Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Kremlin ritorikasında nisbi yumşalma cəhdləri müşahidə olunur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlaması da bunu təsdiqləyir.
Musavat.com xəbər verir ki, Zaxarova Bakıda saxlanılan rusiyalıların azad edilməsinin ikitərəfli münasibətlərin normallaşmasına mühüm töhfə verəcəyini bildirib:
“Bakı tərəfindən saxlanılan rusiyalıların azad olunması, şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətlərinin normallaşması üçün mühüm jest olardı,” -deyə XİN sözçüsü vurğulayıb. Zaxarova eyni zamanda bildirib ki, Moskva vəziyyəti diqqətlə izləyir və Azərbaycan tərəfi ilə dialoqu davam etdirir.
Onun bu sözləri Rusiya diplomatiyasının Azərbaycanla münasibətləri normallaşdırmağa yönəlik bir siqnalı kimi qiymətləndirilə bilər. Amma bu, eyni zamanda rəsmi Bakıya yönəlmiş dolayı təzyiq mesajı da – Moskva açıq şəkildə bildirir ki, münasibətlərin gələcək taleyi Azərbaycanın atacağı addımlardan asılı olacaq.
Zaxarovanın əvvəlki sərt və bəzən kinayəli açıqlamaları ilə müqayisədə bu bəyanat daha konstruktiv və neytral tonda səslənir. Bu, son dövrdə Rusiya diplomatiyasının Cənubi Qafqazda dəyişən siyasətinə uyğun görünür. Rusiya artıq Ermənistanla münasibətlərdə sarsıntı yaşadığı bir vaxtda Azərbaycanla tamamilə körpüləri yandırmaq istəmir. Moskva görünür, Azərbaycanla müəyyən səviyyədə dialoqu saxlamaq niyyətindədir, xüsusilə də Zəngəzur dəhlizi, regionda nəqliyyat və iqtisadi layihələr baxımından.
Eyni zamanda, Kremlin Ukrayna müharibəsi fonunda beynəlxalq təcriddə olduğu, Qərbin sanksiyaları ilə qarşı-qarşıya qaldığı bir vaxtda Azərbaycan kimi enerji, logistik və strateji tərəfdaşını itirməsi rəsmi Moskvanın maraqlarına uyğun deyil.
Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya hakimiyyəti Azərbaycana qarşı ilkin hücuma keçdi və istədiyi nəticəyə nail olmadı: “İndi Rusiya həm öz mövqeyindən geri çəkilmək istəmir, eyni zamanda Azərbaycanla münasibətləri də nizama salmağa cəhd edir. Çünki Azərbaycanla münasibətləri pisləşsə, çox şey itirəcək.
Vəziyyət gərgin fonda qaldıqca Rusiyada Azərbaycana qarşı ağlasığmaz müxtəlif ittihamlar səsləndirirlər. Hətta Azərbaycan alimlərinin üzərinə hücuma keçiblər. Azərbaycan tarixini təftiş etməyə cəhd göstərirlər, tariximizə ironiya ilə yanaşırlar. Rusiyada belə “xidmətlərlə” hər kəs özünü Kremldəkilərə göstərir. Azərbaycan isə bu hücumlara adekvat cavab verir və göstərir ki, 200 il ərzində Rusiya işğalçılığı olmasaydı, Azərbaycan nələrə nail olardı. Belə hal iki ölkə arasında vəziyyəti kəskinləşdirir. Ola bilsin ki, Rusiya rəhbərliyi görür ki, Azərbaycan geri çəkilmir və buna görə də onunla münasibətləri korlamaq olmaz. M. Zaxarova və digər rəsmi şəxslər belə açıqlamalarla Putinin fikirlərini çatdırırlar.
Xankəndidə keçirilən III Qlobal Media Forumunda Prezident İlham Əliyev ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablayarkən “Heç vaxt işğalla barışmayın, heç bir halda təslim olmayın!” dedi. Bu, Rusiyanın işğalçı olduğunu açıq şəkildə ifadə etmək idi.
Bildiyiniz kimi, rəsmi Kreml Ukrayna ilə bağlı başqa ölkələrin münasibətinə həssas yanaşır. Belə olan halda deməli, Rusiya Azərbaycanla münasibətə o qədər maraqlıdır ki, İlham Əliyevin onu işğalçı adlandırmasının üzərindən də keçməyə hazırdır”.
Siyasətçi bildirib ki, Rusiyanın Azərbaycandan konkret gözləntiləri var:
“Ölkəmizdə həbs olunan Rusiya vətəndaşları ilə bağlı ortaya mövqe qoyurlar. Çünki həbs olunan rusiyalılar onlar üçün maraqlı şəxslərdir. Azərbaycanın xüsusi xidmət orqanları həmin şəxslərin rus casusları ilə bağlılıqlarını aşkarlayıb. Ona görə də Rusiya tərəfi bu adamların həbsdə saxlanılmasını istəmirlər. Bütün bunlara baxmayaraq, Biz Rusiyanın deyil, Rusiya Azərbaycanın şərtlərini nəzərə almalıdır. Rusiya təyyarə qəzası ilə bağlı açıq şəkildə ortaya mövqe qoymalıdır. Digər məsələlərlə bağlı ölkəmizin mövqeyi nəzərə alınmalıdır.
Hələlik münasibətlərin normallaşması istiqamətində çox kiçik əlamətlər görsənir. Ola bilər ki, onlar artıq mesajlarını göndəriblər və bir müddət sonra Azərbaycanın dediyi məsələlər öz həllini tapsın. Ondan sonra təbii ki, Azərbaycan da qonşu ölkə ilə münasibətlərin normallaşmasında maraqlı olacaq.
İndiki halda isə bizim tələbləri hələ nəzərə almayıblar, özlərinin tələblərini ortaya qoyublar. Münasibətlər o vaxt normallaşacaq ki, Azərbaycanın da şərtləri nəzərə alınsın”.
Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bundan öncə Moskvanın Bakının Ukrayna məsələsində tutduğu mövqeyi yaxşı bildiyini deyərək, bu məsələdə iki ölkə arasında ciddi fikir ayrılığı olduğunu açıq şəkildə bəyan edib.
“Rusiyaya Azərbaycan rəhbərliyinin Ukrayna məsələsinə dair mövqeyi məlumdur. Bu məsələdə fikirlərimiz üst-üstə düşmür”, – deyə Peskov bildirib.
Bununla belə, Kremlin sözçüsü vurğulayıb ki, Ukrayna ilə bağlı bu fikir ayrılığı iki ölkə arasında münasibətlərin istiləşməsinə əngəl olmamalıdır. O, ümid etdiklərini bildirib ki, Azərbaycanla soyuqluq mərhələsi arxada qalacaq və dialoq davam etdiriləcək.
Şahanə Rəhimli
Musavat.com
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ