasi oyunlarda iştirakını iddia etmək absurd olardı. Azərbaycandan indiyə qədər qonşularına xeyir gəlib, zərər yox. Təəssüf ki, məhz indi rus mediası belə dezinformasiyalar tirajlayır. Münasibətlərin gərgin dövrü olduğu üçün Azərbaycana qara yaxırlar. Halbuki Britaniya Azərbaycana xoş münasibətini heç zaman gizlətməyib və ədalətli yanaşıb. Biz Bakıdakı səfirin müsahibələrində də bu səmimiyyəti görə bilirik”.
Ekspert hesab edir ki, Rusiya qəzəbli və xaotik reaksiyalarına son qoymalı, Azərbaycanla normal münasibətləri bərpa etmək üçün gözləntilərimizi yerinə yetirməlidir, nəinki hansısa görüşlərdə “ingilis barmağı” axtarmalı...
Qeyd edək ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyır. Əməkdaşlıq hələ XIX əsrin sonu-XX əsrin əvvəllərində yaranıb. Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb və ölkəmizin ATƏT-də iştirakını dəstəkləyib. 1994-cü ildə Bakıda Böyük Britaniyanın BP şirkətinin ən çox paya malik olduğu “Əsrin müqaviləsi” adlanan neft sazişi bağlanıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
ŞƏRHLƏRŞƏRH YAZ