Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə gərginlik sürətlə artır. İsrailin sabiq müdafiə naziri Yoav Qallantın “İrana qarşı bir tur daha oynayacağıq” bəyanatı fonunda yeni hərbi eskalasiyanın başlanacağı barədə ehtimallar gündəmə gəlib. Qallantın sözləri İsrail mətbuatı və sosial şəbəkələrdə geniş yayılıb və yaxın günlərdə Tehrana qarşı yeni hava zərbələrinin qaçılmaz olduğu vurğulanır.
Musavat.com xəbər verir ki, artıq bir sıra Qərb ölkələri də regiondakı vətəndaşlarını təxliyə etməyə çağırıb. Almaniya Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq, Almaniya vətəndaşlarının dərhal İranı tərk etməsini istəyib. Oxşar çağırış Böyük Britaniya tərəfindən də səsləndirilib. Britaniya XİN-i öz vətəndaşlarını mümkün hərbi əməliyyatlar səbəbindən İran ərazisindən çıxmağa çağırıb. Bu xəbərdarlıqlar Qərb dövlətlərinin də İsrailin hücum planlarını real təhlükə kimi qəbul etdiyini göstərir.
Bunun fonunda İran tərəfi də sərt mövqe nümayiş etdirib. SEPAH-a bağlı teleqram kanallarında yayılan açıqlamalarda İsrail “yer üzündən silinməklə” hədələnib. Bildirilir ki, İran ordusu səsdən qat-qat sürətli hipersəs raketləri, yeni tip silahlar və xüsusi hücum başlıqları hazırlayır. SEPAH-ın iddialarına görə, bu silah sistemləri İsrailin hava hücumundan müdafiə sistemlərini yarmaq gücündədir və “son cavab” üçün nəzərdə tutulub.
Müşahidəçilər qeyd edirlər ki, İsrailin son aylarda həyata keçirdiyi hücumlar, SEPAH-ın yüksək rütbəli komandirlərini hədəfə alması və İranın cavab ritorikası bölgəni sürətlə genişmiqyaslı müharibəyə doğru sürükləyir. Hazırda həm İsrail, həm də İran mediasında yaxın günlərdə yeni zərbələrin endiriləcəyi barədə məlumatlar dövriyyədədir.
Beləliklə, Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb: İsrail növbəti zərbə üçün hazırlığını davam etdirir, İran isə cavab hücumları ilə bağlı açıq hədələr səsləndirir. Qərb dövlətlərinin vətəndaşlarını təxliyə etməsi isə qarşıdakı günlərdə ciddi eskalasiyanın baş verəcəyinə dair ən mühüm siqnal kimi qiymətləndirilir.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ