Onlayn ictimai-siyasi qəzet
Bu gün İstanbulda Ukrayna və Rusiya arasında növbəti – ikinci raund danışıqlar baş tutacaq. Görüş Bakı saatı ilə saat 14:00-da başlamalıdır. Lakin keçən dəfəki kimi, gecikmələr də ola bilər.
Görüşün mərkəzində atəşkəs, əsir mübadiləsi və mülki şəxslərin, xüsusilə də Ukraynadan qanunsuz aparılmış uşaqların qaytarılması məsələsi dayanır.
Musavat.com xəbər verir ki, tərəflərin danışıqları Çırağan sarayında keçiriləcək və görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan moderatorluq edəcək. Həmçinin, görüşdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edəcək.
Məlumata görə, Ukrayna tərəfi artıq öz təkliflərini ehtiva edən memorandum layihəsini qarşı tərəfə təqdim edib. Bu sənəddə ilkin mərhələdə 30 günlük tam atəşkəs rejiminin elan olunması, ardınca hər iki tərəfdə saxlanılan hərbi əsirlərin tam mübadiləsi və Rusiya ərazisinə aparılmış ukraynalı uşaqların geri qaytarılması təklifi əksini tapıb.
Növbəti mərhələ kimi isə liderlərin birbaşa görüşü və siyasi razılaşmalar üzrə danışıqların başlanması nəzərdə tutulur.
Rusiya tərəfi isə indiyədək öz təkliflərini rəsmi şəkildə açıqlamayıb. Moskva nümayəndə heyəti bəyan edib ki, memorandumlarını birbaşa İstanbul görüşü zamanı təqdim edəcəklər. Bu isə Kremlin taktiki şəkildə son anda mövqe bildirmək niyyətində olduğunu göstərir.
İstanbul görüşündə Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov, Rusiya nümayəndə heyətinə isə Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Hər iki şəxs mart ayında keçirilmiş əvvəlki raundda da əsas danışıqları aparan fiqurlar olub.
Daha öncə ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloq bildirmişdi ki, danışıqlarda ABŞ, Fransa, Almaniya və Böyük Britaniya nümayəndələrinin iştirakı nəzərdə tutulur. Lakin bu iddia bu günə qədər rəsmən təsdiqlənməyib və İstanbul görüşü daha çox regional vasitəçilik səviyyəsində keçiriləcək.
Mart ayında baş tutmuş ilk raund zamanı tərəflər yalnız “1000-ə 1000” formatında əsir mübadiləsinə dair ilkin razılıq əldə etmişdilər. Lakin digər məsələlərdə ciddi fikir ayrılıqları müşahidə olunmuşdu. Rusiya nümayəndə heyəti həmin vaxt Ukraynanı hədələyici ritorika ilə çıxış etmiş, beş vilayətin Rusiyaya verilməsini tələb etmiş və faktiki olaraq ultimatumlar irəli sürmüşdü.
Türkiyə mətbuatının yazdığına görə, görüş bu gün saat 13:00-da başlayacaq. Ankaradakı diplomatik mənbələrin bildirdiyinə görə, danışıqların müddəti əvvəlki görüşdəki kimi uzun da ola bilər, qısa da. Hər şey tərəflərin təqdim edəcəyi sənədlər və onların razılaşdırılmasından asılı olacaq.
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ