Onlayn ictimai-siyasi qəzet
İstanbulda İran İslam Respublikası ilə Avropa “üçlüyü”nə (E3 – Böyük Britaniya, Fransa, Almaniya) daxil olan ölkələr arasında nüvə proqramına dair danışıqların növbəti raundu keçirilib.
Görüş son aylarda bölgədə artan gərginlik, xüsusilə də iyun ayında İranın nüvə obyektlərinə edilən hərbi hücumların ardınca baş tutduğu üçün diplomatik müstəvidə mühüm dönüş nöqtəsi hesab olunur.
Danışıqların əsas məqsədi İranın nüvə proqramı ilə bağlı qarşılıqlı narahatlıqları aradan qaldırmaq və 2015-ci ildə əldə olunmuş nüvə sazişinin (JCPOA) yenidən aktivləşdirilməsidir. Eyni zamanda, Avropa ölkələri İranın nüvə fəaliyyətləri ilə bağlı konkret irəliləyiş olmadığı halda BMT Təhlükəsizlik Şurasının “snapback” sanksiya mexanizmini işə salacaqlarını istisna etmirlər.
Tehran açıq şəkildə bildirir ki, ABŞ və onun müttəfiqləri sanksiyaların ləğvi ilə bağlı konkret zəmanətlər verməyincə, danışıqların nəticə verəcəyinə inanmır. İranın əsas tələbləri ABŞ-nin sanksiyaların ləğv olunması ilə bağlı etibarlı addımlar atması, Uran zənginləşdirmə hüququnun toxunulmaz saxlanması və hərbi müdaxilə təhdidlərinin tamamilə aradan qaldırılmasıdır.
Bundan əlavə, İran rəsmiləri bildiriblər ki, əgər Avropa tərəfi “snapback” sanksiyalarını yenidən aktivləşdirərsə, “İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”ndən çıxmağı ciddi şəkildə nəzərdən keçirəcək.
Avropa İttifaqı ölkələri danışıqların davam etdirilməsini dəstəkləsə də, İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatını artırması və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə tam əməkdaşlıq etməməsi ciddi narahatlıq doğurur.
Avropalı diplomatlar hesab edirlər ki, İran uran ehtiyatlarının miqdarını və mənbəyini tam açıqlamalıdır, həmçinin, MAQATE ilə texniki əməkdaşlıq dərhal bərpa edilməlidir. Əgər real irəliləyiş olmasa, oktyabr ayında “snapback” rejimi işə düşə bilər.
Qeyd edək ki, bu sanksiyalar 2015-ci ildə əldə olunmuş razılaşma çərçivəsində dayandırılmış, lakin sazişin pozulması halında avtomatik bərpa olunacaq şəkildə formalaşdırılmışdı.
İstanbul görüşündə tərəflər arasında müəyyən texniki məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb. Lakin tərəflər arasında etimad dərin böhran içindədir və bu vəziyyətin qısa zamanda dəyişəcəyi real görünmür.
Diplomatik mənbələrə görə, avqustun sonuna qədər ciddi nəticə əldə olunmasa, E3 ölkələri BMT səviyyəsində İranın üzərinə yeni sanksiyalar tətbiq edə bilər.
İran isə sanksiya təzyiqlərinə cavab olaraq, nüvə fəaliyyətini daha da genişləndirmək və JCPOA-dan tamamilə çıxmaq imkanlarını istisna etmir. Odur ki, İstanbulda keçirilən bu danışıqlar həm regional sabitlik, həm də qlobal nüvə təhlükəsizliyi baxımından kritik mərhələdir. Tərəflər qarşılıqlı güzəştlərə getməsələr, Yaxın Şərqdə yeni bir geosiyasi böhran qaçılmaz görünə bilər.
Azərbaycan və region ölkələri üçün isə bu prosesin nəticələri enerji bazarları, təhlükəsizlik və beynəlxalq münasibətlər baxımından önəmli təsirə malik olacaq.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a şərhində bildirib ki, İstanbuldakı görüş 2015-ci ildə əldə olunan nüvə sazişindən ABŞ-nin 2018-ci ildə çıxmasından sonra pozulan danışıqların yenidən bərpası məqsədi daşıyır:
“İran uranın zənginləşdirməsini beynəlxalq normalarla icazə verilən həddən daha çox həyata keçirdiyi və nüvə silahı əldə etmənin bir addımlığında olduğu iddiası ilə ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyat həyata keçirdi. İyunda baş tutan 12 günlük hərbi əməliyyatlar İranın ciddi şəkildə iqtisadi zərər görməsi, o cümlədən nüvə təsislərinin böyük ölçüdə məhv edilməsi ilə nəticələndi. Bütün bunlar İranı təkrar danışıqlar masasına əyləşdirmək üçün idi. Lakin İran mövqeyində israr etməkdə davam edərək uranın zənginləşdirilməsindən imtina olunmayacağını, bunun İran xalqının qürur məsələsi və təbii haqqı olduğunu bəyan edir.
Avropa üçlüsünün İran rəsmiləri ilə görüşü İranı bu israrından imtinaya sövq etmək və ABŞ ilə danışıqların bərpasını təşviq etmək üçündür. Onlar həmçinin, İranı BMT və digər çərçivələrdə sanksiyalarla təhdid edərək mövqe dəyişikliyinə nail olmağa ümid bəsləyirlər. Lakin 1979-cu ildən bəri beynəlxalq sanksiyalar altında olan, son 1 ayda hərbi əməliyyatlarla da məhv edilə bilməyən bir dövləti yeni sanksiya təhdidi ilə qorxutmaq ağlabatan nəticə vəd etmir.
“Nyu-York Tayms”da görüşlə bağlı çıxan yayımda da bu sanksiyaların faydasızlığı qeyd olunur. Odur ki, Avropa rəsmiləri danışıqların bərpa olunmazsa, sanksiyalar üçün təyin olunan son tarix-1 oktyabr tarixinin uzadılması ilə bağlı bu görüş əsnasında qərar verəcəyini ehtimal etmək olar.
Bundan öncə son tarix olaraq avqust ayının sonu müəyyən olunmuşdu”.
Ş.Cəlilzadənin fikrincə, İran danışıqlara gəlməzsə, qarşıdakı dövrdə II İsrail-İran hərbi qarşıdurması belə proqnozlar arasında yer alır:
“Belə ki, Tramp hərbi əməliyyatlardan sonrakı çıxışda dedi ki, “lazım gələrsə, biz İranı təkrar vuracağıq”. Bunun, ABŞ və İsrailin Suriya ilə bağlı hədəflərinin reallaşdırılmasından sonra yeni uzunmüddətli münaqişə ocağının İran coğrafi arealına köçürülməsi planının hissəsi kimi nəzərdən keçirildiyini deyə bilərik. İranın nüvə proqramı ilə bağlı mövqeyində israrı həmçinin onu deməyə əsas verir ki, regional gərginlik yenidən yüksələ bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ