Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan liderlərinin ötən həftə Əbu-Dabidəki görüşü diqqətlərdən kənarda qalmadı, onu tək Bakıda və İrəvanda izləmədilər, böyük təşkilatların və dövlətlərin də adından qiymətləndirmələr səsləndi, hətta Vaşinqtondan soraq gəldi ki, Ağ Ev də tərəflərin tezliklə sülh sazişi imzalayacağına ümidlidir.
Hamınısa daha çox bir sual düşündürürdü: görəsən, Moskva nə deyəcək?
Görüşdən dərhal sonra Rusiya prezidentinin sözçüsü Peskov dedi ki, guya ölkəsi Bakı ilə İrəvan arasındakı ikitərəfli danışıqları alqışlayır və hətta (səhv etmirəmsə) tərəfləri tezliklə sülh sazişi imzalamağa səsləyir.
Nə demək olar? Moskvanın Bakı və İrəvana yönəlik təzyiqlərinin bitdiyini söyləmək olarmı? Axı bəzi gümanlara görə təzyiqlər həm də Bakı, Ankara və İrəvanın yaxınlaşması ilə əlaqədardır, üstəlik, Kreml Zəngəzur dəhlizinin də onun nəzarətindən kənarda, Moskvanın iştirakı olmadan açıla bilməsindən narahatdır.
Bizə elə gəlir Kremlin çabaları davam edəcək, çünki nə Bakı, nə də İrəvanla münasibətlərin normallaşmasına hələ ki hər hansı işarə yoxdur.
İrəvanda proseslər davam edir. Paşinyan moskvayönümlü qüvvələri zərərsizləşdirməklə, erməni kilsəsini neytrallaşdırmaqla məşğuldur və həm də özünün yeni konstitusiya ilə, Ermənistanın yeni regional siyasəti ilə bağlı, Türkiyə və Azərbaycanla yaxınlaşmanın İrəvan üçün çox zəruri olması haqdakı bəyanatlarını səsləndirməkdədir.
Elə Əbu-Dabi görüşünü də bu xüsusdakı daha bir ciddi və praktiki addım hesab etmək olar - görüş zamanı hər hansı sənəd imzalanmasa da tərəflərin indiki məqamda bir araya gəlməsi təkcə erməni dini və kriminal-siyasi müxalifətinə yox, elə Moskvaya da ciddi ismarış oldu.
Əlbəttə, bizi daha çox Bakı ilə Moskva arasındakı münasibətlər maraqlandırır və hətta narahat edir, çünki Kremlin Azərbaycana qarşı son təzyiqlərilə bağlı hansısa mülayimləşdirmə cəhdləri hələ ki müşahidə olunmur.
Ötən həftə Vladimir Putinin Bakıda olan elçisi ən yüksək səviyyədə, Azərbaycan Prezidenti tərəfindən haqlı olaraq qəbul edilmədi, çünki indi cavabı Moskva yox, Bakı gözləyir.
Kreml çözülməmiş qalan təyyarə qəzası, eləcə də son günlərdə azərbaycanlılara qarşı baş verən qeyri-insani hərəkətlərlə bağlı hələ də Bakını qane edə biləcək izahat verməyibdir, hərçənd burada formal izahdan daha çox Moskvanın üzr istəməsi və əsas da təqsirkarları cəzalandırması lazımdır: hər şey göz önündədir və Moskvanın özünün bu hərəkətlərinə hər hansı formada haqq qazandırmaq üçün kiçiçik belə əsasları yoxdur.
Amma Moskva tələsmir. Bəlkə də ona görə ki, o münasibətləri normallaşdırmağa yox, əksinə, onları daha da gərgin vəziyyətdə saxlamağa cəhd edir, çünki bunlar keçmiş sovet məkanı ilə bağlı özlərinin “yaxın plan”larını qətiyyən gizlətmirlər. Müqayisə bir az uğursuz olsa da, deyilənə görə, vəhşi heyvanlar ov məkanlarını xüsusi qaydada işarələyirlər. İndi bunlar da belə edir, ilk fürsətdəcə keçmiş sovet məkanının onlara məxsus olduğunu gözə soxmağa çalışırlar.
Son Suriya hadisələrindən sonra dedik ki, Kreml bizə qarşı nəsə edəcək və Ankaraya işarə edəcək ki, Dəməşqin onun nəzarətinə buraxılmasının hansısa formada əvəzi olmalıdır və tezliklə məşhur təyyarə olayı baş verdi. Bəlkə bu hadisələrin bir-biri ilə tam əlaqəsi yoxdur, amma Kreml əhlinin təfəkkür tərzi bizə tanışdır: bunlar sözün əsl mənasında dünyaya böyük bazar kimi baxır, hərçənd hətta bazarın da qanun-qaydaları olur.
Qərbin ziddiyyətli siyasəti də bunların qolunu açır. Xüsusən də Nobel sevdası ilə yaşayan qoca Trampın bəzi hallarda sərsəm siyasəti bunlarda təsəvvür yaradır ki, məqsədlərinə çatmaqda hansısa ciddi müqavimətlə qarşılaşmayacaqlar.
Belə olacaqmı? Birmənalı demək olmur. “Qızdırmalı” Tramp dövrü uzağı dörd il çəkəcək. Həm də son günlərdə Tramp Rusiyaya və Putinə qarşı sərt danışmağa başlayıb.
Əvvəl Kiyevə silah verməyəcəyini dedi, daha sonra bildirdi ki, yox, Ukraynanı silahlandırmaqda davam edəcək, üstəgəl, V.Putini “insanları öldürməkdən həzz almaq”da ittiham etdi. Bu sətirləri yazandasa deyildi ki, Tramp yaxın günlərdə Moskvaya qarşı sərt bəyanatla çıxış edəcəkdir.
Mən vaxtilə sovet lideri Leonid Brejnevin hakimiyyətinin son illərini görmüşəm. Onu “ovundurmaq üçün” yaxasına gündə bir medal taxırdılar.
Demirəm Donald Tramp çarəsiz qocadır, yox, ilk baxışda buna bənzəmir. Amma ondan qoca və hətta huşsuz hesab edilən Co Bayden bir çox məsələlərdə özünü daha təmkinli və tox aparırdı, ən azı Nobel eşqi ilə yanıb - tökülmürdü.
Prinsipcə, Trampın köməkçiləri ona başa sala bilərdi ki, əvvəlcə iş görmək lazımdır və bu, dəyərli iş olarsa, Nobel də özü-özünə gələcəkdir.
Həm də Ronald Reyqan Nobel almamışdı, amma bu adam soyuq müharibədə qalib olmuş və kommunist dünyasını çökdürmüşdü. İndi nə olsun? Durub deyək ki, Obamanın dünya siyasətində xidmətləri Reyqanınkından çox olubdur? Axı hamı bilir ki, Obamaya mükafat daha çox ilk qaradərili prezident kimi verilmişdi...
Bizə elə gəlir ki, Trampın bu adama qarşı elə antipatiyası (birinci hakimiyyəti dövründə xüsusi şövqlə onun qərarlarını ləğv edirdi) var ki, heç cür özünə sığışdıra bilmir: necə olur mulat Obama Nobel alır, amma ona bu mükafatı vermirlər?..
Halbuki nəinki bəzi ədəbiyyat - sənət adamları (Tolstoy, Sartr və b.), hətta siyasətçilər özlərini belə mükafatlardan, necə deyərlər, yuxarıda tutublar: məsələn, hətta Mixail Qorbaçov belə vaxtilə, səhv etmirəmsə, mükafatın təqdimat mərasiminə getməmişdi...
Odur ki, nə qədər çalışsaq da özümüzü dünyanın bu cür əcaib reallıqlarından tamam kənarda təsəvvür edə bilmərik. Elə bu səbəbdən də “Kremldən daha nə gözləmək olar?” kimi sualların cavabı həm də bu reallıqlardan asılıdır. Dünyanı çox təəəsüf ki, öz hisslərini tam cilovlaya bilməyən adamlar idarə edir. Biri hansısa mükafatın eşqi ilə alışıb yanır, digəri isə hələ də öz uşaqlıq komplekslərindən (lap Freydsayağı) qurtula bilmir, az qala, yatanda da, duranda da “SSRİ” deyir...
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ