Onlayn ictimai-siyasi qəzet
“Çinin reaktiv templə dünya olimpinin zirvəsinə qalxmaq səyləri güc mərkəzləri arasındakı strateji sərhədləri dəyişdirir. Hazırda ABŞ və Rusiya arasında Çinin cilovlanmasına dair strateji müzakirələrin aparılması istisna deyil, digər tərəfdən isə Ağ Ev və Kreml bir-birlərinə qarşı mübarizədə Pekinə “strateji qalxan” kimi yanaşır”.
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.
Onun sözlərinə görə, beynəlxalq səviyyədə Rusiya və ABŞ-nin öz mövqelərini itirmədən Çinin yüksəlişi başqa bir istiqamətə doğru gedir və belə bir sual meydana çıxır:
“Görəsən, Çin gələcəkdə Rusiya, ABŞ hegemoniyasını əhəmiyyətli şəkildə onların əlindən alacaqmı? Bunu Rusiya-Ukrayna müharibəsinin regional və qlobal nəticələri ilə ölçüləbilən xarakterlə izah etmək mümkündür. Əgər Rusiya və ya ABŞ öz sistemlərinin geosiyasətdə əhəmiyyətli və qaçılmaz böhranı ilə üzləşəcəksə, yaranan zəncirvarı reaksiya Çinin təkqütblü yüksəlişini motivasiya edə bilər. Hərçənd ki, əsasən ABŞ Hindistanı Çinə qarşı fəal hökmranlıq trayektoriyasına salır və Rusiya da bu amildən öz xeyrinə istifadə etməyə çalışır. Başqa tərəfdən, Çin daxili firavanlığa yönəlik siyasətini gücləndirməsə, onun beynəlxalq təsirlərinin saxlanılmasına problemlər yaranacaq”.
Bununla belə, ekspert hesab edir ki, strateji hüdudların yeni dizaynı qaçılmazdır:
“Bu, baş verəcəyi təqdirdə İkinci Dünya müharibəsindən sonra formalaşmış münasibətlər sisteminə meydan oxuyacaq fərqli tərzlər meydana çıxacaq. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki geosiyasi landşaftın dəyişdirilməsi, 12 günlük İsrail-İran müharibəsinin çox geniş geostrateji konteksti perspektiv üçün həmin münasibətlərə dair təsəvvürlərin yaradılmasına doğru gedişlərdir.
Azərbaycan bu gedişləri Ermənistanla münasibətlər kontekstində regional müharibəyə çevirmək istəməyərək daha fərqli dizayna üstünlük verdi. Bakı Zəngəzur dəhlizinin kontekstini ABŞ ilə uyğunlaşdıran strategiyanı önə çıxardı. Azərbaycan Prezidenti İlham Əliyevin Çinlə münasibətlərə xüsusi önəm verməsi qlobal və regional qeyri-müəyyənliklərin, eyni zamanda ABŞ ilə Rusiyanın dünya birincliyi uğrundakı savaşdan məğlub çıxmaq ehtimallarına verilən strateji reaksiyanı ölçür. Buna görə də Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi Çinin dünyadakı gələcək statusu ilə Bakının Zəngəzur dəhlizi fonunda əldə etdiyi üstün imtiyazlarıyla uyğunlaşdırılır”.
Analitikin sözlərinə əsasən, Çin Zəngəzur dəhlizində ABŞ-nin üstün görünən mövqelərinə qarşı rəqabət apara bilər, lakin Pekin heç bir halda bunu Azərbaycan əleyhinə yönəldən xəttə girməkdə maraqlı olmaya bilər:
“Azərbaycan üçün Çinlə əməkdaşlıq Hindistanın da Cənubi Qafqazda Ermənistana hərbi dəstəyini nəzərdə tutan artan fəallığına qarşı balans yaradır. Başqa bir fakt da var – ABŞ ilə Çin arasında danışıqlar gedir və bu, tarif müharibələrinə son qoyulması məsələlərini əhatə etsə də, ehtimal ki, prosesin bir ayağı Vaşinqtonla Pekinin gələcəkdə Zəngəzur dəhlizindəki əməkdaşlığına gətirib çıxaracaq. Yəni Zəngəzur dəhlizi gələcək ABŞ-Çin əməkdaşlığının iqtisadi tərəflərini stimullaşdıran amil kimi çıxış edir və Hindistan-İran əlaqələri bunun qarşısında sönük vəziyyətə düşür. Ehtimalla Çinin misli görünməmiş yüksəlişi onun Tayvana müdaxiləsindən sonra baş tutacaq. Çin bunun üçün ABŞ-nin Ukraynadakı müharibə səbəbilə zəifləməsi fonunda Tayvanın əhəmiyyətli müdafiə boşluqlarına düşməsini gözləyir. Əgər Tayvana müdaxilə reallaşsa, bu, Bakı ilə Pekin arasındakı hüquq-müqavilə bazası əsasında dərin strateji əməkdaşlıq formatlarına yol açacaq”.
Afaq Mirayiq,
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ