Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində “Russia Today” kanalına müsahibə verib. Medinski müsahibəsində Rusiyanın Ukraynanın işğal etdiyi ərazilərinin nə vaxtsa Qarabağ kimi azad olunacağından qorxduğunu bildirib.
“Əgər cəbhə xətti boyu münaqişə dayandırılarsa və əsl sülh əldə olunmazsa, sadəcə olaraq hansısa atəşkəs bağlanılarsa, bu, - bilirsiniz, Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə, Qarabağ kimi - bu zaman bu bölgə nəhəng Qarabağa çevriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Medinskinin açıqlamasına etiraz edib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib: “Rusiya Prezidentinin köməkçisi Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir.
Bəs Kremlin Azərbaycana qarşı qəzəbinin pərdəarxasında nələr dayanır?
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib:
"Vladimir Medinskinin Ukraynadakı müharibəni keçmiş Qarabağ münaqişəsi ilə müqayisə etməsinin pərdəarxası məqamları olduğunu düşünür. Ekspert həmin məsələləri bir neçə göstərici ilə təhlil edib. O deyib ki, Kremldən verilən açıqlama birinci növbədə geopolitik texniki detal kimi şərh edilə bilər. Yəni Medinskinin söylədikləri Ukraynada apardığı hərbi kampaniyaya görə Rusiyanın geosiyasi kövrəkliyə düşməsini izah edir.
“Rusiya buna görə də, özünün güc olmaq iddiasının zəifləmədiyini, xarici və müdafiə siyasətini postsovet məkanı üzərində tənzimlədiyini göstərən informasiya əməliyyatlarına ehtiyac duyur. Bununla belə, Rusiyanın hekayələri Azərbaycanın suverenlik, müstəqillik, təhlükəsizlik sahələrinə müdaxilə edə bilmək imkanlarından uzaqdır. Rusiyanın Azərbaycanın Qarabağ münaqişəsini bitirməklə yaratdığı reallıqları dəyişdirmək potensialı və müqavimət ruhu yoxdur. Bundan başqa, ümumiyyətlə Rusiya xarici siyasətinin Cənubi Qafqaz oxu üzrə dinamikası çoxdan dəyişikliyə məruz qalıb ki, bu da Kremli Azərbaycanla əməkdaşlıq sahələrini genişləndirməyə sövq edir”.
Aqşin Kərimov Azərbaycanla Rusiya arasında Ermənistan amili ilə əlaqədar fikir ayrılıqları olduğunu da vurğulayıb:
“İkinci bir tərəfdən, Medinskinin bəyanatı hazırda Azərbaycanla Rusiya arasında Ermənistanla bağlı yaranmış fikir ayrılıqlarına mümkün işarələrdir.
Ehtimalla Rusiya, Ermənistanın təhlükəsizliyi, erməni kilsəsi ilə Nikol Paşinyan arasındakı qarşıdurma xətlərinə nəzarətdə Azərbaycanla Türkiyənin üstün mövqelərə çıxmasından narahatdır, -Azərbaycanla Ermənistanın sülh gündəliyinə Moskva mərkəzli tezislər əlavə etməyə çalışır".
Aqşin Kərimov, üçüncü məqam kimi, kəşfiyyat sahəsindəki detallara diqqət çəkib. O bildirib ki, mayın axırlarında dünyanın kəşfiyyat orqanlarının şefləri Rusiya Təhlükəsizlik Forumuna toplaşdı.
“Yəqin ki, Medinskinin açıqlaması həm qapalı görüşlərdə məxfi qrifli məlumatların paylaşılmasına, onun Moskva tərəfindən təhlilinə və prosesdə Azərbaycanı hansısa oyuna cəlb etmək cəhdlərinə əsaslanır. Bunun ən dərinlikdəki məqamları barədə dəqiq fikir yürütmək çətindir. Ancaq bir neçə məsələ araşdırma predmeti ola bilər:
-Azərbaycanın NATO ilə əlaqələri müsbət meyarlar üzrə inkişaf etdirməsi, bunun Xəzər dənizinin təhlükəsizliyindəki rolu və əhəmiyyəti,
-Rusiyanın Azərbaycandan Ukrayna əleyhinə yardım tələb etməsinə Bakının isti yanaşmaması. Açıqlamanın İstanbul danışıqlarından sonra verilməsi də məncə təsadüfi sayıla bilməz,
-Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərdəki dinamikalar və bunun Rusiyanın maraqları ilə uyğunsuzluğu,
-İranın nüvə proqramı ilə əlaqədar Rusiya ilə ABŞ-nin eyni mövqeni bölüşməsi və Azərbaycanın regional təhlükəsizlikdən dolayı məsələyə həssas yanaşmaları,
-Azərbaycanın Rusiyada sığınacaq almış separatçılara qarşı keçirdiyi kəşfiyyat əməliyyatları Kremldəki qüvvələri Bakıya qarşı fəallaşdırır”,-deyə Aqşin Kərimov vurğulayıb.
Xalidə Gəray
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ