Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç uzun fasilədən sonra ilk dəfə açıqlama ilə çıxış edib. Xatırladaq ki, Yanukoviç 2014-cü ildə Maydan hərəkatı nəticəsində xalq tərəfindən ölkədən qovulmuş və Rusiyanın siyasi aləti kimi tanınmış fiqurdur.
Yanukoviç bildirib ki, prezidentliyi dövründə məqsədyönlü şəkildə Ukraynanın Avropa İttifaqına yaxınlaşması üzərində işləyib. Bununla belə, onun sözlərinə görə, avropalılar bu prosesdə “özlərini qeyri-korrekt aparıblar”.
Eyni zamanda, sabiq prezident vurğulayıb ki, o, Ukraynanın NATO-ya qoşulmasının hər zaman qəti və inamlı əleyhdarı olub:
“Kiyevin alyansa daxil olması fəlakət olardı və bu, birbaşa vətəndaş müharibəsinə aparan yol idi.”
Qeyd edək ki, məhz bu gün Rusiya prezidenti Vladimir Putin də çıxışında oxşar mövqe səsləndirərək Qərbin Ukraynanı NATO-ya cəlb etmək cəhdlərinin hazırkı böhranın əsas səbəblərindən biri olduğunu deyib.
Yanukoviçin qəfil ortaya çıxması Ukrayna cəmiyyətinə yönələn xüsusi Kremlin mesajı kimi dəyərləndirilir. Yəni Moskva yalnız raket, bomba və dronlarla deyil, həm də “alternativ siyasi model” təklifi ilə gündəmə çıxır. Bu model isə Yanukoviçin simasında təqdim olunur: “Əgər o qalsaydı, müharibə olmazdı.”
Lakin artıq yüz minlərlə qurban vermiş, şəhərləri və bölgələri dağıdılmış Ukrayna üçün bu model nə real, nə də mümkün görünür. Analitiklərin fikrincə, Yanukoviçin Ukraynada uğur qazanmaq şansı sıfıra bərabərdir və bu ssenari Kremlin daha bir uğursuz addımı kimi tarixə düşəcək.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ