Onlayn ictimai-siyasi qəzet
İstanbulda İranla 3 Avropa ölkəsi - Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqları başlayıb.
Danışıqlar 4 ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində və İran İslam Respublikasının İstanbuldakı konsulluğunda keçiriləcək.
İsrail və İran arasında 12 günlük qarşıdurmadan sonra və Avropanın yeni nüvə razılaşmasına nail olmaq üçün verdiyi son tarixdən sonra bu, İranla keçiriləcək ilk danışıqlardır.
Britaniya, Fransa və Almaniyanın üç hökuməti İrana avqustun sonuna qədər, təxminən 5 həftə sonra yeni nüvə sazişi bağlamağa vaxt verib, əks halda bu ölkələr Təhlükəsizlik Şurasının sanksiyalarını canlandırmaq üçün səylərə başlayacaq.
Bu danışıqlarda İrandan beynəlxalq işlər nazirinin müavini Kazem Qaribabadi və İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi iştirak edir.
Danışıqlarda iştirak edən tərəflər bəyan ediblər ki, diqqət mərkəzində BMT Təhlükəsizlik Şurasının sanksiyalarının tətik mexanizmi və ya avtomatik geri qaytarılması olacaq.
Danışıqların əvvəlində İRNA xəbər agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayiyə istinad edərək, 3 Avropa ölkəsini "Avropanın etibarını və danışıqlardakı mövqeyini ləkələyən və onu marjinal oyunçuya çevirən əvvəlki qeyri-konstruktiv yanaşmaların əvəzini çıxmaq üçün bu fürsətdən istifadə etməyə" çağırıb.
Bir gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi uranın zənginləşdirilməsi proqramının davam etdirilməsini vurğulamışdı.
Qaribabadi 2 gün əvvəl Nyu-Yorkda da deyib ki, "İran üç Avropa ölkəsi ilə bu görüşü vacib hesab edir, lakin Avropa ölkələri öz mövqelərini ABŞ-la əlaqələndirməməlidir".
Birləşmiş Ştatlar bildirib ki, İran uranın zənginləşdirilməsi proqramına son qoymalıdır və bu ölkə ilə hər hansı yeni saziş zənginləşdirməyə son qoyulmasını ehtiva etməlidir.
12 günlük müharibə zamanı ABŞ İranın üç nüvə obyektinə, o cümlədən İsfahan, Natanz və Fordoya hava zərbələri endirib.
İran bildirir ki, bu mərkəzlər böyük ziyana uğrayıb, lakin o, sülh məqsədləri üçün uranı zənginləşdirməyə davam edəcək, razılaşma ilə və ya razılaşma olmadan.
Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, İstanbul danışıqlarının özəlliyi ondadır ki, bu, artıq klassik diplomatik təmas deyil:
"Tərəflər real ultimatumlarla çıxış edir. 3 Avropa ölkəsi - Britaniya, Fransa və Almaniya İranı avqustun sonuna qədər yeni saziş imzalamağa məcbur etməyə çalışır. Bu, əslində Avropanın öz mövqeyini qorumaq və ABŞ-la sinxronlaşmaq cəhdidir. Amma İranın mesajları tam fərqlidir. Tehranın dediyi budur ki, zənginləşdirmə proqramı heç bir halda dayandırılmayacaq. Razılaşma olsa da, olmasa da İran uranı zənginləşdirməkdə davam edəcək".
Politoloq deyib ki, tərəflər arasında razılaşma əldə olunarsa, yeni nüvə sazişi imzalanarsa, İran ən azı Avropanın iqtisadi sanksiyalarından qismən xilas olacaq:
"Bu, İrana valyuta axını və enerji satışlarında rahatlıq gətirəcək. Digər tərəfdən, Avropa üçün də bu razılaşma önəmlidir. Çünki Yaxın Şərqdə gərginliyi azaldaraq İranın nüvə silahı yaratmaq ehtimalını minimuma endirir. ABŞ isə bu sazişin içində olmasa da, öz maraqlarına uyğun şəkildə monitorinq mexanizmlərindən istifadə edə bilər".
Qabil Hüseynli qeyd edib ki, razılaşma əldə olunmasa, Avropa ölkəsi BMT Təhlükəsizlik Şurasında sanksiyaların avtomatik bərpası mexanizminin işə düşməsi üçün hərəkətə keçəcək:
"Bu, İranı yenidən beynəlxalq təcridə salacaq və təzyiqi maksimuma çatdıracaq. Digər təhlükə isə hərbi eskalasiyadır. ABŞ-ın artıq 3 nüvə obyektinə hava zərbələri endirməsi göstərir ki, Vaşinqton real hərbi ssenarini masadan tam qaldırmayıb. Bu danışıqların arxasında təkcə nüvə məsələsi deyil, geosiyasi qarşıdurma dayanır. Əgər Tehran yumşalmasa, qarşıdakı aylarda həm sanksiyaların, həm də hədəfli zərbələrin intensivləşəcəyini görəcəyik. Əks halda, kompromis əldə olunsa, İran müəyyən güzəştlər müqabilində vaxt və iqtisadi nəfəs qazanacaq".
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ