İnsanlara hürriyət, millətlərə istiqlal!

“Minsk qrupunun ləğvi Azərbaycanın növbəti diplomatik zəfəridir”

Məlum olduğu kimi, bu gün ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə xitam verildi.

Siyasi şərhçilər bunu Cənubi Qafqaz regionunun müasir siyasi tarixində mühüm dönüş nöqtəsi hesab edir.

Xatırladaq ki, uzun illər ərzində bu qurum formal olaraq mövcudluğunu qorusa da, 2020-ci ildən sonra de-fakto fəaliyyətini tamamilə dayandırmışdı. Lakin onun de-yure varlığı beynəlxalq münasibətlər sistemində simvolik əhəmiyyət daşıyır, Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə saxlanılması üçün vasitə rolunu oynayırdı. Bu isə bir tərəfdən müxtəlif maraqlı qüvvələrə həm region daxilində, həm də regiondan kənarda olan faktorlara müdaxilə imkanları yaradır, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hüquqi-siyasi zəminini qorumaq cəhdinə xidmət edirdi.

Minsk qrupunun uzunmüddətli fəaliyyəti dövründə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, işğalçı siyasətə son qoyulmamış, Ermənistan konstruktiv addımlar atmaq əvəzinə məhz beynəlxalq vasitəçilik mexanizminin qeyri-müəyyənliyindən yararlanaraq status-kvonu uzatmağa çalışmışdı.

Qrupun fəaliyyətsiz qalması, formal bəyanatlarla kifayətlənməsi, tərəfləri real həllə yönəltmək əvəzinə prosesi uzatması əslində Azərbaycanın maraqlarına zidd idi.

44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar fonunda Minsk qrupunun fəaliyyətsizliyi daha açıq şəkildə üzə çıxdı. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi və münaqişəni faktiki olaraq bitirdi. Lakin qrupun kağız üzərində mövcudluğu Ermənistan tərəfindən tez-tez gündəmə gətirilir, beynəlxalq təşkilatlar isə bu formal struktura istinad etməklə Cənubi Qafqazda öz mövqelərini gücləndirməyə cəhd göstərirdilər. Məhz buna görə də Minsk qrupunun rəsmi olaraq bağlanması həm siyasi, həm də hüquqi baxımdan mühüm addım kimi dəyərləndirilir. Çünki bu qərarla Qarabağ münaqişəsi beynəlxalq gündəlikdən tamamilə çıxarılmış oldu. Artıq nə Ermənistanın separatçılıq üzərindən manipulyasiya imkanları, nə də Qərbin və ya digər güclərin “Minsk prosesi” adı ilə regiona müdaxilə cəhdləri üçün hüquqi əsas qaldı.

Beləliklə, bu addım Azərbaycan üçün iki əsas üstünlük qazandırır:

Birincisi, münaqişə anlayışı rəsmi olaraq tarixin arxivinə göndərilir və regionda yeni əməkdaşlıq formatlarının qurulması üçün şərait yaranır.

İkincisi, Ermənistanın gələcəkdə ərazi iddialarını legitimləşdirmək üçün istifadə etdiyi beynəlxalq mexanizmlər tamamilə sıradan çıxarılır.

Bu hadisə, həmçinin, Azərbaycanın diplomatik qələbəsi kimi də dəyərləndirilir. Çünki 30 ildən artıq davam edən və nəticəsiz qalan bir beynəlxalq formatın bağlanması ilə rəsmi Bakı öz mövqeyinin haqlı olduğunu bir daha sübut etdi. İndi isə regionun qarşısında dayanan əsas vəzifə yeni reallıqlar əsasında davamlı sülhün təmin edilməsidir.

SAHİN.jpg (74 KB)

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

“Azərbaycan ərazi bütövlüyünü təmin edib, Qarabağa nəzarəti bərpa etdikdən sonra Minsk qrupunun fəaliyyəti faktiki olaraq ortadan qalxmışdı. Yəni hüquqi baxımdan mövcud olsa da, reallıqda artıq yox idi. Çünki 1990-cı illərin əvvəllərində guya Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı, amma əslində heç bir səmərəli fəaliyyəti olmadı. Onların gördüyü iş yalnız turistik səfərlərdən ibarət idi və həmsədrlər yüksək maaş almaqla kifayətlənirdilər.

Azərbaycan isə öz taleyini özü həll etdi və bundan sonra Minsk qrupunun varlığına ehtiyac qalmadı. Bir müddət onlar yenə də regiona gəlib-getmək istəsələr də, buna zərurət yox idi. Ermənistan da üzünü bu formata çevirdi və Azərbaycanla Vaşinqtonda birgə bəyanat imzalandıqdan sonra ATƏT-in Minsk qrupuna ehtiyac qalmadı. Beləliklə, qrup real olaraq da fəaliyyətini dayandırdı.

Bunu Azərbaycanın uğuru hesab etmək olar. Çünki illər boyu Minsk qrupundan şikayətçi tərəf həmişə məhz Azərbaycan olub. Onlar Azərbaycanın rəyini nəzərə almadan müxtəlif planlar hazırlayırdılar. Buna görə də qurumun hüquqi baxımdan da fəaliyyətinə xitam verilməsi Azərbaycanın xarici siyasətdə və diplomatiyada növbəti böyük uğurudur”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR