Onlayn ictimai-siyasi qəzet
Cəmiyyət arasında formalaşmış ümumi qənaətə görə, psixi pozuntular daha çox qadınlarda müşahidə olunur. Lakin bir sıra statistik araşdırmalar bu fikri şübhə altına alır və bildirir ki, əslində bu cür pozuntulara kişilər arasında daha çox rast gəlinir.
Bununla belə, bəzi mənbələr bu yanaşmanı qəbul etmir və qadınların depressiya, təşviş pozuntusu kimi problemlərlə daha çox qarşılaşdığını qeyd edir. Bəs bu mövzuda həqiqət haradadır – psixi pozuntular doğrudan da kişilərdəmi daha çox müşahidə olunur, yoxsa qadınlardamı?
“Yeni Sabah”a açıqlama verən psixiatr Azad İsazadə məsələ ilə bağlı vacib nüanslara aydınlıq gətirib:
“Əvvəlcə biz öz aramızda terminləri dəqiqləşdirməliyik ki, nəyi nəzərdə tuturuq. Psixoloji pozuntu və psixi pozuntu arasında fərq var. Psixi pozuntu el dilində desək dəlilikdir. Dəlilik çox da cins fərqi olmayaraq, dünya statistikasına əsasən 10-15 faiz insanlarda rast gəlinir.
Bu baxımdan kişi və qadınlar arasında gözəçarpan fərq yoxdur. Sadəcə ölkəmizə nəzərən götürsək, psixiatriyada kişi şöbələrinin sayı daha çoxdur. Biz nəzərə almalıyıq ki, alkoqol və narkotik vasitələrin təsiri altında kişilərdə psixi pozuntular yaranır. Həmçinin, xanımlarda psixi problemlər ortaya çıxanda kişilər bunu özləri həll edir. Ancaq xanımlar bu cəhətdən əlacsız qalırlar deyə onları xəstəxanaya yerləşdirirlər. Eyni zamanda kişilərdə psixi pozuntular zamanı bu özünü qarşı tərəfə şiddət tətbiq edərkən göstərir.
Depressiya, təşviş, həyəcan kimi problemlər psixoloji sıraya aiddir. Bu istiqamətdə isə fərq sadəcə ondadır ki, qadınlar kişilərə nisbətən psixoloqa daha rahat müraciət edə bilirlər. Kişilər bu kimi məsələlərdə əziyyət çəksələr də dözməyi seçirlər”.
A.İsazadə qeyd edib ki, Azərbaycanda, ümumilikdə isə post-sovet məkanında kişilər psixoloqa daha az müraciət edirlər:
“Ona görə də statistikada qadınlar çoxluq təşkil edir. Amma reallıqda problemlərə baxanda kişilərin daha ağır formada bunlarla rastlaşdığından əmin ola bilərik. Kişilər illərlə dözürlər, heç kimə demirlər ki, ayıbdır. Adətən belə düşünürlər: mən boyda kişi xeylağı problemi həll edə bilmirəm deyə kiməsə müraciət edirəm. Müraciət etmək fikrinə gələndə isə vəziyyət olduğundan daha ağırlaşır və həll yolları da bir o qədər azalır.
Xanımlar daha emosional olduqları üçün duyğularını tez büruzə verir və içlərində boğmurlar. Hansısa stressli vəziyyətdən sonra ağlamaq insana müsbət təsir edir və rahatlaşdırır. Ağlamaq kişilər arasında ayıb sayılır. Evdə yas düşəndə belə onlar öz gözyaşlarını nümayiş etdirmirlər”.
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ