İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Qəmbərdən Etibar Məmmədova sərt cavab: “Dövlət Şurası” tələbi 2003-cü ildə də vardı – o zaman da rədd etmişdim

Musavat.com xəbər verir ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər hərəkat yoldaşı, AMİP-in qurucu lideri Etibar Məmmədovun son açıqlamalarına kəskin cavab verib.

Məsələ, Ramiz Mehdiyevin ortaya atdığı “Dövlət Şurası” ideyası ətrafında yaranan mübahisələr fonunda yeni siyasi qalmaqala çevrilib.

İsa Qəmbər: “Etibar Məmmədov 2003-cü ildə Dövlət Şurasına sədr olmaq istəyirdi”

İsa Qəmbərin bəyanatında bildirilir ki, 2003-cü il prezident seçkiləri ərəfəsində Etibar Məmmədov onunla siyasi razılaşma əldə etməyə çalışıb və çoxsaylı, o cümlədən konstitusiyaya zidd tələblər irəli sürüb:

“Arif bəy haqlıdır. 2003-cü il oktyabrda – prezident seçkilərimə 7-8 gün qalmış Etibar Məmmədov öz namizədliyini geri çəkməsi və mənim namizədliyimi dəstəkləməsi müqabilində, seçiləcəyim təqdirdə:

a) baş nazir vəzifəsini,
b) seçkidən dərhal sonra Dövlət Şurası yaradılmasını,
c) həmin şuraya özünün sədr təyin edilməsini,
d) xarici işlər nazirliyinin və bütün qüvvə strukturlarının Dövlət Şurası sədrinə — yəni özünə tabe etdirilməsini tələb etmişdi.”

İsa Qəmbər əlavə edib ki, bu şərtlərin yalnız birini – baş nazir təyinatını – “məqbul”, qalanlarını isə “qeyri-məntiqi və konstitusiyaya zidd” hesab edib:

“Guya mən bu təklifləri qəbul etmişəm və sonra fikrimi dəyişmişəm — bu, tamamilə yalandır. Mən ona dedim ki, bu şərtlər reallığa uyğun deyil. Bir gün sonra – saat 13:00-a az qalmış – Etibar Məmmədova zəng edib bildirdim ki, bu tələbləri qəbul etmirəm.”

İsa Qəmbərin sözlərinə görə, o vaxt da “Dövlət Şurası” ideyası faktiki olaraq hakimiyyətin konstitusion bölünməsini ləğv edən, antidemokratik model kimi təqdim olunmuşdu.

Arif Hacılı: “Ramiz Mehdiyevin təklifi Etibar Məmmədovun 2003-cü il planına bənzəyir”

Müsavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı isə Ramiz Mehdiyevin son günlərdə yayılmış, Rusiyaya ünvanlandığı bildirilən məktubundakı “Dövlət Şurası” modelinə münasibət bildirərək, maraqlı bir paralel çəkib:

“Bu, təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təklifinin oxşarıdır. O zaman da Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli təqdim olunurdu.”

Arif Hacılı vurğulayıb ki, Mehdiyevin “hakimiyyətin üç qoluna nəzarəti bir şura vasitəsilə təmin etmək” təklifi demokratik idarəetmə prinsipləri ilə ziddiyyət təşkil edir və bu, “avtoritarizmin yeni formasıdır.”

Etibar Məmmədov: “Cəfəng adamlara cavab vermirəm”

Məsələ ilə bağlı Etibar Məmmədovun özü ilə də əlaqə saxlanılıb. O, Arif Hacılının açıqlamalarını qəti şəkildə rədd edib və sərt ifadələrlə cavab verib:

“Cəfəng adamlara cavab vermirəm. Bu iddialar cəfəngiyyatdır.”

Ramiz Mehdiyevin məktubu yeni dalğa yaratdı

Xatırladaq ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya ünvanlandığı iddia edilən məktubunda ölkədə “Dövlət Şurası” adlı yeni idarəetmə modelinin yaradılması təklif olunurdu.

Sənəddə qeyd edilirdi ki, bu şura qanunverici, icra və məhkəmə hakimiyyətlərinə nəzarəti həyata keçirəcək, 50 nəfərlik tərkibi ilə dövlət xadimlərindən, iqtisadçılardan, hüquqşünaslardan və elm adamlarından ibarət olacaq.

Məktubun mətbuata sızması həm Bakıda, həm də Moskva mətbuatında kəskin reaksiyalara səbəb olub.

İndi isə bu ideyanın köklərinin 20 il əvvələ — 2003-cü ildəki müxalifət dialoqlarına gedib çıxması Azərbaycan siyasi tarixində “köhnə planların yeni formatda dirildilməsi” kimi dəyərləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR