İnsanlara hürriyət, millətlərə istiqlal!

Lap az qaldı... - Bakı və Ankaradan kritik bəyanatlar

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması labüddür

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb”. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo İnternational” jurnalına verdiyi müsahibədə deyib.

E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk Qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb.

“Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək. Əldə olunacaq barışıqla bir-birinin ardınca yeni və tarixi fürsət pəncərələrinin açılmasının şahidi olacağıq. Münaqişələr və müharibələr səbəbindən boş qalan bölgənin potensialının aktivləşməsi ilə qalib modelin daha bir nadir nümunəsi ortaya çıxacaq”.

Bunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.

Bu bəyanatlar elə vaxta təsadüf edir ki, Bakı-Ankara-İrəvan arasında koordinasiyalı iş aparıldığı barədə iddialar səslənir. Xüsusən də iyun ayında Paşinyanın İstanbula səfəri kontekstində bu proqnozlar irəli sürülür. Əmirbəyovun və Ərdoğanın da çıxışlarından görünür ki, sülh müqaviləsinin imzalanması istiqamətində bir dinamika var, müəyyən latent iş gedir.

Bu arada ABŞ dövlət katibi Marko Robio Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi bağlanacağına ümid etdikləri bəyanatını səsləndirib. Maraqlıdır ki, Rubio İrəvanla Bakı arasında sülh sazişinin əldə olunması ehtimalını Tramp administrasiyasının altı aydan az müddətdə əldə etdiyi nailiyyətlərdən biri adlandırıb.

“Sizin rəhbərliyinizlə biz Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və başa çatdırdıq. Tarixdə ilk dəfə olaraq, NATO-nun payı 5%-ə çatıb ki, bu da ən yüksək göstəricidir. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi. Dünyada yeganə ölkə olan bizim həyata keçirə biləcəyimiz Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə... Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi tezliklə bağlanacaq. Suriya və Livan üzündən bütün Yaxın Şərq və onun infrastrukturu dəyişə bilər. Üstəlik, altı ay belə keçməyib”, - o, Donald Trampa müraciət edərək deyib.

Göründüyü kimi, ən ciddi instansiyalardan ard-arda slüh sazişi ilə bağlı ümidverici bəyanatlar verilməkdədir.

Bəs Rusiyasız belə bir tarixi sənədin imzalanması gerçəkləşə bilərmi? Bakı-İrəvan barışığı nə dərəcədə real görünür?

ELMAN NƏSİROV.jpg (144 KB)

Elman Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması labüddür: “Çünki bunun əksi Ermənistanın düşdüyü bataqlıqdan çıxmasına imkan verməyəcək. Ermənistanın nicatı sülhdən keçir, Azərbaycanla iqtisadi, nəqliyyat, kommunikasiya əlaqələrinin bərpasından keçir. Azərbaycan artıq öz tarixi missiyasını həyata keçirib. Ərazi bütövlüyünü və suverenliyini tam və qəti təmin eləyib. Deməli, sülh bizdən daha çox Ermənistana lazımdır. Eyni məntiqlə də Ermənistan dövləti 17 bəndlik sülh müqaviləsinin ayrı-ayrı bəndlərinə razılaşmasa da, son nəticə ondan ibarətdir ki, artıq bütün bəndlər üzrə razılaşma var, sülh layihəsindəki bəndlər üzrə fikir ayrılığı yoxdur. Ancaq unutmayaq ki, Azərbaycan dövlətinin sülh müqaviləsi ilə bağlı əlavə şərtləri də var. Şərtlərdən biri onunla bağlıdır ki, Ermənistan Minsk Qrupunun varlığına son qoyulması istiqamətində Azərbaycanın təşəbbüsünə qoşulmalıdır. Yəni artıq ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur. ATƏT-in Minsk Qrupu de-fakto mövcud deyil, de-yure də onun mövcudluğuna son qoyulmalıdır. Minsk Qrupu münaqişəni həll etmək üçün yaranmışdı, artıq münaqişə yoxdur. Onda Minsk Qrupunu süni şəkildə qoruyub saxlamaq nəyə lazımdır? İkincisi isə odur ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını özünün konstitusiyasının preambula hissəsində saxlayır. Bu iddia oradan çıxarılmalıdır. Biz Ermənistanla sülh müqaviləsini imzalayırıq, lakin Ermənistan öz əsas qanununda Azərbaycana qarşı ərazi iddiasını saxlayırsa, o zaman necə sülh olar? Buna görə də Azərbaycanın mövqeyi budur ki, Ermənistan əvvəlcə ərazi iddialarından imtina etsin və bunu referendum vasitəsilə xalqın siyasi iradəsini ortaya qoymaqla reallaşdırsın. Belə olarsa yeni şərait yaranır və belə vəziyyətdə sülh müqaviləsinin imzalanmasının tarixini və yerini dəqiqləşdirmək çətin məsələ deyil”.

Deputat qeyd etdi ki, hazırda sülh müqaviləsi prosesində bir dinamika var. Proses vasitəçilərsiz aparılır və tərəflər vasitəçilərsiz prosesi aparmaq mövqeyindədirlər: “Cənab Rəcəb Tayyib Ərdoğanın da son bəyanatında qeyd olunur ki, sülh müqaviləsinin imzalanması ilə regionda yeni bir şərait formalaşacaq, imzalanan sülh müqaviləsi regionun ab-havasını dəyişəcək. Həqiqətən belədir. Ancaq Ermənistanda sülh müqaviləsinin imzalanmasının xeyli əleyhdarları mövcuddur. Onlar revanşistlərdir və heç bir halda sülh müqaviləsini istəmirlər. Belə olan vəziyyətdə sülh müqaviləsinin imzalanması prosesində Rusiyanın kənardan müşahidəçi statusunda qalacağı məsələsi də sual doğurur. Çünki Rusiya postsovet məkanını, o cümlədən Cənubi Qafqazı özü maraq zonası kimi elan eləyib və bu ərazidə baş verən prosesləri kənardan izləmək niyyətində olmadığını ortaya qoyub, dəfələrlə bunu edib. Hətta 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndində Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya sərhəd xidməti qoşunlarının nəzarət etməsi əksini tapıb. Rusiya bu məsələdə israrlıdır. Ermənistan isə bunun əleyhinədir. Ermənistan istəyir ki, Rusiyanın hərbi qüvvələri bu missiyanı həyata keçirməsin. Bu məsələlər hələ də açıq qalır”.

E.Nəsirovun sözlərinə görə, hər halda, onu da nəzərdən qaçırmayaq ki, deyəsən, ABŞ-la Rusiya arasındakı gərginlik yeni mərhələyə keçmək üzrədir: “ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin haqqında kəskin ifadələr işlətməyə başlayıb və Rusiya üçün ciddi sürpriz hazırladığını qeyd edib. Yəqin ki, bu sürpriz ilk növbədə Rusiyaya qarşı sanksiyaların effektivliyinin artırılmasını, Ukraynanın daha güclü silahlarla təmin edilməsini nəzərdə tutur. Belə olanda müharibə daha da uzanacaq və şimal qonşumuzun başı daha çox o proseslərə qatılmalı olacaq. Yəni belə situasiyalar yarana bilər. Azərbaycan və Ermənistan diplomatiyası istənilən şəraitə adekvat reaksiya qabiliyyətinə malik olmalıdır, şəraitdən maksimum istifadə olunmalıdır. Hesab edirəm ki, indiki halda Azərbaycanın və Ermənistanın əsas hədəfi odur ki, sülh müqaviləsi imzalansın, buna mane olan bütün şərtlər aradan qaldırılsın”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR