Onlayn ictimai-siyasi qəzet
İsrail və Türkiyə arasında Suriyadakı hərbi aktivliklə bağlı qarşılıqlı anlaşma əldə olunub. Razılıq bir neçə həftə əvvəl Bakıda keçirilmiş danışıqlardan sonra formalaşıb. Bu barədə israilli mənbə "Israel Hayom" nəşrinə məlumat verib.
Musavat.com xəbər verir ki, məlumata görə, tərəflər Suriyanın şimalında fəaliyyət göstərən Türkiyə Silahlı Qüvvələri ilə İsrail Müdafiə Ordusu (SAXAL) arasında mümkün hərbi toqquşmaların qarşısını almağa yönəlmiş bir sıra prinsiplər üzərində razılığa gəliblər. İsrailin əsas tələblərindən biri ölkənin cənub sərhədlərinə yaxın ərazilərin silahsızlaşdırılması ilə bağlıdır.
Bundan əlavə, “Middle East Eye” portalı yazır ki, tərəflər Suriyadakı hərbi qüvvələri arasında baş verə biləcək insidentlərin qarşısını almaq üçün birbaşa əlaqə qurmaq məqsədilə “qaynar xətt” yaradıb.
Müzakirələr Azərbaycanın vasitəçiliyi ilə davam edir. Danışıqlarla tanış mənbənin “Middle East Eye” portalına verdiyi məlumata əsasən, İsrail Türkiyənin tank və piyada bölmələri də daxil olmaqla Suriyaya hərbi qüvvə yerləşdirməsinə prinsipial şəkildə qarşı çıxmır. Lakin Təl-Əviv Ankaradan Suriyada İsrail Hərbi Hava Qüvvələrinin fəaliyyətlərini müşahidə edə biləcək hava hücumundan müdafiə sistemləri və radarların quraşdırılmaması ilə bağlı təminat istəyir.
Toğrul İSMAYIL,
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ