İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsraili düşmən kimi görmürmü? - "Xəritədən silmək" ifadəsi rəsmi siyasətdən silinir

"Yüksək analitik vurğu ilə iddia etmək olar ki, İsraillə İranın hərbi eskalasiyası nəticə olaraq tərəflərin yeni dünya nizamındakı münasibətlər sisteminə nisbi pozitivliyə doğru təsir göstərə bilər".

Bu barədə Musavat.com-a açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov deyib.

AQSİN.jpeg (208 KB)

O qeyd edib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin "Fox News"a müsahibəsindəki ştrixlərə baxanda da Tehranda bu ideya üzərində yanaşmalara dəstək qruplarının olduğunu demək olar:

"Əraqçi müsahibəsində deyib: "İsraili xəritədən silmək heç vaxt İranın siyasəti olmayıb".

Hərçənd ki, İranın rəsmi siyasətini müəyyən edən Seyid Əli Xamenei də daxil olmaqla yüksək vəzifəli İran rəsmiləri dəfələrlə İranın "İsraili məhv etmək məqsədini" vurğulayıblar.

Texniki baxımdan Əraqçinin açıqlaması geosiyasi boşluqlara düşmüş İranın İsraillə əlavə hərbi toqquşmaya girməkdən yayınmaq üçün seçilmiş diplomatik mətn kimi oxuna bilər. Ancaq ehtimalla səhnənin arxasında İsraillə İranın münasibətlərindəki paradiqmaları dəyişdirmək aktuallıq kəsb edir".

Aqşin Kərimovun fikrincə, İranın ABŞ ilə bərabər, E3 formatında (Böyük Britaniya, Fransa, Almaniya) paralel danışıqlar aparması geniş miqyasda İsraillə Tehranın əlaqələrinə yeni baxış gətirəcək:

"Bu, İranla İsrail arasındakı mümkün vasitəçilik səylərinin perspektivini də vurğulayan kodları aça bilər. Başqa yandan isə Rusiya və Çin də moderatorluq iddialarını davamlı olaraq gündəmdə saxlayacaq. Bu isə İrana bağlı strategiyaların Qərb-Rusiya-Çin qarşıdurmasındakı geosiyasi rəqabətin rəngini dəyişəcək.

Lakin İran daxilində İsraillə gələcək əlaqələrin necə qurulacağına dair saraydaxili fikir ayrılıqlarının olması ehtimalları da yüksəkdir. Gümanla, bu fikir haçalanmaları İranın ali rəhbəri Seyid Əli Xameneinin varislik irsinə də təsirsiz ötüşməyəcək".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR