Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Azərbaycan arasında son 10 gündə bulanan sular durulmağa başlayıb. Artıq Rusiya tərəfindən Azərbaycana tərəf addımlar atılmaqdadır. Son olaraq, Moskvadan Bakıya doğru göndərilən nümayəndə heyəti bunu deməyə əsas verir.
Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Kreml ikinci problemi yaşamaq istəmir: “Rusiya artıq geri çəkilmək haqqında qərar qəbul etməyə meyillidir. Amma bunu "imperiya ənənələrinə uyğun formada" gerçəkləşdirmək istəyir. Yəni, Kreml öz "ağayanalığını" qorumaqla Bakı ilə danışıqlar masasına oturmaq niyyətindədir. Hələlik, bu barədə rəsmi Bakı açıqlama verməyə tələsmir. Azərbaycan tərəfi də öz ənənəsinə sadiq qalaraq təmkinini qoruyur. Təyyarə qəzasına, soydaşlarımıza qarşı silsilə zorakılıqlara görə üzr istəməyən Moskva ilə danışıqlar masasına oturmağa tələsmədiyini nümayiş etdirir.
Dialoqa isə yenə də Moskva daha həvəsli görünür. Çünki Ukrayna prosesləri fonunda Rusiyaya ikinci böyük problem lazım deyil. Üstəlik, Azərbaycanı itirmək, Rusiyanın Güney Qafqazdan tamamilə əl-ayağının çəkilməsi ilə nəticələnə bilər. Rusiyanın aparıcı beyin mərkəzləri də bunu çox yaxşı anlayır. Ona görə də qapalı qapılar arxasında məsələni çözmək istəyirlər. Hətta həbs olunan şəxslərin qarşılıqlı mübadiləsindən söhbət açırlar.
Rusiya tərəfi bu tezisi ortaya atmaqla əslində vəziyyətin "soyuq münaqişə" səviyyəsinə çatdığına işarə edir. Baş verən hadisələrin kökündə şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizinin açılması məsələsi dayanır. Kreml İrəvanla Bakı arasında istiləşmə və normal münasibətlər istəmir. Zəngəzur dəhlizinin açılmasına isə "təhlükəsizliyini öz üzərinə götürməklə" razılıq verir. Bu isə nə Bakının, nə də İrəvanın maraqlarına uyğundur. Moskva anlayır ki, İrəvandan fərqli olaraq Bakı asan loxma deyil. Azərbaycanın Türkiyə, İsrail, Pakistan, Özbəkistan kimi strateji müttəfiqləri və tərəfdaşları var. Bir sözlə, Kreml Bakı qarşısında geri çəkilir və Azərbaycanın qlobal təsir imkanları ilə bu və ya digər formada hesablaşır”.
Cavanşir ABBASLI
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ