İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim 150 il yaşamasa... - Ömrün uzadılmasında yeni mərhələ

Pekində keçirilən hərbi parad zamanı diqqətdən yayınmayan maraqlı bir detal dünya mediasının müzakirə mövzusuna çevrilib. İddialara görə, Rusiya prezidenti Vladimir Putinlə Çin rəhbəri Si Cinpin arasında baş tutan qısa söhbət təsadüfən mikrofonlara düşüb. Söhbətin məzmunu isə hərbi parada aid olmayıb - iki lider “insan ömrünün 150 ilə qədər uzadılması” perspektivindən bəhs ediblər.

Putin uzunömürlülüklə maraqlandığını dilə gətirib, Si Cinpin isə cavabında müasir texnologiyaların artıq bu istiqamətdə ciddi imkanlar açdığını bildirib. Çin liderinin fikrincə, orqan transplantasiyası və biotibbin inkişafı yaxın onilliklərdə insanların 150 il yaşamasına şərait yarada bilər.

Hadisə təsadüfi bir mikrofon “sızıntısı” kimi görünə bilər. Amma diqqət yetirsək, söhbət adi elmi-fantastik fantaziyadan daha çox geosiyasi kontekstə sahibdir. Çin son illərdə biotexnologiya və süni intellektə böyük sərmayələr yatırır. Bu, yalnız səhiyyə sektoruna deyil, həm də qlobal nüfuz mübarizəsinə xidmət edir. 

ABŞ-nin “Silikon vadisi”ndə də Jeff Bezos, Sem Altman kimi milyarderlər insan ömrünü uzatmaq üçün “Altos Labs”, “Calico” və “Retro Biosciences” kimi nəhəng layihələrə milyardlarla dollar yatırırlar və  bu mövzuda Pekin də geri qalmır. Çin dövlətinin dəstəklədiyi institutlar həm yaşlanmaya qarşı müalicələr, həm də süni orqan texnologiyalarında irəliləyiş əldə etdiklərini iddia edirlər.

Müasir elmi araşdırmalara nəzər yetirsək, 150 illik ömür hələ ki nəzəri mülahizədir. Senolitik dərmanların siçanlarda uğurlu nəticələr verməsi, epigenetik reprogramlamanın hüceyrələri qismən gəncləşdirməsi, bioorqan və transplantasiya texnologiyalarının inkişafı bu istiqamətdə müəyyən ümid yaradır. Amma hələ ki bütün bunlar eksperimental mərhələdədir və ciddi risklər mövcuddur. Ekspertlərin qənaətinə görə, yaxın onilliklərdə insanlar əlavə 10-20 il sağlam ömür qazana bilərlər. 150 illik ömür isə yalnız uzaq perspektivdə və texnologiyanın çox irəlilədiyi halda mümkündür.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, orqanizmin potensialı 150, bəlkə də daha çox yaşamaq üçün imkan verir. Sadəcə, məsələ bu potensialın necə istifadə olunmasındadır: 

“Həmçinin orqanizmin hansı mühitdə yaşaması da olduqca vacibdir. Çünki sivilizasiya bu nöqtəyə gəlib çatmazdan əvvəl insanların həyatı vəhşi təbiətdə böyük risklərlə, təhlükələrlə üz-üzə qalaraq sona çatırdı. Bundan sonrakı dövrlərdə müharibələr və digər fəlakətlər insan ömrünü məhdudlaşdırdı. İndi isə müharibələrlə yanaşı, ətraf mühitin yaşayış üçün əlverişli vəziyyətə gətirilməsi məsələsi önə çıxır. Enerji mənbələrinin neqativ təsirləri, silahlanma, karbon emissiyaları və digər faktorlar insan ömrünü təbii olaraq azaldır.

Amma buna baxmayaraq, tibbin bugünkü imkanları, cəmiyyətdəki dəyişikliklər və maariflənmə prosesi ömrün müəyyən qədər uzanmasına gətirib çıxarır.

Sualın ikinci əsas tərəfi isə biotexnologiyaların istifadəsidir. Dünyada bu sahədə ciddi işlər görülür. Xüsusilə, kök hüceyrə istiqamətində aparılan araşdırmalar diqqətə layiqdir. Artıq bu sistemin normal qurulması müəyyən dərəcədə orqanların yenidən yaradılmasına imkan verir. Laboratoriyalarda aparılan eksperimentlər nəticəsində insanın öz hüceyrələrindən identik orqanların yetişdirilməsi mümkün olur. Bu, ciddi bir yenilikdir.

İkinci istiqamət süni intellektin inkişafı ilə bağlıdır. Süni intellekt milyonlarla tədqiqatın nəticəsini eyni anda emal edərək, əvvəllər illərlə vaxt aparan suallara dərhal cavab tapmağa imkan verir. Bu isə biliklərin toplanması və növbəti mərhələyə ötürülməsi prosesini sürətləndirir. İnsanın həyatı bütün bu bilikləri toplamaq üçün kifayət etmir, lakin süni intellekt onları inteqrasiya edib sürətlə yeni mərhələyə çatdırır. Dünyanın müxtəlif yerlərində aparılan eyni istiqamətli tədqiqatların birləşdirilməsi də mümkün olacaq.

Bununla yanaşı, “orqan çapı” istiqamətində aparılan işlər, Yer mühəndisliyi sahəsində görülən uğurlar və neyromodulyasiya texnologiyalarının inkişafı da xüsusi qeyd edilməlidir. Məsələn, bəzi xəstəliklərdə beyinə xüsusi implantlar yerləşdirilərək müəyyən funksiyaların bərpasına nail olunur. Dərin beyin stimulyasiyası vasitəsilə orqanların fəaliyyətinə nəzarət edən mərkəzlərə müdaxilə edilir. Hazırda bu, minimal invaziv üsullarla həyata keçirilir, lakin gələcəkdə kənardan, qeyri-invaziv stimulyasiya da mümkün ola bilər".

Yusifovun fikrincə, bütün bunların nəticəsində orqanizmə idarə olunan təsir mexanizmləri ortaya çıxır. Süni intellekt isə bu biliklərin optimal istifadəsinə şərait yaradacaq: “ Fikrimcə, yaxın 20 ildə çox ciddi inqilabi dəyişikliklərin şahidi ola biləcəyik. Bu dəyişikliklər bəşəriyyəti yeni mərhələyə çıxaracaq.

Yaxın onilliklərdə həyat tərzi də dəyişəcək. Artıq bəzi Avropa ölkələrində yeməklərin alternativ formaları gündəmə gəlir. Məsələn, həşəratlardan qida hazırlanır. Digər tərəfdən, gələcəkdə insanın cinsi sistemi də dəyişə bilər. Çünki doğumlara ehtiyac azalacaq və ehtimal ki, xüsusi lisenziyalı inkubatorlarda valideynlərin razılığı ilə seçilmiş genetik material əsasında nəsil artırılacaq. Bu isə insanın obrazını tədricən filmlərdə gördüyümüz yadplanetlilərə oxşar hala gətirə bilər.

Bütün bu fantastik görünən məsələlər əslində bizi gələcəyə hazırlayan siqnallardır. Süni intellektin həyatımıza sürətlə inteqrasiyası, ətraf mühitin idarə olunması, neyrotexnologiyaların inkişafı insanı tədricən daha intellektual bir varlığa çevirəcək. O baxımdan, gələcəkdə yeni tipli varlıqlarla yaşamaq insan üçün problem olmayacaq. Mənim üçün yeganə narahatlıq bu prosesin sürətidir, çünki dəyişikliklər həddindən artıq sürətlə baş verir.

Putinin Çin liderinə verdiyi suallar bu istiqamətdə onun ciddi narahatlıqlarının olduğunu göstərir. Bu, həm yaşamaq istəyi, həm də həyatın sonrasını görmək arzusu ilə bağlı ola bilər. Eyni zamanda müəyyən qorxular da mövcuddur. Məsələn, bir neçə il əvvəl ona robotlar təqdim edilərkən, Putin açıq şəkildə narahatlıq ifadə etmiş və “bu robotlar nə vaxtsa bizim axırımıza çıxacaqlar” kimi bir fikir səsləndirmişdi".

Mövzunun dini tərəfi də diqqətdən kənarda qala bilməz. İslamda həyat Allahın verdiyi nemət, ölüm isə qaçılmaz həqiqət kimi qəbul olunur. Quranda buyurulur: “Hər can ölümü dadacaq” (Ali-İmran, 185). Hədislərdə isə qeyd olunur ki, “hər bir dərdin şəfası var, ölüm istisna olmaqla”. Bu baxımdan xəstəliklərin müalicəsi və sağlamlığın qorunması şəriət baxımından təşviq edilir. Amma ölümsüzlük və ya təbii ömrün süni şəkildə həddən artıq uzadılması dini mütəxəssislər arasında mübahisə doğurur. 

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

 Ceyhun Məmmədov 

Milli Məclisin deputatı Ceyhun Məmmədov qəzetə açıqlamasında deyib ki, İslama görə, əsas məsələ insanın ona verilən həyatı necə yaşamasıdır: “Hədislərdə deyilir ki, sizin ən xeyriniz ömrü uzun və əməli saleh olanınızdır. Digər hədislərdə isə qeyd olunur ki, Allahdan xeyirli və faydalı ömür istəyin.

Burada əsas meyar insanın neçə il yaşaması deyil, ömrünün insanlar, cəmiyyət və özü üçün nə qədər faydalı olmasıdır. Dinimiz bizdən tələb edir ki, sağlamlığımıza diqqət edək. Çünki insana verilən ən böyük nemətlərdən biri vaxt, digəri isə sağlamlıqdır. Hədislərdə də vurğulanır ki, insanların çoxu məhz bu iki nemətdə - vaxt və sağlamlıqda - səhlənkarlığa yol verir.

Ona görə də İslam insanın sağlam olmasını və sağlamlığını qorumasını vacib sayır. Əgər bu, təbii yollarla həyata keçirilirsə, təbii ki, normal qarşılanır. Amma əgər dinin prinsiplərinə zidd metodlardan istifadə olunursa, İslam bunu qəbul etmir. Əsas məsələ ömrün nəyə sərf olunması və necə istifadə edilməsidir.

Əgər dinin icazə verdiyi çərçivədə dərmanlardan, tibbi vasitələrdən və metodlardan istifadə edilirsə, buna heç bir maneə yoxdur. Lakin başqa insanların həyatına müdaxilə edilirsə və ya dinin qaydalarına zidd addımlar atılırsa, bu, qəbul edilmir. Burada yenə də əsas məsələ halalçılıq, düzgünlük və dinin prinsiplərinin qorunmasıdır".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR