Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranda mollalar artıq mobil telefondan da qorxmağa başlayıb. Rəsmən açıqlanıb ki, təhlükəsizlik narahatlıqları səbəbilə Tehrandakı parlament binalarına mobil cihazlarla daxil olmaq dərhal qadağan olunub. Səbəb? Cihazların “düşmənə” casusluq etməsi ehtimalı!
Sarkazmı bir kənara qoymaq mümkün deyil: görünən odur ki, ayətullahların rejimi artıq telefonun siqnalından da sarsılır. Tehran hökuməti üçün indi hər zəng, hər “selfie”, hər WhatsApp mesajı birbaşa “Mossad-a ötürülən hesabat” kimi qəbul olunur.
Bu təşvişin kökündə isə çox real səbəblər dayanır. Son aylar ərzində İsrailin İrana qarşı həyata keçirdiyi dəqiq hava zərbələri rejimin yüksək rütbəli hərbi rəhbərlərini bir-bir “evlərində” və ya “divanlarında oturarkən” vurub. Sözün əsl mənasında – çay içərkən, konum paylaşarkən…
İddialara görə, İsrail xüsusi xidmət orqanları İran generalitetinin yerlərini mobil telefonların GPS siqnalları ilə müəyyənləşdirərək, onlara dəqiq koordinatlar əsasında zərbələr endirib. Yəni, “mömin” komandirlər bir yandan “ölüm olsun İsrailə” deyib, o biri yandan “konum paylaş” düyməsinə toxunub. Nəticə – raket qapını döyür!
İndi isə Tehranda təlaş böyüyüb – parlament binasına mobil telefonla girmək “milli təhlükəsizliyə təhdid” elan olunub. Qərar dərhal qüvvəyə minib və ayətullahların öz kölgələrindən qorxduğu bir dövrə qədəm qoyulub.
Ekspertlər deyirlər ki, bu qərar təkcə təhlükəsizlik tədbiri deyil, həm də rejimin informasiya texnologiyalarına qarşı psixoloji savaşının göstəricisidir. Çünki artıq “ağıllı telefon” ayətullahlar üçün “ağıllı bomba” qədər təhlükəlidir.
Bəli, İranda indi təkcə söz yox, siqnal da qadağandır.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ