Onlayn ictimai-siyasi qəzet
Doğrusu, bu xəbəri sosial şəbəkələrdə oxuyanda zarafat sandım, fikirləşdim ki, bu qədər də olmaz. Paylaşımlar beləydi ki, “ASK Arena” adlanan köhnə “Şəfa” stadionunun qazonu təmir edilərkən orada bəzi şəxslərə cadu-piti edildiyinin izləri aşkarlanıb.
Sonra önümə prosport.az saytının xəbəri çıxdı. Bu xəbərdə müvafiq cadu-pitinin qurbanı olanların adı çəkilirdi: keçmiş “Keşlə”, indiki “Şamaxı” klubunun sabiq baş məşqçiləri Yunis Hüseynov və Sənan Qurbanov.
Məhz onların şəkilləri və adları yazılmış cadu süni qazonun altından tapılıb. Hoqqada “Keşlə”nin əməkdaşı Eldəniz Yusifovun da adı olub. Ehtimal budur ki, bunu həmin vaxt “Keşlə”nin uğursuzluğunu istəyən, kluba baş məşqçi gəlmək arzusunda olan azərbaycanlı məşqçilərdən biri edib.
Ta heç nə. Bu ağılda olan məşqçi “Keşlə”yə gəlib nə edəcəkdi, qələbələri caduyla qazanacaqdı? Yaxud da o cadu olmasaydı, Yunis Hüseynov və Sənan Qurbanov “Keşlə”ni Çempionlar Liqasının qrup mərhələsinə aparacaqdılar?
Hərçənd ola bilər, cadunun ümumilikdə “Keşlə”yə müəyyən təsiri olub, çünki klub keşməkeşli tale yaşadı, üstəlik, Bakıdan rayon yerinə köçəsi oldu.
İndi gərək keçmiş “Keşlə”nin cadulu stadionda oynadığı vaxtdakı statistikası ilə “Şamaxı” oluban Şamaxıdakı stadionda oynadığı oyunların statistikasını tutuşduraq. Uğur nisbəti “Şamaxı”nın xeyrinədirsə, ondan gərək caduya şəkk eləməyək. Görünür, cadunun təsir radiusu bir yerə qədərdir, pelenqatoru Şamaxını tutmur.
Elə Yunis Hüseynov və Sənan Qurbanovun cadudan sonrakı performanslarını da incələmək lazımdır. Əgər onlar son illərdə peşə baxımından heç bir uğur qazanmayıblarsa, bişəkk, bu cadunun əsəridir. Başqa nə ola bilər? Ondan qabaq Avropada fırtına qoparan məşqçilər necə oldu birdən-birə sönükdülər...
Yüz dəfə yaz, min dəfə de, xeyri yoxdur, bu ölkədə (eləcə də dünyanın çox yerində) insanlar cadunun gücünə inanır. And içərəm ki, onların arasında yerin altını və üstünü bilən (geoloqlar və meteoroloqlar) alimlər, professorlar da var. Əllərində deyil, ürəkdən inanırlar. 200 ildir heç bir elm cəhalətə qalib gələ bilmir. Belə toplumlarınkı dərviş Məstəlidir, Şeyx Nəsrullahdır, biri gələ Parisi dağıda, o biri də ölüləri dirildə.
Elmi nailiyyətlərin sayəsində Sulutəpədə oturub, San-Fransiskodakı qardaşıyıa görüntülü danışan biri söz sözü gətirəndə “elm-zad boş şeydir, hamısı masonların işidir” deyir və falçı yanına gedir ki, görsün, oğlu ali məktəbə girəcəkmi.
İl - on iki ay pirlərdə, ocaqlarda insan seli müşahidə olunur. İanə verən kim, qurban kəsib paylayan kim. Falçıların qəbullarında növbədir. Bura son instansiyadır. Hər şeydən əlacı kəsilən falçı qəbuluna gəlir. Sağolmuşlar da heç kəsi qapılarından naümid qaytarmırlar... hamısının pulunu alırlar.
Özü də ortada elə-belə məbləğlər olmur. İşin həcmindən asılı olaraq, bəzən 100 minlik haqq-hesablar olur. Oğluna nazir qızı almaq və ya qızını nazir oğluna vermək istəyənlər, təbii ki, minimum məvacib həcmində xərclə canlarını qurtara bilməzlər. Bu, bahalı işdir. Qız milyonçunun gəlini, oğlan milyonçunun kürəkəni olacaqsa, bu işi düzüb-qoşanın oğlu da minimum “Porşe” sürməli deyil?
Bəs bu “düz-qoş”lar alınmayanda necə olur? Bu variantda da hazır cavablar var: “Ulduzları barışmadı. Xeyir bunda imiş. Alınsa, qanqaraçılıq, ölüm-itim olardı”. Vəssalam. Məsələ 100 min işıq ili uzaqlıqdakı ulduza bağlandı. Məhz həmin ulduz vətəndaşın nazirlə quda olmasını istəməyib.
Heyf, əldə statistika yoxdur. Yoxsa bilərdik ki, indiyə qədər məşuqə saxlayan neçə kişi cadunun təsiri ilə evinə yığışıb. Bəzən kriminal xəbərlərdən aydın olur ki, ərinin “sol gedişlər”inə caduyla mane olmaq istəyən xanımlar 15-20 min manat pulu falçıya qapdırandan sonra ayılır, dələduzdan hüquq-mühafizə orqanlarına şikayət edirlər. Ona görə ki, kişi nəinki evə yığışıb, hətta çamadanlarını götürüb, məşuqəsinin evinə köçüb və 25 illik arvadını da boşayıb. Boşanmış arvad da indi bilmir acığını vəfasız ərdən çıxsın, ailəsini dağıtmış “lotuşka”dan, yoxsa o qədər pulu məngirlənmiş dələduzdan.
Əlbəttə, ər evə qayıtmırsa, ekstrasens xanım avtomatik fırıldaqçı cadugər olur, qayıdırsa, eyni dərdlilərlə tövsiyə edilən “xeyirxah bacı”.
Ən pisi odur ki, 578 ildən sonra da belə olacaq, yəni hicri-qəməri təqvimi ilə 2025-ci ildə (hazırda 1447-ci ildəyik, orta əsrlərdə). Nəsiminin sözü olmasın, “kamil insan dünyanın sirlərinə vaqif olacaq”, amma bu paralellərin cahil insanları kütləvi şəkildə xurafata, mövhumata inanacaqlar, şəfanı molla duasında, pirlərdə, müşkül işlərinin çarəsini falçılarda arayacaqlar. Qurtuluş yoxdur.
**
2002-ci ildə futbol üzrə dünya çempionatının 1\4 finalında qarşılaşan Türkiyə və Seneqal yığmalarının oyunu zamanı seneqallı cadugələr meydançanın qırağında dəf-dumbul çala-çala, cadu oxuya-oxuya özlərini həlak edirdilər. Oyunun əlavə edilmiş vaxtında İlhan Mansız topa nə təhər nalladısa, top girdi qapıya, ara yerdə seneqallıların cadusu cırıq-cırıq oldu.
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ