Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, raketin aeroport yaxınlığına düşməsi İsrailin siyasi rəhbərliyi tərəfindən “milli təhlükəsizliyə qarşı hücum” kimi qiymətləndirilib.
İsrailin Baş naziri Benyamin Netanyahunun verdiyi açıqlamada vurğulanır ki, hücumların birbaşa İrandan qaynaqlandığına inanırlar və buna cavab tədbiri mütləq olacaq:
“Husilərin hücumları İrandan qaynaqlanır. İsrail buna mütləq cavab verəcək — amma nə vaxt və harada, bunu biz müəyyən edəcəyik”, – deyə Netanyahunun sözləri Reuters tərəfindən sitat gətirilib.
Baş nazirin ofisi tərəfindən yayımlanan videomüraciətdə o, həmçinin əlavə edib:
“Biz təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik. İrana açıq mesaj göndəririk: bu belə davam edə bilməz.”
Tehrandan sərt cavab: "İran bütün qüvvələri ilə cavab verəcək"
Buna cavab olaraq İranın müdafiə naziri Aziz Nasirzade bəyan edib ki, əgər ABŞ və ya İsrail İrana qarşı hərbi əməliyyatlara başlasa, Tehran bütün maraqlarına və mövqelərinə zərbə endirəcək:
“Əgər bu müharibəyə ABŞ və ya siyonist rejim (İsrail) başlasa, İran onların maraqlarını, hərbi bazalarını və qüvvələrini — harada olursa-olsun və nə vaxt uyğun hesab edilərsə — hədəf alacaq,” – deyə Nasirzade bildirib.
Regionda müharibə riski artır
Təhlükəsizlik ekspertləri hesab edir ki, Ben Qurion aeroportu kimi mülki infrastrukturun hədəf alınması və bunun nəticəsində İsrailin sərt reaksiyası böyükmiqyaslı qarşıdurma riskini artırır. Həm İsrail, həm də İran tərəfi hazırda tam hərbi hazırlıq vəziyyətindədir.
Son bir neçə həftədə husilərin atdığı raketlər və pilotsuz uçuş aparatları İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən qarşılanmağa çalışılsa da, bəzi hallarda raketlər hədəflərinə çatıb. Təl-Əviv yaxınlığında raketin düşməsi böyük təhlükə siqnalı kimi qəbul edilib.
Toğrul İSMAYIL,
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ