Onlayn ictimai-siyasi qəzet
Kolumbiya Universiteti, yəhudi tələbələrin müdafiəsi sahəsində yetərsiz tədbirlər gördüyünə görə irəli sürülən ittihamlar fonunda, ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyası ilə əldə edilən razılaşma çərçivəsində 200 milyon dollar cərimə ödəməyi qəbul edib.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu razılaşma qarşılığında hökumət, əvvəlcə dondurulmuş 400 milyon dollarlıq federal qrantların böyük hissəsini universitetə qaytarmağa razılaşıb. Universitetin bəyanatında qeyd olunur ki, bu razılaşma ilə universitet “mövcud və gələcək milyardlarla dollarlıq qrantlara” yenidən çıxış əldə edəcək.
Eyni zamanda Kolumbiya Universiteti razılaşma çərçivəsində, tələbə qəbulu zamanı irqi mənsubiyyətə əsaslanmağı qadağan edən qanunlara riayət etməyə və kampusda antisemitizmin və iğtişaşların qarşısını almağa yönəlmiş bir sıra öhdəlikləri yerinə yetirməyə razılaşıb.
Universitet rəhbərliyi öz bəyanatında ona qarşı irəli sürülən hüquq pozuntularını rəsmən tanımadığını bildirir, lakin yəhudi mənşəli tələbə və müəllimlərin “ağrılı və qəbuledilməz insidentlərlə qarşılaşdığını” etiraf edir və bu səbəbdən islahatların “lazımlı və hələ də vacib olduğunu” vurğulayır. Universitetin müvəqqəti prezidenti Klair Şipman bu razılaşmanı “federal nəzarətin və institusional qeyri-müəyyənliyin hökm sürdüyü bir dövrdən sonra önəmli bir addım” adlandırıb.
200 milyon dollarlıq cərimə ödənişi üç il ərzində həyata keçiriləcək. Bundan əlavə, universitet ABŞ Bərabər Məşğulluq İmkanları Komissiyasının araşdırmalarını tənzimləmək məqsədilə 21 milyon dollar əlavə ödəniş etməyi də qəbul edib. Razılaşmanın icrasına hər iki tərəfin razılaşdığı müstəqil müşahidəçi nəzarət edəcək və bu şəxs hökumətə hər altı aydan bir hesabat təqdim edəcək.
Qeyd edək ki, Donald Tramp 2025-ci ilin yanvarında prezident vəzifəsinə başladıqdan bir ay sonra, Kolumbiya Universitetini antisemitizm ittihamları səbəbilə 400 milyon dollarlıq federal maliyyələşmədən məhrum etmişdi. Bu qərardan sonra universitet bir sıra sərt tədbirlər tətbiq etmişdi. Bu tədbirlər arasında Qəzza müharibəsinə etiraz olaraq kampusda çadırlar quran tələbələrə qarşı intizam tədbirləri, nümayişlər zamanı maska taxmağın qadağan olunması, tələbə təşkilatlarına nəzarətin gücləndirilməsi və kampusdakı polis heyətinin artırılması yer alırdı.
Musavat.com
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ