Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələri (IDF) bu gecə Qəzza zolağına humanitar yardım atılması əməliyyatına başlayacaq.
Musavat.com xəbər verir ki, yardım BMT və digər beynəlxalq təşkilatlar tərəfindən təqdim olunub və İsrail ordusuna məxsus C‑130J‑30 hərbi-nəqliyyat təyyarələri vasitəsilə bölgəyə endiriləcək.
Rəsmi açıqlamalara görə, yardım un, şəkər və konserv məhsullarından ibarət yeddi palet şəklində göndəriləcək. Paletlər Qəzza zolağının müxtəlif nöqtələrinə hava vasitəsilə paraşütlərlə atılacaq.
İsrail ordusu bildirib ki, bu addım Qəzzada kəskinləşən humanitar vəziyyət, aclıq və ərzaq çatışmazlığını yüngülləşdirmək məqsədi daşıyır. Son həftələr ərzində bölgədə uşaq və qadınlar arasında aclıqdan ölüm halları artıb, beynəlxalq humanitar təşkilatlar isə kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq ediblər.
Xatırladaq ki, BMT və QHT-lər bir müddətdir İsrail hökumətini daha genişmiqyaslı humanitar dəhlizlər yaratmağa çağırır. Qurumların fikrincə, hava yolu ilə yardımın atılması müsbət addım olsa da, qənaətbəxş və sistemli humanitar təminat üçün yetərli deyil. Qəzzada aclığın qarşısını almaq üçün quru marşrutları və təhlükəsiz bölgələr yaradılmalı, yardım konvoylarının keçidi təmin edilməlidir.
Beynəlxalq ictimaiyyətin və media qurumlarının diqqəti hazırda İsrailin bu addımının vaxtında və səmərəli icra olunub-olunmayacağına, həmçinin bölgədəki real ehtiyaclara cavab verib-verməyəcəyinə yönəlib.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ