Onlayn ictimai-siyasi qəzet
“ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən konfransında müxtəlif ikitərəfli görüşlər də keçirilib. Bunlardan bir-biri ilə gərgin münasibətlərdə olan dövlətlərin xarici işlər nazirlərinin görüşlərini qeyd etmək olar. ABŞ dövlət katibi Marko Rubio Kuala-Lumpurda həm rusiyalı, həm də çinli həmkarıyla ayrı-ayrılıqda görüşüb”.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Rubionun bu görüşləri uğursuz olub:
“Marko Rubionun rusiyalı həmkarı Sergey Lavrovla görüşdə əsas müzakirə mövzusu Ukraynaya qarşı müharibə olub. Rubio görüşdən sonra bildirib ki, Moskva müharibənin bitirilməsi üçün “yeni yanaşma” təklif edib. Ancaq bu “yeni yanaşmanın” nədən ibarət olduğu açıqlanmayıb.
Moskva “yeni yanaşma”dan danışarkən, Ukrayna şəhərlərini bombalamaqda davam edir. Rubio ilə Lavrov arasında görüşün nəticəsiz qalması müzakirənin cəmi 50 dəqiqə çəkməsinə dəlalət edir. O ki qaldı Moskvanın “yeni yanaşmasına”, Rubio Kremlin təklifini prezident Donald Trampın diqqətinə çatdıracağını vurğulayıb. Tramp onsuz da rusiyalı həmkarı Vladimir Putinin mövqeyidən narazıdır. Ağ Ev sahibi Putinlə son telefon söhbətindən məyus qaldığını gizlətməyib.
Marko Rubio Kuala-Lumpurda çinli həmkarı Van Yi ilə də görüşüb. Bu, Rubionun yanvar ayında vəzifəyə başlamasından sonra çinli həmkarıyla keçirdiyi ilk təkbətək görüşdür.
Müşahidəçilər bu görüşdən də ciddi nəticə əldə edilmədiyini bildiriblər. İki ölkə arasında ticarət müharibəsi davam edir. Bundan başqa, Vaşinqton Pekinin Tayvanla bağlı planlarından narahatdır”.
Elxan Şahinoğlu bildirib ki, Lavrovla Van Yi arasında da görüş keçirilib və bu görüş digər görüşlərdən fərqli olaraq müsbət atmosferdə baş tutub:
“Pekin və Moskva strateji tərəfdaşlığı davam etdirirlər. Pekin Vaşinqton və Brüsselin istəyinin əksinə olaraq Rusiya ilə strateji tərəfdaşlığı dərinləşdirir və Ukrayna müharibəsinə görə Kremlin mövqeyinə təsir etməsini istəmir.
Əksinə, Van Yi Brüsselə son səfəri zamanı açıq deyib ki, Rusiya-Ukrayna müharibəsi ABŞ-ın başını qatır, müharibə dayansa, Vaşinqtonun Çinə təzyiqi indikindən artıq olacaq”.
Xalidə Gəray
Musavat.com
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ