İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçında tarixi bəyanat: Bakı-Ankara-İslamabad müttəfiqliyi hegemonlara qarşı cəbhə açır

"Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçında verdiyi bəyanatlar bir məsələni ortaya qoyur: Liderlər regional, qlobal problemlərə dair yalnız öz qənaətlərini bölüşmür, eyni zamanda üçtərəfli yürüdüləcək qətiyyətli siyasəti elan edirlər. Bu, dünya nizamında zərərli təsirlər yaradan hökmranlıqlara qarşı tutarlı və prinsipial mövqelərin üçtərəfli formatdakı elanıdır".

Musavat.com xəbər verir ki, bu barədə politoloq Aqşin Kərimov bildirib.

AQSİN.jpeg (208 KB)

Politoloq qeyd edib ki, Azərbaycan-Türkiyə-Pakistan ittifaqının yüksəlməsi regiondakı süni geosiyasi axarları dəyişmək, qlobal idarəetmə institutlarının hegemonluğunu neytrallaşdırmaq üçün müdafiə strategiyasını vurğulayır:

"Yəni Bakı-Ankara-İslamabad üçbucağı təkcə bir bölgənin – Cənubi Qafqazın – deyil, ümumilikdə Avrasiya geosiyasətində əsas rolları qeyd edən bir platformaya çevrilir.

Mesajların Laçından verilməsinin isə ayrıca bir əhəmiyyəti var və bu, simvolik bir təzahürlə bərabər, gələcək mümkün təhdidlərdə Azərbaycan-Türkiyə-Pakistanın hərbi səylərini qeyd etməyə imkan verir. Yəni Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Şərqi Zəngəzur bölgəsinə hər hansı təhdid mənbəyi yaranarsa, Bakı-Ankara-İslamabad müttəfiqliyinin hərbi komponentləri döyüş əməliyyatlarında öz performasını göstərəcək.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçına ölkəsinin hava qüvvələrinin təyyarəsi ilə gəlməsi də bu mənada çox şeyi deyir.

Regiondakı əməkdaşlıq modellərində iştirak etmək istəyən güclər Azərbaycan-Türkiyə-Pakistan strateji kitabından səhifələr götürmək məcburiyyətindədir. Üstəlik hər üç ölkənin yeni qlobal nizamyaradan mərkəzə çevrilən Çinlə yüksələn əlaqələri görünməmiş dərəcədə sürətli və dərin dəyişikliklər fonunda çeviklik və preventiv tədbirləri gücləndirən mexanizm yaradır. Göründüyü kimi, Bakı-Türkiyə-İslamabad əməkdaşlığı regionda ambisiyaları məhdudlaşdıran və qlobal geosiyasi rəqabəti balanslaşdıran əhəmiyyətə malikdir.

Gələcəkdə bu platformaya maraq göstərən digər dövlətlərə açıq yanaşma da görünə bilər.

Bu, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının təkcə üç ölkə arasında deyil, daha geniş regional və beynəlxalq inteqrasiya üçün zəmin ola biləcəyini göstərir.

Ehtimal ki, Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi Avrasiya geosiyasətini formalaşdıran Böyük Britaniya və Çinin diqqət mərkəzinə düşərək yeni-yeni əməkdaşlıqlar üçün formulları stimullaşdıracaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

30 May 2025

BÜTÜN XƏBƏRLƏR