Onlayn ictimai-siyasi qəzet
İbrahim peyğəmbər təkallahlığı müjdələyən ilk Tanrı elçisi olubdur. Buna görə də onu üç böyük dinin - iudaizmin, xristianlığın və islamın banisi hesab edir və həmişə də xüsusi hörmət-izzətlə yad edirlər.
O, həm də müqəddəs Kəbəni bərpa edən (və yaxud quran - düzünü illahiyyatçılar bilir), ən əsası da insanı Tanrı üçün qurbanlıq edən az qala min illik bir ənənəyə son qoyan (“İsmayıl qurbanı”) peyğəmbər olubdur.
Ondan başlayaraq insan daha Tanrıya qurban edilməyibdir, halbuki onadək bütün xalqların, ölkələrin və sivilizasiyaların tarixində olub bu – insanları xüsusi rituallarla Tanrılara qurban edirmişlər.
Vaxtilə bunu bir neçə dəfə yazmışıq, çünki çox böyük dünya tarixçilərinin qeydinə görə, bu hadisəni insanlığın tarixində yeni eranın başlanğıcı, faktiki olaraq insan haqlarının bünövrəsi kimi qəbul etmək lazımdır – humanizm də demək olar, buradan başlayıbdır, o vaxta qədər insanların digər canlılardan fundamental bir fərqi yox idi.
Daha bir detalı da qeyd edim ki, İbrahim həm də yəhudilərin və ərəblərin ulu babası sayılır.
Bu adam böyük birləşdirici peyğəmbər olub və ondan lazım gələrsə, özlərini müdafiə etmək, özlərinə qarşı münasibəti dəyişmək üçün nəinki yəhudilər, müsəlmanlar da (xüsusən müsəlmanlar, çünki biz müsəlmanlar xristianlarla, hətta yəhudilərlə müqayisədə zəifik!) istifadə edə bilər. Bir daha deyirik: üç böyük dinin kökü bu adama bağlanır və bu detal həmin dinlər arasında müəyyən yaxınlıq və anlaşma yarada bilər.
Hazırda qarşıda daha bir ciddi siyasi məsələ də var. Mediada tez-tez “İbrahim sazişi” haqda məsələ qabardılır. Bu, ABŞ prezidenti Donald Trampın təşəbbüsü sayılır və Yaxın Şərqdə artıq onu reallaşdırmaq üçün müəyyən cəhdlər edilib. Bir müddətdir belə mülahizələr dolaşır ki, guya Azərbaycanı, hətta Ermənistanı da sazişə cəlb etmək planları var.
Bunun təfərrüatlarını bilimirik, “İbrahim sazişi” haqda İnternetdə nə varsa, demək olar, oxumuşuq, amma istisna deyil ki, məsələnin yalnız böyük siyasətdə olan adamlara bəlli olan tərəfləri də var.
Bizəsə elə gəlir ki, məşhur Vaşinqton görüşündən sonra bu məsələ də aktuallaşa bilər, hər halda, tamam istisna etmək olmaz, çünki ABŞ prezidenti Donald Tramp Azərbaycana da, Ermənistana da böyük “avans” etdi, xüsusən Azərbaycana çox isti münasibət sərgilədi - burada 907-ci düzəlişi qeyd etmək yetər, o səbəbdən ki, Tramp bəzi politoloqların dediyi kimi, Azərbaycandan da məsafə saxlamaq fikrində olsaydı, budan nəinki imtina edər, hətta 907-ci düzəlişi özü üçün bəhanə və siyasi sipər edərdi.
Etmədi, tamam əksinə, nəinki Azərbaycanla Ermənistanın, hətta ABŞ-la Azərbaycanın yaxınlaşması üçün ciddi jest etdi.
ABŞ prezidenti prinsipcə, bunun əvəzini də uma bilər– bu isə Bakını və İrəvanı “İbrahim sazişi”nə qoşmaq cəhdi şəklində də olar.
Amma burada ciddi maneələr də var. İran bir yana (onu saymamaq da olar, hərçənd, bu, iranlı mühafizəkarların əlinə prezident Pezeşkianın Azərbaycana yönəlik siyasətinə mane olmaq üçün dəstək verə bilər), qardaş Türkiyə də sazişin əleyhinədir. Ona görə də Bakı sazişə qoşulmaq qərarı versə, ilk olaraq Ankaranı da razı salmalıdır.
Bizə elə gəlir, Türkiyə məsələdə müdriklik göstərməlidi; bəli, onun İsraillə müəyyən problemləri var, amma Ankara Təl-Əvivə münasibətdə İranı, necə deyər, “kopiyalaya” bilməz. Tehran bu məsələdə ən radikal mövqe tutubdur və bu, molla ideologiyasının təməl daşlarından biridir...
O ki qaldı sırf “Fələstin məsləsi”nə, bir məsələ bizim üçün bir az qaranlıq qalır: “İbrahim sazişi” tutaq ki, İsrailə müsəlman dövlətlərinin münasibətini dəyişdi, bəs İsrailin Fələstinə münasibəti necə, dəyişəcəkmi? Doğrusu, Netanyahu kabinetinin bu müstəvidəki siyasəti bizi qəti razı salmır, hətta kənar siyasi müşahidəçi kimi bundan tamam narazıyıq, çünki BMT-nin bu xüsusda tarixi qərarları var. İndi necə olsun? Onların hamısının üstündən xətt çəkilsinmi?..
Bəzən belə fikirlər səslənir ki, guya Azərbaycanı Fələstini müdafiə etməyə daha çox islam həmrəyliyi təhrik edir, amma belə deyil. Bakı bu məsələdə BMT-nin qərarlarını dəstəkləyir, çünki vaxtında tarixi qərar olub: bölgədə iki dövlətin - İsrailin və Fələstinin yaradılması haqqında...
Üstəlik, az qala, bir əsrə yaxındır bunun üstündə böyük savaş gedir, fələstinli, hətta yəhudi uşaqlar da ölür və indi də ölməkdə davam edir bunun ucbatından. İndi nə olsun? Bütün bunlar, necə deyərlər, tamamilə bekara işmiş?..
Düzdür, Fələstin və fələstinlilərlə bağlı bəndənizim də bir xeyli iradları var. Səhv etmirəmsə, Yasir Ərəfat 2000-ci illərin əvvəllərində dünyasını dəyişdi. O vaxt bu haqda xüsusi yazı da yazmışdıq və rəhmətlik Mirzə Xəzər (onda artıq “Azadlıq” radiosunun “Azərbaycan redaksiyası”nın keçmiş direktoru) onu öz saytında yerləşdirmişdi. Sonuncunu bilirsiniz, niyə görə xüsusi vurğulayıram? Yəhudilər (Mirzə də yəhudi idi) Ərəfatı sevmirlər, onu nəinki Fələstin, hətta ərəb dünyasının tarixində ən böyük terrorçulardan biri hesab edirlər.
Doğrusu, bu məsələdə vəkil ola bilmirəm, çünki özümü Yaxın Şərqin bütün problemlərinin mükəmməl bilicisi saymıram. Həm də düşünürəm ki, yüz illər ərzində dünya siyasəti indiki nisbətən abırlı formaya birdən-birə gəlib çaymayıbdır. Hətta özümdən də hərdən soruşuram:” Əcəba, siyasət və siyasətçilər yüz illər ərzində heç dəyişibmi?” İnanın ki, şəxsən özüm bu suala birmənalı “hə” deyə bilmirəm, çətinlik çəkirəm.
O ki qaldı konkret rəhmətlik Ərəfata, onun haqqında tək bunlar deyilmir, çox şeylər söyləyirlər. Məsələn, bir dəfə oxumuşdum ki, İsraillə daha bir müharibə uduzulan zaman Ərəfat guya qadın paltarında başqa bir ölkəyə qaçıbmış! Bunu oxuyanda sadəcə, yüngülcə güldüm, çünki neyləmək olar? Görünür, can həqiqətən şirin şeydir və siyasətçilər minlərlə, bəzən hətta on, yüz minlərlə insanın canının qədrini bilməsələr də öz canlarının qədrini çox yaxşı bilirlər! Bu yaxınlarda gözümüzün qabağında Bəşər Əsəd qaçmadımı (yamanca çıxdı aradan! Halbuki o da Səddamın, Qəzzafinin aqibətini yaşamalıydı). Və yaxud düşünürsünüz ki, fantastika baş verərsə, Rusiya çökdürülüb nəzarətə götürülərsə, Putin qaçmayacaq? Elə qaçacaq, lazım gələrsə, lap balerina paltarında...
Burada adamın yadına keçmiş Yuqoslaviyanın hərbi canilərindən birinin aqibəti düşür: adam məhkəmə zalında uşaq kimi, hönkürərək ağlayırdı!..
Odur, bütün deyilənlərə rəğmən, Ərəfat 20-ci əsrin böyük siyasi simalarından biri hesab edilir, özü də bunu mən yox, nüfuzlu dünya tarix və siyasət adamları deyir. Birincisi, ona görə ki, bu adam fələstinlilərin problemini dünyanın probleminə çevirə bildi. İkincisi, onun təkcə dəfn mərasimi nə qədər böyük adam olduğunu göstərdi: bəli, kimlər yox idi o mərasimdə...
Sözümün canı nədir? Ərəfat öləndən sonra Mahmud Abbas gəldi. Səhv etmirəmsə, adam iyirmi ildən çoxdur postundadır və deyəsən, onu kiməsə vermək fikrində deyil, çünki Fələstin Administrasiyasında heç bir seçki - filan keçirilmir məncə: çox istərdim, bu xüsusda səhv edim, di gəl, deyəsən, həqiqətən də belədir.
Belədəsə, demək olar ki, əksər Fələstin-İsrail müharibələrinin triqqeri fələstinli radikallar olur; müharibəni başlamaq və sonra da ağlamaq ki, bəs İsrail bizi qırır! Deyəsən, bunların taktikasıdır bu...
Ona görə də Qəzzada baş verənlərə görə tək İsrail təqsirkar deyil, təqsirin böyüyü HƏMAS-ın üzərindədir. Hətta əllərində Kim Çen İn kimi siyasi idbarın - xortdanın portretini tutan Qəzza əhli, HƏMAS kimi terrorçu təşkilata səs verən seçicilər də mənəvi məsuliyyət daşıyırlar...
Odur ki, indiki reallıqlarla bağlı həqiqət nə tamamilə İsrailin tərəfindədir, nə fələstinlilərin, xüsusən də nə də HƏMAS-ın! Netanyahu kabineti və HƏMAS eyni dərəcədə məsuliyyət daşıyır – bu, Beynəlxalq Cinayət Məhkəməsinin qərarında da əksini tapıb.
Üstəlik, İsrailin özündə nə qədər adam (aralarında keçmiş dövlət xadimləri də var) Netanhyahunu pisləyir, ona qarşı çıxırlar. Odur, bizə elə gəlir ki, “İbarihim sazişi” Netanyahuya (bəlkə də Qəzzadakı müharibə onun canını məhkəmələrdən qurtardı!) yox, İsrailə və onun xalqına dəstəkdir.
Həm də biz bəzi ciddi geosiyasi problemlərə - məsələlərə görə bütün qeyri-Rusiya formatlarında iştirakımızı gücləndirməliyik. Bu formatlardan biri də ABŞ, hətta prezident Trampın layihələridir. Bunu Rusiyaya demarş kimi qəbul etmək lazım deyil: yox, bizim Rusiyayla heç bir problemimiz yoxdur, çox təəssüf, Rusiyanın bizimlə problemi var. Bizimsə müdafiə olunmaq həm hüququmuz, həm də vəzifəmizdir...
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ