Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin ciddi şəkildə islahatdan keçirilməsinin vacibliyini vurğulayıb və təşkilatın müasir şəraitdə effektiv fəaliyyət göstərə bilməsi üçün buna ehtiyac olduğunu bildirib. O, bunu Çin Xalq Respublikasında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammitinin genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
Musavat.com xəbər verir ki, Ərdoğan bildirib:
“BMT ciddi islahatlara ehtiyac duyur. Hörmətli dostum Antonio Quterreşin bütün səylərinə baxmayaraq, hazırkı BMT sisteminin – 80 il əvvəl formalaşmış – Yaxın Şərqdəki əzabları sona çatdıra biləcəyini və ya qaydalara əsaslanan beynəlxalq nizamı qoruyub saxlaya biləcəyini demək çətindir. Bizim borcumuz BMT-ni illərdir Fələstin xalqının qarşılaşdığı vəhşiliklərə qarşı qlobal ədaləti təmsil edən platformaya çevirməkdir”.
O əlavə edib ki, “23 ay ərzində körpələr, uşaqlar və yaşlıların ölümünə səbəb olan vəhşiliyi dayandıra bilməyənlər üçün heç bir bəraət yoxdur”.
Suriyanın vəziyyətinə toxunan Ərdoğan bildirib ki, Türkiyə bu ölkəyə və onun təhlükəsizliyinə yönələn təhdidlərə qarşı çıxacaq.
“Suriya ilə onun ərazi bütövlüyünü və siyasi birliyini qoruyaraq, göstərəcəyimiz dəstək bölgəmizin bütün ərazisinə fayda gətirəcək. Biz bundan sonra da qonşumuz Suriya üçün təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid edən hər hansı cəhdə qarşı çıxacağıq”, – deyə Türkiyə lideri vurğulayıb.
Şahanə Rəhimli
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ