İnsanlara hürriyət, millətlərə istiqlal!

“İsrail əməliyyatı qısa zamanda başa çatdıra bilməsə...” - İLGİNC DETALLAR

Məlum olduğu kimi, İsrail ordusu Qəzza şəhərinə qarşı genişmiqyaslı quru əməliyyatına başlayıb.

“The Guardian”nın yazdığına görə, bu əməliyyat HƏMAS-ın nəzarətində olan əraziləri zəbt etmək məqsədini güdür və İsrail Müdafiə Nazirliyi tərəfindən “əsas mərhələ” kimi qiymətləndirilir.

Məlumata əsasən, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərinin mərkəzinə doğru irəliləyərək təxminən 2000–3000 HƏMAS döyüşçüsünü və tunel sistemlərini hədəf alır.

Əməliyyatın əvvəlində şəhərin kənarlarına tanklar və zirehli texnikalar yerləşdirilib. Həmçinin, 60 000 ehtiyat hərbçinin cəlb edilməsi və 20 000 aktiv əsgərin xidmət müddətinin uzadılması barədə qərar qəbul edilib.

İsrail Müdafiə Nazirliyi əməliyyatın Qəzza şəhərinin 75%-də nəzarət qurduğunu iddia edir. Beynəlxalq ictimaiyyətin reaksiyaları və humanitar vəziyyətin pisləşməsi əməliyyatın gələcəkdə daha geniş miqyas alacağına dair narahatlıqları artırır.

Bəs İsrailin Qəzzadakı əməliyyatının əsas məqsədi nədir? İsrail məqsədinə nə qədər nail ola biləcək?

Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

ZEYNAL .png (200 KB)

Politoloqun fikrincə, İsrailin Qəzzadakı əməliyyatının əsas məqsədi əraziyə nəzarət yaratmaqdır:

“Keçmişdə də İsrail Qəzzanı ələ keçirmək üçün bir neçə dəfə mübarizə aparıb, lakin arzuladığı nəticəni əldə edə bilməyib. Digərlərindən fərqlənən məqam isə odur ki, indi ABŞ açıq şəkildə bu əməliyyata dəstək verir. Hətta mediada “Tramp planı” kimi təqdim olunan bir sxemdən də söhbət gedir: bu plana görə, Qəzzada HƏMAS-ın hakimiyyəti sonlandırılmalı, mülki əhali Qəzza bölgəsindən köçürülməli, fələstinlilər digər qonşu ölkələrə yerləşdirilməli, həmin ərazilərdə yəhudi yaşayış məskənləri salınmalı və nəticədə region İsrailə ilhaq olunmalıdır.

Bu cür məqamlar Tramp planında xüsusilə vurğulanır, faktiki olaraq Qəzzanın fələstinlilərin əlindən alınıb İsrailə verilməsi məqsədi güdülür. Yəni Trampın arzuladığı məhz bu plan idi və indiki əməliyyat da həmin plana uyğun həyata keçirilir.

Lakin bu plan üzrə əməliyyatlar həyata keçirilsə belə, İsrail bir sıra ciddi çətinliklərlə üzləşə bilər. Birincisi, Qəzzada HƏMAS və İslami Cihad kimi güclü qruplaşmalar mövcuddur və onlar uzun müddətdir bölgədə silahlı müqaviməti təşkil edirlər. Eyni zamanda, Qəzza ərazisində geniş tunel şəbəkəsi və digər infrastruktur formalaşıb. Yeraltı tunellər vasitəsilə HƏMAS və İslami Cihad İsrailə qarşı mübarizə aparır; İsrail dəfələrlə bu tunelləri məhv etməyə çalışsa da, tam nəticə əldə edə bilməyib. Bu tunellər İsrail üçün ciddi problem olaraq qalır və yenə də problemlər yaradacaq.

İkincisi, əməliyyatın genişmiqyaslı olacağı gözlənilir və bu da beynəlxalq təzyiqlərə səbəb ola bilər. Kütləvi insan itkiləri baş verərsə və böyük ehtimalla belə olacaq - beynəlxalq reaksiyalar kəskin ola bilər. Artıq BMT İsraili sərt tənqid edib və bəzi çağırışlar səsləndirib. BMT-dən kənar dövlətlər və Avropa ölkələri də İsrailə qarşı təzyiq göstərə bilərlər. Bu baxımdan İsrailin qarşısında diplomatik və hüquqi çətinliklər mövcuddur”.

Zeynal Əmrəliyevin fikrincə, əgər İsrail əməliyyatı qısa zamanda və effektiv şəkildə başa çatdıra bilsə, müəyyən uğur əldə edə bilər:

“Lakin Qəzza kimi mürəkkəb və güclü müqavimətin olduğu ərazini tez bir zamanda tam nəzarət altına almaq mümkün görünmür. Mənim fərziyyəmə görə, bu siyasət qısa müddətdə nəticə verməyəcək və böyük ehtimalla İsrail bu dəfə də Qəzzada tam istədiyini əldə edə bilməyəcək”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR