Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan”ın baş katibi və paytaxt Tiflis meri Kaxa Kaladze maraqlı bəyanat verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, xarici qüvvələrin ölkədə qarışıqlıq və çevriliş cəhdlərini davam etdirdiyini söyləyib.
Onun sözlərinə görə, “deep state” adlanan qlobal güclər Gürcüstanda iğtişaş yaratmaq üçün müxtəlif təşkilat və qruplardan istifadə edirlər. Yerli mediada yayılan məlumatlara görə, Böyük Britaniya Litvada gürcü gənc aktivistləri polisə qarşı toqquşmalara hazırlayır. Bu prosesə “Britaniya–Gürcüstan cəmiyyəti” və “Beynəlxalq Strateji Araşdırmalar İnstitutu” kimi qurumların cəlb edildiyi iddia olunur.
Kaladze bildirib: “Qlobal müharibə partiyasının təmsilçiləri Gürcüstanda qarışıqlıq və çevriliş yaratmaq niyyətindən əl çəkmirlər. Amma bu cəhdlər nəticəsiz qalacaq. Xüsusi xidmət orqanlarımız hər zaman ayıqdır və radikalizmlə, nifrətlə dolu bütün bu cəhdlər iflasa uğrayacaq.”
Qeyd edək ki Gürcüstanda ötən ilin mayında qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında qanun” rəsmi Tiflislə Avropa İttifaqı və ABŞ arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ