İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail səfirindən Azərbaycana qarşı ciddi səhv

İsrailin Ermənistandakı səfiri Coel Lionun açıqlamaları Bakıda haqlı suallar və narazılıq yaradıb

İsrailin Ermənistandakı səfiri Coel Lion ölkəsinin  yaranmasının 77-ci ildönümü ilə bağlı İrəvanda təşkil edilmiş ziyafətdə suallar yaradan nitqi ilə fərqlənib. Səfir deyib ki, “ermənilər və yəhudilər hər  ikisi qədim millətdir, tarixən təqib olunublar, sınaqlardan çıxmaq, sağ qalmaq, milli kimlik, milli ləyaqət və suverenlik uğrunda mübarizənin nə olduğunu hər ikisi bilir”. Səfir fikrində davam edərək qeyd edib ki, iki millətin arasında qarşılıqlı hörmətin əsasını məhz bu təşkil edir.

İsrail səfirinin İrəvanda söylədiyi bu fikirlər Azərbaycan cəmiyyətində haqlı suallar və narazılıq yaradıb.

Aydın Quliyev: Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb

Siyasi ekspert Aydın Quliyev İsrailin Ermənistandakı səfirinin bu fikirlərinin, xüsusən də ermənilərlə yəhudiləri eyniləşdirməsinin yanlış olduğunu deyib: “Dost ölkə səfirinin bu sözlərindən narahatlığımı açıq  ifadə etməyə məcburam. Əvvəlcə  deyim ki,  Azərbaycan Prezidenti İlham Əliyev İsraillə dostluq və əməkdaşlıq prinsiplərinə hər cür şəraitlərdə sadiq qalır. Hansısa ölkə və ya hansısa regionla Azərbaycanın münasibətlərini inkişaf etdirmək, ya düzəltmək üçün heç vaxt İsrailin milli və dövlət maraqlarına nəinki zidd getmir, bu maraqlara zərrə qədər laqeydlik də göstərmir. Cəmiyyətimiz, rəsmi şəxslər, hər kəs İsrailə münasibətdə dövlətimizin bu strategiyasını tərəddüdsüz şəkildə nəzərə alır. Ancaq İsrail səfirinin ermənilərə xoş gəlmək xatirinə dediyi sözlər narahatlıq doğurur. Çünki həm tarixi həqiqətə uyğun deyil, həm də bugünkü Azərbaycan-İsrail dostluğunun ruhuna uyğun gəlmir. Ermənilər haradan yəhudilər qədər qədim millət olub? Ermənilərin təqib olunmasının tarixi haradan başlayır? Ümumən ermənilər nəyin üstündə təqib olunur? Ermənilərin təqibi ilə yəhudilərin təqibini hansı məntiqlə eyniləşdirmək olar? Başqa xalqların torpağına göz dikdikləri üçün əziyyət çəkən ermənilər hara, öz vətənlərinə qayıdış üçün vuruşaraq təqib olunan yəhudilər hara?  Bu gün Ermənistanın  və ermənilərin hansı suverenlik uğrunda mübarizə apardığını cənab səfir izah edə bilərmi? Səfir bunlara cavab versə yaxşı olar”.

A.Quliyev dedi ki, uyğunsuz  müqayisələr erməni revanşizminə əlavə ruh mənbəyinə çevrilir: “Səfir daha bir uyğunsuz müqayisə aparıb. O, "Bizim xalqımız sürgün alovlarından və kütləvi qırğınlardan çıxaraq öz suverenliyini bərpa etdi, bu ağır vaxtlarda dünya üzrə bütün  dostlarımızdan güc alırıq ki, Ermənistan da bu dostlarımızın sırasındadır" deyib. Ermənistanın Azərbaycanla hələ sülhə gəlmədiyi, Qarabağ ermənilərinin guya deportasiya edildiyi barədə nağıllar uydurduğu bir vaxtda səfirin bu cür açıqlaması erməni revanşizminə əlavə ruh verir. Ermənistanla münasibətlər İsrailin suveren haqqıdır. Ancaq bunu Azərbaycanın mənafelərinə toxunaraq etmək səfirə yaraşan yanaşma deyil”.

Bəzi siyasi təhlilçilər isə hesab edir ki, İsrail səfirinin İrəvanda söylədiyi həmin fikirlər Azərbaycanla İran arasında son vaxtlar başlayan yaxınlaşmaya reaksiyadır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR