İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə Poroşenkonun fabrikini kim yandırdı? Qalın tüstü şəhəri bürüdü - VİDEO

Bu gün günorta saatlarında Kiyevin Demiyivka rayonunda yerləşən məşhur “Roshen” şirniyyat fabrikinin ərazisində yanğın baş verib.

Musavat.com xəbər verir ki, şahidlərin çəkib paylaşdığı video və fotolarda sənaye zonası üzərini bürüyən qalın tüstü açıq-aşkar görünür.

Hadisə “Demiivska” metro stansiyasının yaxınlığında qeydə alınıb və şəhərin müxtəlif yerlərindən izlənib.

Ukraynanın Fövqəladə Hallar Xidmətinin (DSNS) bölmələri dərhal əraziyə cəlb olunub. Yanğının hansı miqyasda olduğu barədə dəqiq açıqlama verilməsə də, ilkin mərhələdə yanğınsöndürənlər alovun qarşısını almağa çalışır. İndiyədək xəsarət alan və ya zərərçəkənlərlə bağlı məlumat paylaşılmayıb. Rəsmi qurumlar səbəblə bağlı şərh vermir, istintaq araşdırmaları davam edir.

Paytaxt mediası və “Truxa Kyiv” kimi populyar teleqram kanallarının yayımladığı videolarda fabrikin üzərinə qalxan qara tüstü sütunları əks olunub. Şəhər sakinləri həm real vaxtda hadisəni izləyib, həm də sosial şəbəkələrdə paylaşaraq böyük rezonans yaradıb.

“Roshen” fabriki Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkoya məxsus holdinqin əsas istehsal meydançasıdır. Bu brend ölkənin ən iri şirniyyat istehsalçısı hesab olunur və həm daxili, həm də xarici bazarda tanınır. Kiyevdəki zavod isə şirkətin simvolik obyektlərindən biridir.

PYOT.jpg (131 KB)

Kiyevdə “Roshen” obyektlərinə qarşı daha əvvəl də hücumlar qeydə alınıb. 2015-ci ilin mayında paytaxtdakı “Roshen” mağazalarından birinin qarşısında partlayış baş vermişdi. 2019-cu ilin martında isə iki gün ardıcıl olaraq mağazalara od vurmaq cəhdləri olub, nəticədə fasadların izolyasiya qatları yanıb, lakin qısa müddətdə söndürülüb. Bu hadisələr fonunda fabrikin yanğını ilə bağlı ehtimallar səslənsə də, rəsmi təsdiq yoxdur.

Yanğının təsadüf etdiyi gün Kiyevdə havanın keyfiyyətinin zəiflədiyi barədə xəbərdarlıq da yayılıb. Rəsmi mənbələr sakinlərə pəncərələri bağlı saxlamağı tövsiyə edib. Bunun fabrikin yanğını ilə əlaqəli olub-olmadığı hələ ki, dəqiqləşdirilməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR